AZ

Azərbaycanın “yaşıl sektorunda” beynəlxalq sərmayədarlar- qabağa düşənlər udacaq...

Image

Fikrət Yusifov: “Qərb ölkələrinin Azərbaycanda yaşıl enerji istehsalında böyük maraqları var”

Xəbər verildiyi kimi, iyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. 

Həmin reportajda Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində bildirib ki, Azərbaycanın böyük tərəfdaşları var: “Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq”.

Ümumilikdə, Azərbaycanın yaşıl enerji sektoruna investisiya yatırmaq sahəsində beynəlxalq tərəfdaşlar nə qədər aktiv görsənir? Xüsusən də Qərb ölkələri bu məsələdə nə dərəcədə fəaldılar? ABŞ, Avropa ölkələri, onların şirkətlərinin aktivliyi nə dərəcədə qaneedicidir? Bir sözlə, onların bu məsələyə münasibəti, reaksiyası məqbul sayılırmı?

“Alternativ enerji mənbələrində elektrik enerjisi istehsalını təşkil etmək üçün yetərincə investisiya təklifləri var” 

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Əvvəla, Azərbaycan dünyanın enerji balansını əsaslı şəkildə dəyişdirməyi hədəfləyən yeni enerji strategiyasının reallaşdırılmasında lokomativ rolunu oynayan ölkələrdən birinə çevrilməkdədir. Yaşıl energetika sahəsində mövcud potensialın reallaşdırılması istiqamətində atılan addımlar yaxın zamanlarda Azərbaycanı alternativ enerji mənbələri hesabına istehsal ediləcək enerjinin təminatlı ixracatçılarından birinə çevirəcək. Bu sahədə ölkəmizin çox etibarlı, böyük maliyyə resurslarına malik və eyni zamanda yetərli təcrübəsi olan dünyaca məşhur kompaniyalarla əməkdaşlıq etməsi böyük önəm kəsb edir. “ACWA Power” və BP sərmayədarlarımızın sırasına Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” kimi şirkətinin qoşulması bu sahədə yeni uğurların qazanılmasının əsasını yaradır. Bu şirkət 17 il əvvəl BƏƏ-nin rəhbərliyinin uzaqgörən baxışlarına əsaslanılaraq, iqtisadiyyatı şaxələndirmək və davamlı inkişaf problemlərini həll etmək üçün yaradılmışdı. Və bu gün “Masdar” artıq innovasiyaların təşviqi, iqlim neytrallığını dəstəkləmək üçün tərəfdaşlıqların genişləndirilməsinə yönəlmiş dünyanın ən böyük bərpaolunan enerji şirkətlərindən biridir. “Masdar” 40-dan çox ölkəni əhatə edən layihələr portfelinə malikdir. Şirkətin ümumi istehsal gücü 20 giqavatdan çoxdur ki, bu da 5 milyondan artıq evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Şirkətin altı qitədə yayılmış qlobal investisiya portfeli 30 milyard dolları ötür. “Masdar” indi Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə şirkətin sərmayəsi hesabına qurulmuş 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Şirkətlə imzalanmış 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır. Bu ilin noyabr ayında Bakıda keçiriləcək və bütün dünyanın diqqətini özünə cəlb edəcək COP29 kimi bir tədbirə ev sahibliyi etməklə Azərbaycan yaşıl energetika sahəsində müəyyən etdiyi kursa sadiqliyini bir daha ortaya qoymuş olacaq. Bəşəriyyəti rahatsız edən iqlim problemlərinin həlli yollarının Azərbaycanda axtarılması ölkəmizin siyasi çəkisinin bir qədər də artmasına və yaşıl enerji istehsalı üçün yeni investisiya axınına yol açacaq. Qərb ölkələrinin Azərbaycanda yaşıl enerji istehsalında böyük maraqları var. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Macarstanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Azərbaycanda istehsal ediləcək yaşıl enerji Avropaya ixrac ediləcək. Bu gün Qərbdən alternativ enerji mənbələrində elektrik enerjisi istehsalını təşkil etmək üçün yetərincə investisiya təklifləri var. Bu təkliflər o qədər çoxdur ki, indiki mərhələdə onların hamısını reallaşdırmaq fiziki olaraq mümkün deyil. COP29-dan sonra bu təkliflərin bir qədər də artacağı şübhə doğurmur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
baki-xeber.com

1Mənbələr