AZ

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Avstriyada

Vyana, 24 iyun, AZƏRTAC

Avstriyada cinayətkarlığın səviyyəsi son illərdə artmaqda davam edir. Avstriya Statistika İdarəsinin məlumatına əsasən, 2023-cü ildə polis tərəfindən 528 min hal üzrə cinayət hadisəsi qeydiyyata alınıb. Bu göstərici 2016-cı ildən bəri qeydə alınmış ən yüksək rəqəmdir. Ölkədə baş vermiş cinayət əməlləri əsasən əmlaka qarşı cinayət, iqtisadi və internet cinayətkarlığı, zorakılıq və mütəşəkkil cinayətkarlıq qruplarına daxildir.

AZƏRTAC xəbər verir ki, cinayət hallarının artımı ilə yanaşı ölkədə asayiş keşikçilərinin fəaliyyəti, polis zorakılığı və polis əməkdaşlarının peşə fəaliyyətinə yanaşmasına da diqqəti artırmağı tələb edir.

ZARA Anti-Rassizm Mərkəzinin araşdırmalarına əsasən, ölkədə polis zorakılığının statistikasının hansı səviyyədə olmasına baxmayaraq, zərərçəkənlərin polis zorakılığına görə məhkəməyə müraciət etdiyi halların sayı olduqca azdır. Misal üçün, 2012-2015-ci illər ərzində Avstriyada polis əməkdaşları 1518 hal üzrə qanuni çərçivəni aşan dərəcədə güc tətbiqində ittiham olunsalar da, cəmi yeddi hal üzrə şikayətçilər məhkəməyə üz tutublar. Zorakılıqla yanaşı, polisin rassist motivasiyalı hərəkətlərinə dair şikayətlər olsa da, bununla bağlı rəsmi statistika mövcud deyil.

Diqqəti çəkən digər məqam isə ondan ibarətdir ki, 2022-ci ildə 23200 hal üzrə polis fəaliyyəti zamanı məcburetmə vasitələrindən istifadə olunub, bu isə hər gün polisin azı 60 dəfə əməliyyat və reydlərdə sərt müdaxilələr etməsi deməkdir.

Bütün bu halları nəzərə alaraq, Avstriya hökuməti zorakılıq iddialarının təhqiqi və şikayətlərin verilməsi üzrə müstəqil şuranın yaradılması barədə qərar qəbul edərək, belə bir şuranın Korrupsiyaya qarşı Mübarizə üzrə Federal İdarə nəzdində təsis olunmasına göstəriş verib. Bu ilin yanvar ayında fəaliyyətə başlayan mərkəz polisin cinayət tərkibli əməlləri, qeyri-insanı və təhqiredici rəftarı, qanuni çərçivədən kənara çıxan güc tətbiqi və s. hallar üzrə şikayətləri qəbul etməli, eləcə də müstəqil şəkildə özü tərəfindən müəyyən edilən qanun pozuntuları üzrə hərəkətə keçməlidir. Lakin şuranın Daxili İşlər Nazirliyinə aid bir idarə nəzdində təsis olunması onun müstəqilliynə və şikayətlərə nə dərəcədə ciddi yanaşacağını sual altına qoyur.

“Amnesty International“ isə Avstriyada polis zorakılığının qarşısının alınması üçün müstəqil və effektiv təsirə malik bir qurumun yaradılmasını, burada vətəndaş cəmiyyətinin də iştirakının təmin olunmasını tələb edir. Eyni zamanda həmin qurumda polis orqanları əməkdaşları ilə yanaşı insan haqları, psixologiya, səhiyyə və s. sahələr üzrə ekspertlərin iştirakının vacibliyi qeyd olunur.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
144
50
azertag.az

10Mənbələr