AZ

Azərbaycanda yaşıl enerji sərmayədarlarına qeyri-adi mesaj verildi...

Image

Aydın Hüseynov: “Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir”

“Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”. Bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlət başçısı deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”.

“Azərbaycanda təmin edilmiş əlverişli şərait onun bərpaolunan enerjiyə investisiyalar üçün cəlbedici ölkəyə çevrilməsinə səbəb olmaqdadır” 

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Ölkəmiz “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir və  Azərbaycanda təmin edilmiş əlverişli şərait onun bərpaolunan enerjiyə investisiyalar üçün cəlbedici ölkəyə çevrilməsinə səbəb olmaqdadır. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan 3 enerji stansiyasının tikintisinə dair sazişin imzalanması bu sahədə investisiyaların başlanğıcı hesab edilə bilər”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu resursların davamlı hidrogen ixracına imkan verəcəyi istisna olunmur. Bu isə xarici investorların marağını daha da artırır: “Azərbaycan “yaşıl enerji”yə dair beynəlxalq hesabatlarda da potenisal “yaşıl ölkə” kimi qiymətləndirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böüyk istehsal göstəriciləri qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycanda hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb.Enerji Agentliyi Azərbaycan hökumətinin “yaşıl enerji”yə keçid strategiyasını təqdir edərək ortamüddətli dövrdə hidroenerji ixracında Avropanın ən etibarlı tərəfdaşlarından biri olacağını proqnozlaşdırır. Təşkilat ölkəmizdə bərpaolunan enerji mənbələrinin istehsalı və bu sahənin inkişaf etdirilməsi məqsədilə öz dəstəyini göstərməyə hazır olduğunu da bəyan edib. Eləcə də dünyada bərpaolunan enerji üzrə nüfuzlu şirkətlərin Azərbaycana cəlb edilməsinə dəstək verməklə əlaqələndirici rol oynamaq niyyətini bildirib”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
baki-xeber.com

1Mənbələr