AZ

Azərbaycan Silahlı Qüvvələri qürur mənbəyimizdir

Azərbaycan Respublikasında ordu quruculuğunun tərəqqisi 1993 - cü il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı dövrə təsadüf edir.

Hakimiyyətə yenidən qayıtdıqdan sonra Ulu öndər yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək , vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər etdi , qəhrəman döyüşçülərimizlə görüşərək onları döyüşə ruhlandırırdı. Beləliklə, ümumilli liderimizin rəhbərliyi dövründə  ölkədə milli hərbi kadr hazırlığı, hərb sənətinin  güclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi məsələləri hər zaman diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə rəvac verildi, Azərbaycanda gənclərin hərbi xidmətə hazırlanmasına yeni tələblər irəli sürüldü. Sovet dövründə Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini milli zabit kadrlarının hazırlanması təşkil edirdi ki, onun da zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi  məktəbin açılması olmuşdur.

Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məsələsini dövlət siyasətinin başlıca vəzifəsi kimi diqqət mərkəzində saxlamışdı. Cənab İlham Əliyev diplomatik , hüquqi , siyasi yollarla yanaşı , lazım gələrsə hərbi yolla ərazi bütövlüyümüzün bərpasını təmin etmək üçün bu sahələrin hər birinə ayrı-ayrılıqda çox böyük əhəmiyyət vermiş və görülən işlərə xüsusi nəzarət etmişdir.

Qələbə qazanmağın əsas şərtlərindən biri ölkənin möhkəm , sarsılmaz , yeni texnologiyalarla tam təmin olunmuş , zamanın tələbləriylə ayaqlaşan güclü orduya sahib olması olduğundan , ölkəmizin rəhbərliyi ordu quruculuğu işinə xüsusi diqqətlə yanaşdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda  Hərbi Sənaye Kompleksi yaradıldı.

Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci ilin iyun ayının 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirilmişdi.         

Qüdrətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etmişdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq , Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq , Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı və Zəfərə gedən yolun əsasını qoydu.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla sona çatdı , qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını cəsarətlə alan rəşadətli Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil , dünya hərb elminin tarixində də yeni səhifə açdı. Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını almaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı , düşmənə sarsıdıcı zərbə vuraraq , 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə sona çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən  silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Sonradan bu silahlar yeni yaradılmış Hərbi Qənimətlər Parkında eksponat olaraq yerləşdirildi və xalqa nümayiş etdirildi.

Bu zəfərlərin qazanılmasında heç şübhəsiz ki, ordu quruculuğunda görülən əsaslı işlərin, aparılan islahatların, yeni kadrların hazırlanmasında çəkilən zəhmətin böyük rolu olmuşdur.

Hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi - psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrin sosial-məişət durumunun artırılması, ordumuzun ən müasir silah və texnika ilə təchiz edilməsi nəticəsində  Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Bütün bunların məntiqi nəticəsi olaraq 2021-ci ildə nüfuzlu  “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alır. Azərbaycan ordusu beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri quraraq Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Pakistan, ABŞ, Böyük Britaniya, İsrail və s. ölkələrlə əməkdaşlıq edir.

2023 – cü il aprel ayının 23 – də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə , Laçın – Xankəndi yolunun başlanğıcında , beynəlxalq hüquq normalarına müvafiq surətdə sərhəd – buraxılış məntəqəsi qurulmuşdur. Yeni yaradılan sərhəd – buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutmuş və bu ərazidə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilmişdir.

2023 – cü ilin 19 – 20 sentyabr tarixlərində Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş , terrorçu dəstələr təslim olmağa məcbur edilmişdir. Beləliklə , Ağdərə , Xoçavənd , Xocalı və Xankəndidən separatçıların qovulması ilə ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. Sentyabrın 20 – də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı xalqa müraciət etmişdir.

2024 – cü ilin 19 aprel tarixində  Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanmışdır. Əldə olunmuş bu razılaşma əsasında Qazax rayonunun 30 ildir işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana geri qaytarılmışdır. Delimitasiya nəticəsində 12, 7 kilometr uzunluğunda sərhəd xətti müəyyənləşdirilərək Qazax rayonunun 4 kəndinin ərazilərinin Azərbaycana qaytarılması təmin edilmişdir.

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geosiyasi və geostrateji üstünlüklərdən faydalı şəkildə istifadə edərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasını müzakirə edirlər. 

Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi üçün işləri davam etdirir , dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli , üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Ziyafət Əsgərov,

Milli Məclisin Müdafiə , təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin sədr

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr