AZ

“6 aydan bir komanda dəyişmək istəmirəm, əsas çətinliyim...” - Vüsal Zamiqdən də danışdı

Xaricdə legioner həyatı yaşayan futbolçularımızın siyahısına Zamiq Əliyev də qatıldı. 23 yaşlı oyunçu Albaniyanın “Eqnatiya” klubunda forma geyəcək.

Təbii ki, bu ad bizlərə yad deyil. Ötən il bu ərəfələrdə “Sumqayıt”dan Vüsal İsgəndərli də həmin komandaya transfer olunmuşdu. Lakin Vüsal qışa qədər orada oynadı, daha sonra “Eqnatiya”nı Türkiyə “Boluspor”una dəyişdi.

Həm Zamiqin Albaniyaya yollanması, həm də Türkiyə karyerası barədə fikirlərini öyrənmək üçün Vüsalla əlaqə saxladıq. O, əvvəlcə həmyerlimizin transferi barədə danışdı:

“Zamiq Əliyevin “Eqnatiya”ya gedişində birbaşa mənim rolum olmayıb. Azərbaycandan bir çox futbolçu təklif etmişəm. Albaniyadan ayrılandan sonra ordakı klub rəsmilərindən Azərbaycandan futbolçu təklif etməyim üçün mənə yazırdılar. Mən də yerli oyunçulardan bir neçəsini təklif etdim. Amma Zamiqi deməmişdim. Sadəcə, “Eqnatiya” sonradan Zamiq barəsində məndən soruşanda mən də müsbət fikrimi dedim. Əlbəttə, istərdim ki, azərbaycanlı futbolçu ölkə xaricində oynasın. Özüylə danışdım. Dedi ki, hər şey yaxşıdı. Mən də əlimdən nə dəstək gələrsə, mütləq edəcəm. Yəni Albaniya çempionatında oynamaq mənə görə çox yaxşı şansdı. Oranın marketinqi çox güclüdü. Uğurlu olarsa, daha yaxşı yerlərə transfer oluna bilər”.

Vüsal “Boluspor”la bağlı isə bunları söylədi:

“Türkiyə karyeram davam edir. Azərbaycan klublarından təkliflər almışam. İstər ölkədən, istərsə də xaricdən dəvətlər var. Sadəcə, mən Türkiyəyə 6 aydı gəlmişəm. 6 aydan bir komanda dəyişmək istəmirəm. Əsas çətinliyim uyğunlaşma dövründə idi. İnşallah, yeni mövsümdən daha yaxşı olacaq. Buna inanıram”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
football-plus.az

1Mənbələr