AZ

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir -ŞƏRH

Ərazi

Bakı, 24 iyun, AZƏRTAC

Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, “Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq”. Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edilir. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra isə ordumuzun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidi yox etməyə qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hadisələrin sonrakı inkişafı sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə bütün sahələr kimi, ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Bu uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin son 20 ildə diplomatik məharəti və dəmir iradəsi nəticəsində 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq, qələbə Zəfərinə nail oldu. Qətiyyətli Lider-Müzəffər Ordu-Yenilməz Xalq birliyinin nail olduğu bu Zəfər Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlığını sərgilədi.

Dövlət başçımızın dediyi kimi, bizim əsgərlərimiz öz doğma torpaqlarında vuruşur: “Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”.

Muxtar Nağıyev deyib: “Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədini 44 günlük Vətən müharibəsində yerinə yetirərək, bir daha sözlərini təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi. Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr