AZ

Şəhid Həmzə Adıyevin 50 yaşı tamam olur - FOTOLAR

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 iyun 2024-cü il tarixdə, Sumqayıt şəhər Şəhidlər Xiyabanında Qarabağ müharibəsi zamanı Ağdamın Güllücə kəndində gedən döyüşlərdə şəhid olan Adıyev Həmzə Qardaşxan oğlunun anadan olmasının, 50 yaşının tamam olması ilə əlaqədar ziyarət olunub.

"Unikal" xəbər verir ki, Tədbirdə RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin işçiləri, Sumqayıt şəhər Cümə məscidində dini ayinlərin icraçısı Behçət Əfəndiyev, Şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin kollektivi və Dondarlı kənd sakinləri iştirak edirdilər. 

Əvvəlcə Sumqayıt şəhər Cümə məscidində dini ayinlərin icraçısı Behçət Əfəndiyev Şəhidin ruhuna dualar oxudu.

Ziyarət zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Adıyev Həmzə Birinci Qarabağ müharibəsində gedən şiddətli döyüşlərdə fədakarlıqla vuruşmuşdur. 1992-1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş, döyüşlərdə igidlik nümunələri göstərərək şəhidlik zivəsinə ucalmışdır.

I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür. 44 günlük Vətən Müharibəsində də Qubadlıdan 12 nəfər şəhid olmuşdur, 65 nəfər isə yaralanmışdır. 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 

RİHB-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov çıxış edərək qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-сi ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Bütün şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Sonra çıxış edənlər– şəhidin döyüş yoldaşları Təyyar Eminov, Sadiq Paşayev və digər döyüş yoldaşları, sinif yoldaşlarından Müntəxab Mir Məhəmmədoğlu və digərləri şəhidimizin döyüş yolundan bəhs edərək, öz xatirələrini bölüşdülər. Qeyd edildi ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər və şəhidlərimizin doğum günü, anım günü tədbirlərinin keçirilməsi bunun bariz nümunəsidir. 

Şəhidin qardaşı Adıyev Allahverən, bacıları, Şəhid Abışov Siracın atası Abışov Abış göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Sonra tədbir Sumqayıt şəhərində yerləşən “Nur” şadlıq sarayında ehsan süfrəsi ilə  davam etdirildi. Şəhidimizin xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu, Vətənpərvərlik mövzusunda və şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.  

Qeyd edək ki, Adıyev Həmzə Qardaşxan oğlu 1974-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1991-ci ildə doğma kəndində orta məktəbi bitirib, Neft və Kimya İnstitutunun Sumqayıt filialına qəbul olunmuşdu. Orta məktəbdə oxuduğu illərdə idman yarışlarında iştirak etmişdi. Respublika birinciliyində 5 dəfə birinci, 4 dəfə ikinci yeri tutmuşdu. 1990-cı ildə Belorusiyada keçirilən güləş üzrə Ümumittifaq yarışında ən yüksək pilləyə qalxaraq birinci dərəcəli diploma layiq görülmüşdü. 

Qarabağ hadisələri gənc pəhləvanı hiddətləndirirdi. O, erməni təcavüzünə dözməyərək ali məktəbdə təhsilini yarımçıq qoymuş, silaha sarılmış, ana yurdun müdafiəsinə qalxmışdı. Həmzə rayonun sərhəd kəndlərində gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdur. 1992-1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən şiddətli döyüşlərdə fəal iştirak etmiş, onlarla erməni quldurunu məhv etmişdir. Son döyüşü 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndində olmuşdur. Həmin gün cəsur döyüşçü igidliklə vuruşmuş, şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
unikal.az

2Mənbələr