AZ

Azərbaycan xalqı öz ordusu ilə FƏXR EDİR – Silahlı Qüvvələrimiz dünyaya səs salıb

1994-cü ilin may ayının 12-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəsə dair protokol imzalandı. O zaman bəzi siyasi marianetkalar bunun əleyhinə çıxdı. Ermənistanla müharibənin davam etməsini söylədi. Amma bu siyasi boşboğazlar bir həqiqəti unudurdu ki, müharibə etməyə Azərbaycanın nə hərbi, nə iqtisadi, nə də ki, siyasi gücü yoxdur. AXC-Musavat iqtidarı dövründə Azərbaycanın bütün iqtisadi əsasları sarsıdılmış, ordu bir dəstə başıpozuğun sərəncamına verilmiş, ən əsası isə qlobal güclərlə və qonşu dövlətlərlə siyasi münasibətlər ən gərgin səviyyəyə çatdırılmışdı. Naşı xarici siyasət hesabına Azərbaycan bütün dövlətlərin qınaq, bir çox hallarda isə düşmən obyektinə çevrilmişdi. Ona görə də həm Qərb, həm Rusiya və hətta İran da Ermənistanı dəstəkləyir, ona arxa dururdu. Bu qədər gücə arxalanmış bir dövlətlə uğurlu döyüş əməliyyatı aparmaqsa mümkünsüz idi. Ona görə də o zaman Ümummilli lider Heydər Əliyev ilkin olaraq atəşkəsə nail olmağı qarşıya hədəf qoydu. Bundan sonra isə qonşu ölkələrlə və qlobal güclərlə sarsılmış münasibətləri kərpic-kərpic tikməyə başladı. Bunun məqsədlə də iqtisadi əlaqələrin güclənməsi üçün 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı.

Məhz bu müqavilənin imzalanması Azərbaycana istinad yeri verdi.

Bu müqavilədə iştirakçı və payçı olan şirkətlər vasitəsi ilə ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və digər ölkələrlə münasibətlər tədricən quruldu. Və yavaş-yavaş aparıcı dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə başladı. Qısası 1992-1993-cü ildə aparıcı dövlətlərlə pozulan münasibətlərin bərpası üçün ən azı 20 il vaxt getdi.

Təbii ki, həmin 20 ildə Azərbaycan dövləti boş dayanmadı. İqtisadi və hərbi gücünü artırdı. Ümumilikdə, Azərbaycan ordusunun son 30 illik təkamül yolunu 3 mərhələyə bölmək olar.

Birinci mərhələ

Bu müstəqilliyin ilk illərini əhatə edir. Nəzərə alaq ki, SSRİ dağılandan sonra yenicə müstəqillik qazanan Azərbaycan ordusu yox idi. Baxmayaraq ki, o zaman Ermənistanla müharibə şəraitində yaşayırdıq. 1991-ci ildə ermənilərə qarşı vahid ordu deyil, könüllü dəstələrlə vuruşurdu. Bu dəstələrin nəinki, peşəkarlığı, heç normal təchizatı da yox idi. Ona görə də rus qoşunlarının biləvasitə yardımı ilə ermənilər 2 il ərzində 20 faiz ərazilərimizi işğal etdi. Bu ordumuzun təkamül yolunda keçdiyi birinci mərhələ idi.

İkinci mərhələ

İkinci mərhələdən danışarkən qardaş Türkiyənin əvəzsiz rolunu xüsusilə qeyd etmək lazımdır. Çünki, çoxu hərbi sahədə Türkiyə-Azərbaycan əməkdaşlığının tarixini dəqiq bilmir.

Xatırladaq ki, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Ümummilli lider Heydər Əliyevin təşşəbbüsü ilə Türkiyə ilə bir sənəd imzalandı. Bu Türkiyə silahlı qüvvələrinin hərbi yardımı və Koordinasiya Mərkəzinin yaradılması müqaviləsi idi. Məhz bu müqavilədən sonra Azərbaycan Ordusu bütün sahələrdə Türkiyə Ordusu, daha dəqiq desək NATO standartlarına uyğun şəkildə qurulmağa başladı. Bu da ordumuzun təkamül dövrünün ikinci mərhələsi idi.

