AZ

Naxçıvanda çalınan “Qərbi Azərbaycana qayıdış” zəngi

Qərbi Azərbaycan, tarixən, Naxçıvanla çiyin-çiyinə, kürək-kürəyə yaşayıb, düşmənlərə qarşı birgə dirəniş göstərib. Düşmən dairələr bu qədim türk yurdunda qondarma Ermənistan dövləti yaratsa da, bu mahallarda xalqımızın mövcudluğu XX əsrin sonlarınadək davam etmişdi.

Xəyanətkar erməni toplumunun xalqımıza qarşı 1988-ci ildə başlamış və bir qərinə davam etmiş hərbi-siyasi təcavüzü ilk mərhələdə Qərbi Azərbaycanda min illərdən bəri məskun olan soydaşlarımızın sonuncu nəslinin də kütləvi surətdə soyqırımı və deportasiyaya məruz qalması ilə sonuclandı. O zaman doğma ölkəmizə üz tutan Qərbi azərbaycanlıların qonşu nəslinin başıbəlalı köçlərinə, ilk olaraq, özü də işğal hədəfində olan qonşuluqdakı Naxçıvan qucaq açdı. 

Ermənistanın separatçı-işğalçı düşmənçiliyini kəskin etirazla qarşılamış və buna görə də əzəli vətənlərindən vəhşiliklə qovulmaqla, işgəncələrə məruz qalmaqla cəzalandırılıb muxtar respublikada məskunlaşmış qaçqınlar tezliklə burada özlərinə isti yuva qurdular. O vaxtdan  Qərbi Azərbaycanlılar həm Naxçıvanın qorunub saxlanmasında, həm də xalqımızla birlikdə Qarabağ müharibəsində xalqımızla eyni cəbhədə dəyanət və qeyrət göstərdilər. Bu örnək, nəhayət, 2020-ci ilin Zəfər yürüşündə Ermənistanın işğalına son qoymaqda önəmli rol oynayan milli birliyin ən yaxşı timsallarından biri kimi tarixə yazıldı.

Keçən ilin sonunda Azərbaycan Prezidenti, qalib Komandan İlham Əliyevin xeyir-duası və himayəsi ilə mütəşəkkil hərəkat kimi start götürmüş Qərbi Azərbaycana qayıdış konsepsiyasının gerçəkləşməsinə önəmli dəstək hərəkatında isə iki ildir ki, Naxçıvan təşəbbüskarlığı və əməli addımları ilə seçilir. Keçən ilin bu vaxtlarında muxtar respublikada keçirilmiş “Qərbi Azərbaycana qayıdış” ümumölkə festival-konqresi öz dəyəri və önəmi ilə ənənəviləşərək bugünlərdə Naxçıvanda daha geniş və məzmunlu formada təkrarlandı. 

Xəbər verdiyimiz kimi, iyunun 21-də Zəngəzur və Dərələyəz ellərinin beşaddımlığındakı Batabat yaylağında qurulmuş 11 Qərbi Azərbaycan çadırının ətrafında yerə-göyə səs salan təntənə aşırımın o biri üzündəki məğlub xəyanətkarların qulaqlarında soydaşlarımızın doğma yurdlarına qayıdışının rəmzi zəngi kimi səsləndi. Ətraf yüksəkliklərə qalanan Ulu Dədə Qorqud zamanlarına məxsus 3 gur xəbərdarlıq tonqalı festival-konqresə start verməklə, hərəkatın uğurlu sabahına işıq salmaqla  növbəti haqq mübarizəmizə hamıda möhkəm inam yaratdı.  Bütün günü davam edən çal-çağır düşmənçilikdən əl çəkməyənlərə “Dəmir yumruq” xatırlatması oldu. 

Qədim oğuzların yaylaq toy-düyünlərini xatırladan bu möhtəşəm törənin səhərisi Naxçıvan Dövlət Universitetində təşkil edilmiş elmi sessiyaların, ölkənin tanınmış siyyasət, elm, təhsil, mədəniyyət xadimlərinin Ordubad rayonunda məskunlaşmış qaçqınlarla görüşü, sonda festival-konqres iştirakçılarının Zəngəzur dəhlizinə doğru rəmzi yürüşünün sorağı və güclü əks-sədası da o saatlarda bütün dünyaya yayıldı. Builki festival-konqres Qərbi Azərbaycana qayıdış hərəkatında xalqımızın haqlı mövqeyini və qətiyyətini bir daha beynəlxalq aləmə nümayiş etdirdi. 

Yüksək təbiət səhnəsi olan Batabat yalağında qurulmuş 11 Qərbi Azərbaycan mahalı çadırının (İrəvan, Sərdarabad, Vedibasar, Dərələyəz, Göyçə, Zəngəzur, Kərbibasar, Qırxbulaq, Zəngibasar, Dilican, Şörəyel) əks etdirdiyi milli-mənəvi dəyərlər və panel müzakirələrində təqdim edilən yeni tədqiqatlar, iştirakçıların bitib-tükənməyə ön duyğu-düşüncələri barədə silsilə yazıları XQ-nin Qərbi Azərbaycan səhifələrində oxuculara çatdıracağıq. Bu mənada, festival-konqres ötən il olduğu kimi, bu dəfə də qəzetimiz üçün xeyli yeni mövzu verdi.

Tahir AYDINOĞLU, 
Səbuhi HƏSƏNOV 
XQ

Naxçıvan

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xalqqazeti.az

1Mənbələr