AZ

Avrokubokdakı təmsilçilərimizi nə gözləyir? - TƏHLİL

Bəli, artıq ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri bəllidi.

Bilindiyi kimi, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Hamrun Spartans” – “Linkoln” cütünün qalibiylə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşü səfərdə keçirəcək. Bu matç iyulun 23-24-ü keçiriləcəksə, cavab oyununa 30-31-də şahidlik edəcəyik. Püşkün “köhlən atlar” üçün böyük şans olduğunu deyə bilərik. Çünki hər iki komanda “Qarabağ”dan aşkar zəifdi. Hətta “Linkoln Red İmps” Çempionlar Liqasının 2023/24 mövsümündə məhz “köhlən atlar”ın rəqibi olub ki, təmsilçimiz bu komandanı ümumi hesabla 6:1 məğlub edib. “Hamrun Spartans” ölkəsində yetərincə hegemonluq etsə də, beynəlxalq arenada zəif bənd rolundadı. Hazırda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan başqa heç kim ağdamlıların bu rəqiblərdən hansısa birini məğlub edib-etməməsi ilə bağlı ehtiyatla danışmır. Ümumiyyətlə, “köhlən atlar”ı 3-cü təsnifat mərhələsində görmək sürpriz olmayacaq.

“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə üz-üzə gələcək. İlk oyun iyulun 11-də “Şerif Arena”da, cavab görüşü isə iyunun 18-də “Dalğa Arena”da olacaq. Çoxu bu rəqibləri bərabərsəviyyəli komandalar adlandırır ki, burda müəyyən həqiqət payı mövcuddu. Bəli, “Şerif” avrokubok təcrübəsinə görə xeyli üstün görünsə də, Moldova premyer-liqasının ikinci yarısında uğursuz nəticə göstərməsi hansısa enişdən danışmağa əsas verir. Odu ki, “qartallar” rəqibi dəqiq təhliletməklə bütün gücünü ortaya qoyub məhz Mərdəkanda məqsədinə çata bilər. Əlbəttə, bunun üçün səfərdən sərfəli nəticəylə dönmək vacibdi. Hər iki komandanın istər hücum, istər müdafiə xəttində müəyyən boşluqlar görünür. Bu üzdən hər ikisinin artıq heyəti gücləndirmək yönündə fəal addımlar atmağa başlamasına haqq vermək olar.

Növbə digər mərhələ üçün şansı olmadığı düşünülən “Sabah”dadı. Masazır təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”sini mübarizədən kənarlaşdırmağa çalışacaq. Rəqib həm büdcə, həm keyfiyyətli futbolçu, həm də ümumi uğurlar baxımından “bayquşlar”dan üstündü. İşin daha bir maraqlı tərəfi ilk matçın İsraildə yox, Macarıstanda keçirilməsidi. Bəli, “Makkabi” təmsil etdiyi ölkədə hökm sürən müharibə şəraiti üzündən bizimkiləri Macarıstanda sınağa çəkəcək. Cavab matçına isə avqustun 1-də “Bank Respublika Arena”da şahidlik edəcəyik. “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç demişkən, favorit “Makkabi”di. Sözügedən komanda kəskin hücum xəttiylə yanaşı, “beton” müdafiə xəttinə malikdi. “Bayquşlar”ın yeganə çıxış yolu, çox güman, ciddi azarkeş dəstəyindən məhrum olacaq komandanı səfərdə büdrətmək və növbəti mərhələ üçün şanslarını artırmaqdı.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində meydana çıxacaq digər təmsilçimiz “Sumqayıt”dı. “Kimyaçılar”ın “Fehervar”la iyulun 25-də Mehdi Hüseynzadə adına şəhər stadionunda qarşılaşması gözlənilir. Cavab matçı isə avqustun 1-də “Şoştoi” stadionunda keçiriləcək. Maraqlıdı ki, “Fehervar” bir həftə əvvəl baş məşqçi dəyişikliyi yaşayıb. Əlbəttə, yeni çalışdırıcı Tamaş Peto özünü sübut edə bilmək üçün əlindən gələni edəcək. Lakin bu məqam “Sumqayıt”ın xeyrinə də ola bilər. Hər halda, rəqib bəzi çatışmazlıqları aradan qaldırmağa çalışacaq ki, buna nə dərəcədə nail olacağı sual altındadı. Əsasən macar futbolçulardan qurulan rəqibin hücum cəhdləri nə qədər təhlükəli alınırsa, müdafiə xətti də o qədər yumşaqdı. Hər halda, Samir Abasov və komandası rəqibi düzgün dəyərləndirsə, istəyə çatmaq mümkün görünür.

Beləliklə, “Qarabağ” və “Sumqayıt”ın şansları böyük ümid vəd edirsə, “Zirə” üçün həm də bəxt lazım olacaq. “Sabah” isə tarixinin ən çətin sınaqlarından biriylə qarşı-qarşıyadı.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
football-plus.az

1Mənbələr