AZ

Arvadının tutduğu irad ərinin xoşuna gəlmədi və...—TƏFƏRRÜAT

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Osman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. Osman yaşadığı evində arvadı Nərminin ona spirtli içkini çox içməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sifət nahiyəsinə bir dəfə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Osmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Nərminlə münasibətləri normal olub, aralarında heç bir ədavətləri olmayıb: “Biz 2001-ci ildə evlənmişik. Bizim birgə nikahımızdan 3 uşaqlarımız var. Hadisə günü qaynım Arazın uşağına həyətində toydan əvvəl qonaqlıq təşkil etdi. Həmin məclisdə araq içdim. Həmin günü gecəyarısı evə gəldim. Arvadım mənə çoxlu araq içməyimi irad bildirdi. Mən də əsəbləşərək yumruqla onun sifət nahiyəsinə vurdum”.

İş üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, əri Osman içkiyə meyilli olduğu üçün dəfələrlə ona iradını bildirib: “Qardaşım oğluna toy etmək üçün toydan bir gün əvvəl həyətində qonaqlı təşkil etdi. Osman da qonaqlıqda iştirak edərkən çoxlu araq içdi və evə gəldi. Osmanın hədsiz dərəcədə sərxoş olmasını gördüm və ona iradımı bildirdim. Osman da sərxoş olduğu üçün əsəbləşdi. Yumruqla sifət nahiyəmə vurdu, mənə xəsarət yetirdi. Mən də Kürdəmir Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etdim. Ərim məndən  üzr istədi, məndə onunla barışdım”.

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Osmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
demokrat.az

1Mənbələr