AZ

Azərbaycanla düşmənçilik planı iflasa uğradı

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən etiraz aksiyaları bu dəfə də nəticə vermədi.

Arxiyepiskop Baqrat Qalstanyanın liderlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının aprelin 19-dan başlayan etirazların dayanması prosesin siyasi iflası kimi qiymətləndirilə bilər. 

Əslində, keşiş Baqratın Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməyəcinə dair proqnozlar əvvəldən üstünlük təşkil edirdi. Arxiyepiskopun “Hazırda bizdə yenidən qruplaşma problemi var. 12 iyun göstərdi ki, bizim fəaliyyət üsulumuz, taktikamız fərqli olmalıdır, indi bunu edirik” deməsi onun siyasi uğrusuzluğunun etirafıdır. Çünki Baqrat Srbazan aksiyalarının mayın 9-dan İrəvanda başlanan və bir aydan artıq davam edən ən fəal dövründə cəmiyyətə alternativ siyasi platforma təqdim edə bilmədi. 

“Baqratçılar”ın əsas siyasi şüarı Azərbaycanla sərhədlərin delimitasiyasının ləğvi və işğal altındakı kəndlərin qaytarılmaması olub. Ancaq bu çağırış bütün erməniləri birləşdirən siyasi platformaya çevrilmədi. Baş nazirliyə iddialı olan Baqrat Qalstanyan hakimiyyətə gələcəyi təqdirdə, Ermənistanın gələcəyi ilə bağlı siyasi mexanizmləri kimi yalnız qisasçılığı təklif edib. Bu isə Ermənistanın daxili və xarici qarşıdurmalara sürüklənməsi deməkdir. Yəni kilsənin başlatdığı hərəkat Baqratın özünün də dediyi kimi, fərli taktika, üsul ortaya qoya bimədi. Baqratın jurnalistlərə açıqlamasında “İnsanların iştirakı daha əhəmiyyətli olmalıdır”deməsi aksiyaların kütləviliyinin onu qane etmədiyini göstərir. Ona görə də İrəvanda mitinqləri dayandıran Baqrat Qalstanyan özünə tərəfdar toplamaq üçün yenidən bölgələrə səfərə çıxmaq qərarına gəlib. Arxiyepiskop kəndləri gəzib hər evə getməyi, insanlarla birbaşa təmasda olmağı təklif edir. Lakin bunun müsbət nəticə verəcəyini demək çətindir. Çünki Baqratla paralel Nikol Paşinyan da bölgələrə gedərək təbliğat aparır. 

Baqratın aksiayalarına marağın azalması bu iki şəxsin müqayisəsi fonunda Paşinyanın üstünlüyə malik olduğunu göstərir. İkincisi, Paşinyan xalqa Sovet dövrünün sərhədləri çərçivəində real Ermənistan təklif edir. Baş nazir cəmiyyəti inandırmağa çalışır ki, de-yure sərhədləri müəyyən olunmuş Ermənistanın təhlükəsizliyi Qərb tərəfindən təmin ediləcək. Bu arada Fransadan ağır silahların alınması, Ermənistanın tezliklə Avropa İttifaqına üzv olacağına dair siyasi kampaniya da daxili ictimai rəyə hesablanıb. Ölkədə artan anti-Rusiya əhval-ruhiyyəsi də hakimiyyətin mövqeyini möhkəmləndirir. 

Digər tərəfdən, Paşinyan Baş nazir olmazdan əvvəl “məxməri” inqilabda xalq hərəkatına liderlik etmiş siyasətçidir. Ondan fərqli olaraq, Baqrat Qalstanyanın siyasi liderlik keyfiyyəti yoxdur. Meydana çıxanlar isə Baqratın özündən daha çox kilsənin çağırışına qoşulanlardır. Bu baxımdan, Baqrat Paşinyanla müqayisədə daha zəif imicə və dəstəyə malikdir. Aksiyaların ilk günlərində mitinqlərin izdihamlı keçməsinə səbəb Baqrat Qalstanyana marağın artması ilə bağlı idi. Xalq onu 2018-ci ildən sonra ölkədə yeni siyasi qüvvənin meydana çıxması kimi qarşıladı. 

Lakin bir neçə gündən sonra Qalstanyanın hər hansı siyasi resursa malik olmadığı aşkara çıxdı. Onun “Qarabağ klanı” və kilsənin birgə planını həyata keçirmək üçün qurulan ssenarinin sadəcə icraçısı olduğuna dair məlumatlar yayıldı. Baqratın eks-prezident Robert Köçəryanla, separatçı rejimin nümayəndələri ilə görüşləri, hətta iyunun 22-də öz avtomobilini qondarma qurumun keçmiş “rəhbəri” Samvel Şahramanyana bağışlaması Ermənistan cəmiyyətində aksiyaların sönməsini şərtləndirən ən vacib səbəblərdən birini təşkil edir. 

Baqrat Qalstanyanın Ermənistan parlamentində Robert Köçəryana və Serj Sarkisyana bağlı fraksiyaların vasitəsilə Nikol Paşinyana impiçment elan edərək hakimiyyətə gəlmək istəyi müxalifətin siyasi potensialının zəifliyini təsdiq edən amil kimi onun öz əleyhinə çevrilib. İlk növbədə, müxalifət Baş nazirə etimadsızlıq və hökumət başçısı vəzifəsinə öz namizədini irəli sürmək üçün lazım olan 36 səsi belə toplaya bilmədi. Bundan başqa, Ermənistan konstitusiyasına görə, Baş nazirə etimad məsələsi baş tutmadıqda bu məsələyə yalnız altı aydan sonra baxıla bilər. Ona görə də Ermənistan müxalifətinin impiçment məsələsini ən tezi altı aydan sonra qaldırması mümkündür. 

Qarşıdan isə isti yay ayları gəlir. İyul, avqust aylarında mitinqlərin keçirilməsi demək olar ki, mümkün olmayacaq. Dünya təcrübəsində etiraz aksiyaları adətən mövsümi xarakter daşıyır. Yay və qış aylarında mitinqlər təxirə salınır. Bu baxımdan, növbəti iki ay Paşinyanın lehinə işləyəcək. Baqratın Paşinyana cavab olaraq “Cücəni payızda sayarlar” deməsi bir tərəfdən, ən azı üç ay müddətinə aksiyaların dayanacağına işarədirsə, eyni zamanda, tərəfdarları qarşısında özünün siyasi uğursuzluğunu sığortalamaq cəhdidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
cebheinfo.az

1Mənbələr