AZ

Əliyev COP zamanında və sonrakı dövrdə dünya dövlətlərinə həmrəylik çağırışı etdi...

Image

Bəhruz Quliyev: “Azərbaycan daim sülh və əminamanlığın tərəfdarı olub”

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji -  “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. 

Həmin reportajda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.

“Euronews”un müxbirinin “Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi” sualına Prezident İlham Əliyev “Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər” - deyə cavab verib.

Prezident bildirib ki, COP29-a sədrlik etdiyimiz dövrdə çalışacağıq, dünyanın bütün ölkələri arasında həmrəylik olsun, bir-birinə qarşı iddialardan əl çəksinlər.

Bu nə deməkdir? İndiki şəraitdə bu iddialar özünü nə formalarda göstərir ki, ölkə başçısı bunu xüsusi vurğulayır?

“Təəssüflər olsun ki, qəflətən başlanan...” 

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan daim sülh və əminamanlığın tərəfdarı olub. “Bu il COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizi dünya mediasının diqqət mərkəzinə gətirib. COP29-a ev sahibliyi etmək ərəfəsindəki son illərdə iqlim dəyişikliyinə qarşı görülən tədbirlərin genişlənməsi və xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması Azərbaycanın bu qlobal problemə yanaşmasını və problemin həllinə verdiyi töhfələri səciyyələndirir”.

Bəhruz Quliyevin sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir: “Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Məsələn, ölkəmiz artıq ardıcıl dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir, çünki çox az ölkə eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvüdür”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsinə də qeyd etdi ki, COP29-a sədrlik etdiyimiz dövrdə çalışacağıq dünyanın bütün ölkələrin arasında həmrəylik olsun, bir-birinə qarşı iddialardan əl çəksinlər: “Azərbaycan COP29 sədrliyi çərçivəsində bütün tərəflərlə aktiv iş aparır, iqlim dəyişikliyinin yaratdığı və qlobal narahatlığa səbəb olan bir sıra vacib problemləri gündəmə gətirir. Həmin problemlərin həllinin tapılması, eyni zamanda bu məqsədlə maliyyə yardımının ayrılması Bakı konfransında prioritet olacaq. Bununla yanaşı, iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli də Bakının COP29-a sədrliyinin əsas prioritetləri arasındadır”.

Qurum rəhbəri  əlavə etdi ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmişə həmrəy olub, COP sədrliyindən əvvəl də onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib: “Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə bu məsələ diqqətdə olub. Hərəkata sədrliyi zamanı Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan müstəqillik əldə etdiyi gündən daim sülh və əminamanlığın tərəfdarı olub, regionda və dünyada ədalətin bərqərar edilməsinə cəhd göstərib. Azərbaycan artıq öz siyasəti və gücü ilə dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Yəni yaxın gələcəkdə beynəlxalq tədbirlərin keçirilməsi üçün potensial ev sahibi olaraq Azərbaycan hər zaman namizəd kimi ön plana çıxacaq".

Ekspert sonda bir daha qeyd etdi ki, Azərbaycan dünyada daim sülhün, əminamanlığın tərəfdarı olub: “Dünyada sülhü təbliğ və dəstəkləmək üçün respublikamızda bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir. Sülh hamımızın istəyində olduğumuz ən dəyərli bir nemətdir. Bu gün bəşəriyyət sülh şəraitində yaşamağa can atır, insanlar sülh istəyir. Təəssüflər olsun ki, qəflətən başlanan qanlı və amansız müharibələr istəklərimizi həyata keçməyinə imkan vermir. Müharibələr sakini olduğumuz dünyaya ağır zərbələr vurur, yeri-göyü yandırır. Ona görə də yer üzündə sülhün qorunması bəşəriyyətin işıqlı gələcəyinə xidmət edir. İnanırıq ki, gec-tez yer üzündə sülh qalib gələcək. Müharibələrə son qoyulacaq, torpaqlar qan çanağında boğulmayacaq, günahsız insanlar silahların hədəflərinə tuş gəlməyəcək, dünyamızda atəş səsləri eşidilməyəcək. Bütün insanlar əminamanlıqda yaşayacaqlar” - deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
baki-xeber.com

1Mənbələr