AZ

“Dövlət-Xalq-Ordu vəhdəti: Yeganə çıxış yolumuz budur!”

26 iyun – Silahlı Qüvvələr Günüdür.

 

Bu münasibətlə Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, Azərbaycan Ordusunun bütün regionda sülhün və təhlükəsizliyin təmininə böyük töhfələr verdiyini bildirib:

 

“Hər bir ölkənin ərazi bütövlüyün qorunmasında, təhlükəsizliyinin təmin olunmasında Silahlı Qüvvələr son dərəcə əhəmiyyətli rola malikdir. Belə bir deyim var; öz ordusuna sahib çıxmayan dövlət, xalq, yad ordularını bəsləməyə məhkumdur.

 

Bu baxımdan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın 50 ən güclü ordularının siyahısına daxil olmuşdur. 200 ildən bəri işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi, müharibə zamanı və ondan sonra zərgər dəqiqliyi ilə həyata keçirilən döyüş əməliyyatları, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Maksimum qısa zaman kəsiyində minimal itkilərlə, belə bir nəticə isə, ən böyük ordulara belə, nadir hallarda qismət olur. Ələlxüsus, son dərəcə mürəkkəb geosiyasi proseslər fonunda, Ermənistanın böyük güclər tərəfindən dəstəkləndiyi halda, Azərbaycan əsgərinin davranışları, hər kəs üçün örnəkdir. Təsəvvür edin, ən müasir texnologiyanın, ağır texnikanın iştirak etdiyi, iri miqyaslı müharibədə bir nəfər də olsun mülki şəxs həlak olmur.

Ermənistanın arxasında duran böyük güclərin, lobbi təşkilatlarının əlinə ittiham üçün arqument verilmir. Əksinə, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizin raket atəşinə tutulmasına göz yumulur. Məhz, bunun nəticəsidir ki, dünya erməniliyinin böhtanlarına, yalanlarına rəğmən, beynəlxalq birlik Azərbaycan Silahlı Qüvvələrinin ədalətli davranışlarını, beynəlxalq konvensiyalara riayət etdiyini qeyd etmək məcburiyyətində qalır.

 

Bütün bunlarla yanaşı, qeyd etmək yerinə düşər ki, əldə olunan qələbələr, tam arxayınlaşmaq üçün əsas vermir. Dünyada və regionda mürəkkəb, ziddiyətli proseslər gedir. Planetin təbii resursları tükənmək üzrədir. Müşahidələr göstərir ki, 3-cü dünya müharibəsi riskləri artmaqdadır. Cənubi Qafqaz regionu, geosiyasi güclərin maraqlarının toqquşduğu məkandır. Ona görə də, tarixən burada mövcud olmuş və regiona daxil olmaq istəyən yeni qüvvələr arasında, nəqliyat-kommunikasiyaya, logistikaya nəzarət etmək uğrunda amansız mübarizə gedir. Bölgədə dayanıqlı sülhün əldə olunması, həmin qüvvələrin maraqları ilə uzlaşmır. Xüsusilə, Fransa kimi neokolonilalist siyasəti aparan dövlətin destruktiv davranışları, yeni təhlükələrdən xəbər verir.

 

Biz dövlət, xalq olaraq bütün bu kataklizmlərə, yeni çağırışlara hazır olmalıyıq. Yeganə çıxış yolu, milli birliyiin olmasında, Dövlət-Xalq-Ordu vəhdətindədir. Vətən müharibəsində olduğu kimi. Bir həqiqəti anlamalıyıq ki, iqtisadi, hərbi cəhətdən inkişaf etmiş, beynəlxalq münasibətlər sistemində öz dəsti-xətti ilə müstəqil siyasət aparan, güclü Azərbaycan dövlətini arzulamayan kifayət qədər qüvvələr var. Gələcək nəsillərin rahat, təhlükəsizlik şəraitdə yaşaya biləcəyi, fəxr edəcəyi dövləti qoruyub saxlamalıyıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordu quruculuğu istiqamətində gördüyü işlər, Silahlı Qüvvələrin ən müasir silahlarla, döyüş texnikası ilə təchizatı, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, onların mənzil-məişət, sosial problemlərinin həlli yalnız və yalnız bir məqsədə xidmət edir. Silahlı Qüvvələr, konstitusion borcunu, qarşısında duran müqəddəs vəzifəsini yerinə yetirməlidir.

 

Yeri gəlmişkən, 26 iyun Silahlı Qüvvələr günü münasibətilə, xalqımızı təbrik edirəm”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
moderator.az

2Mənbələr