Üçüncü mərhələ

Bu mərhələ birbaşa Ali Baş Komandan İlham Əliyevin adıyla bağlıdır. Məhz Azərbaycan Prezidentinin bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Heydər Əliyev cənablarının yürütdüyü siyasəti yeni müstəvidə və daha təkmil formada davam etdirdi. Ali Baş Komandan İlham Əliyev Azərbaycanda XXl əsr ordusu qurdu. Bu ordu ən azından 4-cü sənayenin ən son nailiyyətlərindən bəhrələnərək qurulmuşdu.

İlk sınaq, ilk qələbə

2016-cı ilin aprel döyüşlərində təkcə Ermənistan yox, bütün qlobal güclər və region dövlətləri artıq yeni və müasir Azərbaycan ordusunu gördü. Və ona görə də aprel döyüşləri cəmi bir neçə gün çəkdi. Qlobal güclər, xüsusən də Rusiya Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını durdurmaq üçün bütün imkanlardan istifadə etdi. Təbii ki, Azərbaycanın Ali Baş Komandanı reallığı çox gözəl bilirdi. Ona görə də həmiz vaxt növbəti dəfə atəşkəsə razılaşdıq. Çünki beynəlxalq aləmdə hələ heç də bütün aparıcı dövlətlər Azərbaycanın haqq işini müdafiə etmirdi. Məhz bu tarixdən başlayaraq mübarizə diplomatik müstəviyə keçdi. Və 4 il müddətində İlham Əliyev xarici siyasətdə balans yarada bildi. Ona görə də 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatına ən layiqli şəkildə cavab verildi.

Bu müharibədən hələ çox danışılacaq

Cəmi 44 gündə işğal altında olan torpaqlarımız azad edildi, Ermənistanın hərbi kapitulyasina nail olundu. Dünyanın aparıcı nəşrləri və hərbi ekspertləri 44 günlük müharibəni gah “ulduz müharibəsi”, gah da “PUA-ların döyüşü” adlandırdı. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan Ordusu çox qısa zamanda 5-ci nəsil döyüş avadanlıqları hesabına Ermənistanın hərbi sənaye kompleksini məhv etdi.

Bu qələbə təkcə Azərbaycan Ordusunun şücaətinin təntənəsi deyildi, həm də xalqımızın döyüş ruhunun təcəssümü idi. Təsadüfi deyil ki, bu yaxınlarda vətənləri uğrunda döyüşməyə hazır olan xalqların adları açıqlanıb. Bu barədə sorğular üzrə dünyanın aparıcı təşkilatı olan Gallup İnstitutunun əməkdaşları məlumat yayıblar. Məlumatda deyilir ki, 64 ölkənin sakinləri arasında ən döyüşkən xalqı müəyyən etmək üçün sorğu keçirilib.

Keçirilən sorğuda Azərbaycan birinci yerdə qərarlaşıb. Azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Maraqlıdır ki, sorğuda Ermənistan axırdan 4-cü yeri tutur. Ermənilərin yalnız 18 faizi vətən üçün döyüşmək istəyir. Siyahıda sonuncu yeri Niderland tutur.

Hələ bu harasıdır…

44 günlük Vətən müharibəsindən bizi 4 ilə yaxın vaxt ayırsa da, Azərbaycan Ordusunun şanlı zəfəri dünya dövlətləri tərəfindən hələ də öyrənilir, təqdir edilir. Təsadüfi deyil ki, məşhur “Forbes” jurnalı bu yaxınlarda Azərbaycan Ordusunun seçdiyi döyüş taktikasını geniş şəkildə təşviq və təhlil edib.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:

“Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları da Azərbaycan Ordusunun istifadə etdiyi kimi faydalanır. Rusiya ordusu qədim tanklardan Azərbaycanın istifadə etdiyi kimi- artilleriya kimi istifadə edə bildi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa əvəzedicidir. Azərbaycan təcrübəsi Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər yaratdı”.

Amma Rusiyanın əldə etdiyi uğur əmsalı Azərbaycanın qazancı ilə müqayisədə çox-çox azdır. Ümumiyyətlə, 44 günlük müharibənin uğurlarından danışarkən “Forbes”in qeyd etmədiyi bəzi məqamları da unutmamalıyıq. Bunların da ən başlıcası Pilotsuz Döyüş Aparatlarından geniş şəkildə və mahircəsinə istifadə edilməsidir. Dünyanın hərbi ekspertləri təsadüfi deyil ki, 44 günlük müharibəni bəzən “ulduz müharibəsi” adlandırırlar. Bu da PUA-lardan Azərbaycan tərəfinin unikal şəkildə istifadə etməsidir. Həmçinin xüsusi təyinatlılarımızın döyüş yolu istənilən ölkə üçün öyrəniləsi materialdır. Bir sözlə, lokal şəraitdə qələbəni təmin etməyin ən uğurlu variantı Azərbaycan ordusunun nailiyyətləridir.

