AZ

Avropa Komissiyasının Azərbaycana münasibətində ciddi bir dəyişikliyin olmayacaq – Politoloq

Macarıstanın baş naziri Viktor Orban Ursula von der Leyenin Avropa Komissiyasının (AK) sədri vəzifəsində dəyişdirilməsinə çağırıb. Ursula von der Leyenin vəzifədən gedəcəyi təqdirdə Avropa Komissiyasının Azərbaycana münasibətinin necə olacağı maraq doğurur.

Mövzu ilə bağlı Herbiand.az-a münasibət bildirən politoloq Sultan Zahidov Ursula von der Leyenin gedəcəyi ehtimalının kifayət qədər az olduğunu bildirib:

“Macarıstanın baş naziri Viktor Orban bunu belə əsaslandırıb ki, onun beş il müddətində rəhbərliyi altında Avropa Komissiyası lazımi uğurları və nəticələri əldə edə bilməyib. Ursula von der Leyeni əvəzləyəcək kifayət qədər bacarıqlı diplomatlar vardır. Amma o, heç birinin adını çəkə bilməyəcəyini bildirib. Məsələ burasındadır ki, Ursula Avropa Komissiyasının sədri olduğu müddətdə Macarıstanı və şəxsən Orbanın yürütdüyü siyasəti dəfələrlə tənqid edən şəxslərdən olub. Yəni bütün bunların fonunda Orbanın Ursula von der Leyeni bəyənməməsi əslində təəccüb doğurmur. Bununla belə, Ursula von der Leyenin gedəcəyi ehtimalı kifayət qədər azdır. Çünki onun təmsil etdiyi Avropa Xalq Partiyası qrupu Avropa parlament seçkilərində qalib gəldi. Həmin partiya solçularla və digər partiya ilə danışıqlar apardı. Bu danışıqlarda həmin partiyaların da Ursula von der Leyeni dəstəkləyəcəyi məlum oldu. Düzdür, solçulardan heç də hər bir Ursula von der Leyeni dəstəkləməyəcək, amma istənilən halda əksəriyyət ona dəstək olacaq. Belə olan halda onun komissiya sədri seçilmə ehtimalı artmış olur”.

Politoloq əgər Ursula von der Leyen gedərsə, Avropa Komissiyasının Azərbaycana münasibətində ciddi bir dəyişikliyin olmayacağını düşünür:

“Çünki Avropa Komissiyasının Azərbaycanla münasibətlərinə önəm verməsinin əsas səbəblərindən biri də enerji faktorudur. Enerji faktoru bu gün də aktualdır. Rusiya-Ukrayna müharibəsi davam edir. Ona görə ciddi bir dəyişikliyin həyata keçiriləcəyinə inanmıram. Bu baxımdan şəxslərdən çox, Avropa Birliyinin Azərbaycana olan ehtiyacına fokuslanmağı önəm verirəm. Çünki bugünkü geosiyasi kontekst Birliyin Azərbaycanın enerji potensialından, Azərbaycanın tranzit potensialından istifadəsini gərəkdirir. Belə olan halda komissiyanın rəhbərliyində kimin olması fərq etmir. Çünki Azərbaycanın qurum üçün əhəmiyyəti dəyişməyəcəkdir”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
herbiand.az

1Mənbələr