AZ

7-ci çağırış Milli Məclisə seçkilər Azərbaycan tarixində yeni mərhələ açır...

Image

Məlum olduğu kimi, Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib.

Parlament qərara gəlib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının tam formalaşdırılması zəruridir.

Xatırladaq ki, Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub. Ölkə konstitusiyasında Milli Məclisin hər çağırışı üçün seçkilərin vaxtı beş ildən bir - noyabr ayının birinci bazar günü kimi qeyd olunub. Yəni seçilmiş parlamentin səlahiyyət müddəti 5 ildir. Lakin 2016-cı ildə konstitusiyaya edilən dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən 125 deputatın səlahiyyəti beş ildən az ola bilər. Amma bu halda da seçkilər Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkisi 2020-ci ilin 9 fevralında keçirildiyi üçün hazırkı Milli Məclisin fəaliyyətinin beşinci ili bu il fevralın 10-dan başlayır. Qanunvericiliyə görə, ölkədə növbəti parlament seçkiləri bu ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir. Amma yuxarıda qeyd edilən səbəbdən vaxt qabağa çəkilib. Bu il erkən baş tutması planlaşdırılan seçki ilə Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq. Onu da qeyd edək ki, Milli Məclisin prezidentə erkən parlament seçkisinin keçirilməsi barədə müraciətinin təşəbbüskarı hakim partiya olub. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti parlamentdəki deputatlarına COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi beynəlxalq tədbirlərlə parlament seçkilərinin eyni vaxtda keçirilməməsi üçün Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib. Azərbaycan qanunvericiliyində ölkədə keçiriləcək hər hansı tədbirə görə və ya başqa bir səbəbdən parlament seçkisinin vaxtının irəli və ya geri çəkilməsi ilə bağlı birbaşa müddəa yoxdur. Lakin həm konstitusiyada, həm də Seçki Məcəlləsində ümumilikdə hansı hallarda seçki keçirilməməsinə dair müddəalar var. Bu da fövqəladə və hərbi vəziyyət, müharibə, Azərbaycana təcavüz halları məsələləri ilə bağlı müddəlardır. Yəni Seçki Məcəlləsinə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilərsə, həmin vəziyyətin ləğvindən 3 ay müddət keçməyənədək referendum və ya seçkilər keçirilə bilməz. Lakin konstitusiyaya edilən son dəyişikliyə görə, ölkə prezidentinin növbədənkənar seçki təyin etmək, parlamenti buraxmaq səlahiyyəti var. Buna isə müəyyən əsaslar olmalıdır. Parlamentin buraxılması onun öz vəzifələrini ya tam, ya da normal icra edə bilməməsi ilə bağlı ola bilər. Yəni parlament konstitusiya ilə üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, prezident Konstitusiyanın 98.1-ci maddəsinə əsasən onu buraxa bilər. Həmin vəzifələr aşağıdakılardır: əgər Milli Məclis eyni ildə 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstəribsə; Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın İdarə heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri prezident iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etməyibsə; Həmçinin Konstitusiyanın müvafiq maddələri ilə - Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər (94-95-ci maddələr), onun qanunvericilik təşəbbüsü ilə bağlı məsələləri (96-cı maddəsinin II, III, IV və V hissələri) və qanunların imzalanmaq üçün təqdim olunması müddəti (97-ci maddə) ilə bağlı göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməyibsə. Bu hallarda, ölkə prezidenti Milli Məclisi buraxa bilər.

Parlamentin İlham Əliyevə müraciətində Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsini - inzibati ərazi bölgüsünü rəhbər tutaraq erkən parlament seçkilərinin keçirilməsini istəyib. Onlar bunu Milli Məclisin Konstitusiyada nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün zəruri hesab edirlər. Erkən seçkilərin təşəbbüskarı olmuş YAP-ın sədr müavini Tahir Budaqov COP29 dövründə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyinin də nəzərə alınmalı olduğunu deyib.

YAP, bu il olduğu kimi, 2019-cu ildə də onu təmsil edən deputatlara Milli Məclisin buraxılması təşəbbüslə çıxış etməyi tövsiyə etmişdi. Həmin vaxt onlar Milli Məclisin prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə adekvat olmamasını və son aylar ölkədə aparılan islahatlardan geri qalmasını əsas tutaraq bu qərara gəldiklərini açıqlamışdılar. Bundan sonra parlament özünü buraxmış və prezidentdən erkən seçki istəmişdi. Həmin vaxt İlham Əliyev bu müraciətlə bağlı qərar verməzdən öncə parlamentin buraxılmasının konstitusiyaya uyğunluğunu yoxlaması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi. O vaxt Konstitusiya Məhkəməsi prezidentin sorğusuna cavab olaraq qərara alıb ki, Milli Məclisin özünü buraxaraq növbədənkənar seçki təyin etmək üçün prezidentə müraciəti və prezidentin bu seçkini təyin etməsi Azərbaycan Konstitusiyasına uyğundur. Konstitusiya Məhkəməsinin həmin vaxtkı qərarında, həmçinin bildirib ki, növbədənkənar seçkidə Milli Məclisin yeni tərkibi formalaşanadək müstəsna hallar üçün buraxılmış parlament fəaliyyət göstərməlidir.

Belə ki, parlamentin ölkədə hərbi və fövqəladə vəziyyət elan etməklə bağlı Prezidentin verdiyi fərmanları təsdiq etmək və s. kimi həyati əhəmiyyətli funksiyaları da var. Buna görə də yeni parlamentin tərkibi formalaşanadək bu funksiyaların icrası ilə bağlı buraxılmış Milli Məclisin səlahiyyətləri saxlanılıb. Həmçinin buraxılmış parlamentin beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı da səlahiyyətlərində dəyişiklik olmayıb. Onu da qeyd edək ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkiləri keçiriləcək. Ümumiyyətlə, bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrilib. Milli Məclisə təklif edilən növbədənkənar seçkilər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər fiziki olaraq Qarabağ və Zəngəzuru da əhatələyəcək və həmin bölgəni təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Beləliklə də 7-ci çağırış Milli Məclisə seçkilər parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
baki-xeber.com

1Mənbələr