Bir müddət əvvəl Amerika Strateji Araşdırmalar İnstitutu “Heritage Foundation” Milli Müdafiə Mərkəzinə rəhbəri, general-leytenant Tomas Sper  “Breaking Defence” nəşrinə müsahibəsində bildirib ki, Qarabağ müharibəsində Azərbaycanın seçdiyi taktika döyüş texnologiyasının ən son nailiyyəti idi:

“Azərbaycanın pilotsuz döyüş təyyarələri Ermənistanın onlarla zirehli platformasın məhv etdi. Həddən artıq dəqiqlik, eyni zamanda ölümcül zərbələr düşməni pərən-pərən saldı. Ermənistanla Azərbaycan arasındakı son müharibə gələcək böyük münaqişələrin necə görünə biləcəyi  fürsətini yaratdı”

General onu da söyləyib ki, Qarabağ müharibəsi hər bir dövləti düşünməyə vadar edir:

“Artıq döyüş meydanında əsas sözü kəmiyyət yox, keyfiyyət deyir. Bu gün təcrübəyə və yenilikllərə nə qədər çox vaxt ayırsaq, biz bir o qədər üstünlük və pul qazana bilərik. Uğur hər zaman yenilikçilərlə olur”

44 günlük müharibədən sonra “Nezavisimaya qazeta” nəşri yazırdı ki, Rusiya Federasiyasının hərbi rəhbərliyi Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatları iştirakçılarının təcrübəsini diqqətlə öyrənir və yaxın gələcəkdə qeydə alınan yenilikləri istehsalatda tətbiq etmək barədə düşünür:

“Azərbaycan Ordusunun Qarabağda hava hücumunda tətbiq etdiyi yeniliklər Rusiya Müdafiə Nazirliyinin Konstruktor-Təcrübə Mərkəzi tərəfindən öyrənilib. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Federasiyası Müdafiə naziri Sergey Şoyqu Konstruktor-Təcrübə Mərkəzinin təklifləri əsasında ən müasir səviyyəli avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılacağına dair açıqlama verib: “Bu sistem qabiliyyət baxımından xarici analoqlardan geri qalmayacaq və bir sıra xüsusiyyətlərinə görə hətta onları üstələyəcək. Sistemin istifadəsi qoşunların idarəetməsini yaxşılaşdıracaq və döyüş effektivliyini artıracaq”.

Qəzet daha sonra yazır ki, “Rusiya Federasiyası Müdafiə Nazirliyindəki mənbələr “Sozvezdie-2015″ konstruktor mərkəzindəki son canlanmanın səbəbinin Qarabağdakı hərbi əməliyyatların araşdırılması ilə əlaqəli olduğunu bildirib. Çünki Türkiyə və İsrail istehsalı olan PUA-larla Azərbaycan Ordusu nəinki ermənilərin zirehli texnikalarını və hərbi birləşmələrini döyüş meydanında məhv etdi, eyni zamanda gələcək müharibələr haqqında hər kəsdə dolğun təsəvvür yaratdı”.

Almaniyanın popular “Şpigel” nəşri qeyd edirdi ki, 44 günlük müharibədən sonra Almaniya və bir çox Avropa dövlətləri öz ordusunun yenidən modifikasiya etmək barədə düşünməyə başlayıb:

“Artıq ağır tonnajlı ağır hərbi texnikalar dövrü arxada qalıb. PUA-lar müharibə səhnəsində hər şeyə qadirdi”.

Göründüyü ki, 44 günlük müharibədən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq dünya hələ də Azərbaycan Ordusunun şücaətindən, Azərbaycan xalqının qələbəsindən danışır.

Sizcə bundan böyük qürur və fərəh ola bilərmi?! Əlbəttə ki, XEYR!

Ona görə də Yaşasın Azərbaycan, Yaşasın Azərbaycanın şanlı ordusu!

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
konkret.az

1Mənbələr