AZ

Şəhidlər Xiyabanında işlədi, özü də şəhid oldu, oğlunun 1 yaşına çata bilmədi- Kişvər xanım...

Image

Kişvər Əliyeva: “Təsəllim o olur ki, Məhəmməd qəhrəman bir atanın, mənim şəhid balamın oğludur”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük. 

Budəfəki müsahibimiz 16 may 1991-ci ildə Oğuz rayonunda doğulan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Anar Talıb oğlu Əliyevin anası Kişvər Əliyevadır...

“Demə ki, şəhidlik mənim oğlumun da alın yazısı imiş, şəhid qardaşlarının məzarına qulluq edə-edə özü də o yola doğru gedirmiş”

Yol gözləmək yormaz anaları, bir ömrü boyu balasının yolunu gözləyər, analar onda yanıb-yaxılar ki, balası gəlməz, geri qayıtmaz, qapını açıb içəri girməz, anasının qoynuna qısılmaz, saçlarına tumar çəkməz... Analar onda yanıb kül olar. Əzəl gündən səməndər quşu kimi alışıb-yanar analar, balasının hər qədəminə, hər gülüşünə, hər sözünə canını qurban edər, oğullar da canını Vətənə qurban verər. Analar Vətənə qurban gedən oğulları üçün heyfsilənməz heç vaxt, yarımçıq arzularına, yarıda qırılan ömürlərinə vaysınar, yanar. Kişvər ana qürurlu bir anadır, səsi titrəsə də, əlləri əssə də, gözlərinin yaşı qurumasa da, oğlunun şəhidliyi ilə qürur duyur.  

Ana deyir ki, oğlu şəhid olanda 30 yaşın içində olub. Adını Məhəmməd qoyduğu oğlunu ailəsinə və Vətənə əmanət edərək yağıdan öcümüzü almağa gedib, gedib ki, torpaqlarımızın azad olunmasında iştirak etsin, canını bu torpağa qurban versin. Anar kimi, oğullar ona görə şəhid olub ki, Məhəmməd kimi körpələr müharibəsiz, qansız-qadasız dünyada yaşasın.  

Kişvər ana dedi ki, Anar 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyub, 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Ananın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşüb.

Qeyd edək ki,  Anar Əliyev oktyabrın 26-da Füzulinin azad edilməsində qəhrəmancasına vuruşaraq şəhid olub, oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı,  Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

“Anar şəhid olanda 29 yaşı tamam olmuşdu, təzəlikcə 30-a keçmişdi. Müharibəyə könüllü getdi. 

Anar müharibədən əvvəl Oğuz rayon Şəhidlər Xiyabanına baxırdı, həm də daşıma işi ilə məşğul olurdu. Şəhidlər Xiyabanında şəhidlərimizin məzarına qulluq edirdi, bunu özünə şərəfli borc bilirdi. Demə ki, şəhidlik mənim oğlumun da alın yazısı imiş, şəhid qardaşlarının məzarına qulluq edə-edə özü də o yola doğru gedirmiş. 

2020-ci il sentyabrın 21-də 3 günlük təlimə getdi. Sentyabrın 26-da oğlu Məhəmmədin ad günü idi, 1 yaşı tamam olurdu. Çox gözlədik, amma Anar oğlunun ad gününə gəlmədi, gəlməyi qismət olmadı. 3 günlük təlim adı ilə evdən çıxdı, ayın 27-si müharibə başladı. Oğlum müharibənin ilk günündən döyüşdə oldu. Oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Çox yaxşı oğlan idi Anar. Bütün şəhidlərimiz yaxşı oğlanlar olub. Hamısı boy sırası ilə seçilib canlarını Vətənə qurban veriblər. Anarın çox arzuları vardı, amma heç birinə çata bilmədi. Şəhidlərimizin hamısının şəxsi arzuları çox idi, eləcə də mənim oğlumun.  Düzdür, onlar öz arzularına çata bilmədilər, amma qəhrəmanlıqları ilə torpaqlarımızı işğaldan azad etdilər. Ən böyük arzuları torpaqlarımızı azad etmək olub, ona da nail oldular”.

Kişvər xanım deyir ki, bəzən oğlunun şəhid olduğuna inanmaq istəmir, hər şeyi unudub Anarı gözləyir, Məhəmməd də atasının yollarına göz dikir, amma atası gəlmir. Kişvər ana bildirir ki, Şəhidlər Xiyabanına gedirlər, orada uyuyan  oğlunun məzarını ziyarət edirlər, bir az təsəlli, bir az təskinlik tapırlar. “Biz şəhdi anaları nəvələrimizə baxanda ürəyimiz qan ağlayır. Mənim üç oğlum vardı, biri şəhid olub. O oğlanlarımın uşaqları atalarının üstünə qaçanda mənim ürəyim ağrıyır. Amma təsəllim o olur ki, Məhəmməd qəhrəman bir atanın, mənim şəhid balamın oğludur. Şəhid uşaqları məzarlıqlara, Şəhidlər Xiyabanlarına gedib başdaşlarını qucaqlayıb atalarının iyini alırlar. Şəhid balaları belə təsəlli alırlar”-deyə Kişvər Əliyeva bildirdi.

Kişvər ana onu da dedi ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması, onların unudulmaması üçün gördüyü işlər misilsizdir. Ana qeyd etdi ki, övladlarının adlarının kitablarda, məqalələrdə yaşadılması onlara böyük təsəllidir. “Təsəllimiz odur ki, oğlumuz Vətən uğrunda şəhid olub. Şəhid valideynləri  Xatirə Kitabı Redaksiyasının bu dəyərli işini yüksək qiymətləndirir. Bu kitablar nəsillərdən-nəsillərə keçəcək və gələcək nəsillər biləcək ki, Azərbaycanın  necə qəhrəman oğulları olub”-deyə ana bildirdi.

Söhbətimizin sonunda ana səsi titrəyə-titrəyə dedi ki, sinəsində oğul dağı gəzdirən bütün analar övladlarının şəhid adı ilə qürur duyur...

İradə SARIYEVA
Şəki-Bakı






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
baki-xeber.com

1Mənbələr