AZ

Azərbaycanın qlobal enerji təhlükəsizliqinə töhfəsi ŞƏRH

Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan enerji tələbatlarını təmin etməklə yanaşı, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan yaşıl enerji ilə bağlı da müasir dövrün tələblərinə uyğun olaraq mühüm əhəmiyyət kəsb edən layihələrin müəllifi olaraq çıxış edir. Bu və ya digər layihələr ilə dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verən Azərbaycan bərpaolunan enerji potensialına malik olan ölkə kimi yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqinə xüsusi önəm yetirir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.

İyunun 21-də "Euronews" televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – "Caspian Power" sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Euronews"a verdiyi müsahibəsində bildirdiyi kimi, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. "Masdar"ın bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımız olduğunu bildirən Cənab Prezident qeyd edib ki, ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Paytaxtımızda keçirilən Bakı Enerji Həftəsi çərçivəsində "Masdar" şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması böyük əhəmiyyət kəsb edir. Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. " Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq", - deyə Prezident bildirib. Azərbaycanın böyük tərəfdaşları sırasında strateji tərəfdaş olan "Masdar"la yanaşı, "ACWA Power" var. BP də Azərbaycanın sərmayədarları sırasındadır. Bir sıra dünya ölkələrinin şirkətləri də Azərbaycanla işləməyi planlaşdırırlar. Bütün bu və ya digər münasibətlər beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş əməkdaşlıq əlaqələrinə söykənir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edib və yeni məzmunla zənginləşməsi diqqəti çəkəndir. COP29-a hazırlıq işlərinin aparıldığı bir zamanda enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunun və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir göstəricisidir. İlk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Həmin vaxtdan bəri bu tədbirin miqyası genişlənib və sonralar Bakı Enerji Həftəsi adlandırılıb. Enerji siyasətinin bütün seqmentlərini əhatə edən tədbirin miqyası genişlənib. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb etmək baxımından əhəmiyyət daşıyır.

Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədini daşıyır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmizdə keçiriləcək COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasından baxılacaqdır.

COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha göstərəcəkdir. "Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır" – deyən Prezident qeyd edib ki, biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib. Azərbaycanın dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı, eləcə də nüfuzlu tərəfdaş ölkə olması ölkəmizin gücünü, nail olduğu uğurlarını bir daha təsdiqləyir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri,

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
sia.az

2Mənbələr