AZ

Aqrar sığorta kəndi itkilərdən qoruyur

Kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Qabaqcıl dünya təcrübəsinə əsasən, sığorta mexanizmləri aqrar sektorda risklərin idarə edilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm vasitə hesab olunur. Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov ötən həftə Bakıda keçirilmiş Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı səsləndirib. 

Hazırda Azərbaycanda fermerlərə 48 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatının təklif edildiyini diqqətə çatdıran nazir bildirib ki, yaxın illərdə ölkəmizdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Təklif edilən aqrar sığorta xidmətlərinin fermerlərin 96 faizi üçün əlçatan olduğunu diqqətə çatdıran Məcnun Məmmədov ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25 faizinin artıq sığorta təminatı altına alındığını bildirib. “Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir.” – deyə o əlavə edib. 

Nazir Məcnun Məmmədov Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı kənd təsərrüfatının birbaşa təbiətlə bağlı sahə olduğunu vurğulayaraq bu mənada planetimizdə müşahidə olunan qlobal iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirinin artmasını bildirib. Qeyd olunub ki, qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı erroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Onun sözlərinə görə, Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. Bu baxımdan ölkədə iqlimə uyğun “ağıllı” əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.

Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinin dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlandığını bildirən nazir bu baxımdan Türkiyə Respublikasının dəstəyini yüksək qiymətləndirib. Qeyd olunub ki, qardaş ölkənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılan bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Bununla yanaşı, nazir Özbəkistanla da aqrar sığorta sahəsində yaxından əməkdaşlıq edildiyini diqqətə çatdırıb. 

Məcnun Məmmədov, həmçinin deyib ki, ölkəmizdə dövlət və özəl sektor əməkdaşlığı ilə qurulan bu sistem işlək və uğurlu olmaqla yanaşı, sığorta bazarını gücləndirir. Onun sözlərinə görə, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. 

Ölkəmizin aqrar sığorta ilə bağlı hədəflərinin geniş olduğunu vurğulayan nazirin sözlərinə görə, yaxın gələcəkdə bu mexanizmin əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. 

Yeri gəlmişkən, cari ilin may–iyun aylarında ölkəmizin əksər rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunub. Bu da kənd təsərrüfatının bitkiçilik sahəsinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı günlərdə yağan aramsız leysan yağışları və dolu, eləcə də güclü külək, qasırğa və fırtına nəticəsində əkin sahələrinə ciddi ziyan dəyib. Bu səbəbdən də son günlər Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır.

Fonddan verilən məlumata görə, təkcə son bir həftə ərzində – iyunun 15-dən 21-dək müddətdə əkin sahələrinə dəymiş zərərlərlə bağlı fermerlər tərəfdən 120-dən çox müraciət daxil olub. Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonları əhatə edib. Zərərlərin dəyməsi ilə bağlı müraciətlər isə, əsasən, dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir. 

Təbiət hadisələri və zərərlər fondun sığorta etdiyi əksər bitki növləri üzrə – buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və digər bitkilərə zərər vurub. Ümumilikdə, bu ilin ilk 6 ayı ərzində əkin sahələrinə dəyən zərərlərlə bağlı Aqrar Sığorta Fonduna 1200-ə yaxın müraciət daxil olub ki, bunların da 800-ü son 2 ayın payına düşüb. 

Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün isə aqrar sığorta ekspertləri təyin edilərək ərazilərə ezam olunurlar. Hazırda fondun aqrar sığorta ekspertləri bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldurlar. Biçin və məhsul yığımı ərəfəsində aparılan yekun qiymətləndirmədə əkin sahəsinə dəyən zərər təkrar dəyərləndirilir, müvafiq sənədlər toplandıqdan sonra yekun rəy əsasında fermerə sığorta ödənişinin verilməsi barədə qərar qəbul edilir. 

Aqrar Sığorta Fondundan o da bildirilib ki, ötən müddətdə sığortası olmayan əkin sahələri üzrə müraciətlərin sayında da artım qeydə alınıb. Belə əkin sahələri və təsərrüfatlar üçün ödəniş nəzərdə tutulmadığından həmin müraciətlər üzrə hər hansı araşdırma aparılmayacaq.

Xatırladaq ki, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham ­Əliyevin “Aqrar Sığorta Fondunun yaradılması barədə” 19 avqust 2019-cu il tarixli Fərmanı və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta etməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
xalqqazeti.az

10Mənbələr