AZ

Unudulmayan qəhrəmanlar…

Uzun illər keçsə belə, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız xalqın yaddaşından silinməmiş, xatirəsi əziz tutularaq hər zaman anılmışdır.



Bildirim ki, belə oğullarımızdan olan Əlif Hacıyev və Dilqəm Nağıyevin bu gün doğum günüdür. Azərbaycanın Milli qəhrəmanlarını dərin hörmətlə yad edərək həyat və döyüş yoluna nəzər salaq.
Yurdunu canından çox sevən vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan oğullardan biri idi, Əlif Hacıyev. Qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə yazan vətənin igid oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya göz açmışdı. Burada orta təhsilini başa vuran Əlif ordu sıralarına çağrılaraq əsgəri xidmətini yerinə yetirir. Ordudan tərxis olunduqdan sonra Xankəndidəki Avtonəqliyyat Müəssisəsində sürücü olaraq işə qəbul olur. Qəhrəmanımız 1974-cü ildə Belarus DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında əmək fəaliyyətinə başlayaraq burada 10 il müxtəlif vəzifələrdə çalışır. Bu illər ərzində təhsilini davam etdirən Əlif Hacıyev 1976-cı ildə SSRİ DİN-in Frunze adına xüsusi orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirmişdir. DQMV-də işləyərkən vətənin igid oğlu elə o zamandan xain düşmənin əsil xislətinə bələd olur. Uzun müddət fəaliyyət göstərən gizli erməni milətçi mərkəzini ifşa etməyə çalışan Əlifin açıqgözlü olması erməniləri böyük təşvişə salır. Buna görə vətənin igid oğlunu saxta ittihamlarla günahlandıraraq 10 il həbs olunması üçün hər yola əl atırlar. Atılan bütün böhtanlara boyun əyməyən qəhrəmanımız mübarizə apararaq işinə ədalətli baxılmasını tələb edir. Bununlada 10 il həbs cəzasını 6 ilə endirə bilir. Sonra isə bəraət alan Əlif Hacıyev azadlığa buraxılır. Doğulduğu Xocalı rayonuna qayıdan vətənin igid oğlu Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. Daxili işlər orqanlarına bərpa olunub və Xocalı Aeroportunun komendantı vəzifəsinə təyin edilir. Qüsursuz xidmətlər göstərən Əlif Hacıyev tezliklə mayor rütbəsinə yüksəlir. Qəhrəmanımız böyük əzmkarlıq və şəxsi igidlik göstərərək Xocalı aeroportunu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarmağı bacarır. Bununla düşmənə ağır zərbə vuran qəhrəmanımız Xocalının başının üstündə böyük təhlükənin olduğunu görürdü. O, bunun qarşısını almaq üçün Bakıda yüksək rəhbərlikdə oturanları vəziyyətlə xəbərdar edərək buna qarşı tədbirlər görülməsini, köməyə ehtiyac olduğunu tələb edirdi. Ancaq bütün bu çabaların qarşısında bəzi məmurların yalançı vədlərini eşidirdi. Ermənilərin "Xocalının alınması əməliyyatı"na başlamaları artıq əhalinin böyük təhlükə qarşısında olduğunu görən vətənin igid oğlu böyük mübarizə apararaq azğınlaşmış erməni yaraqlıları ilə qeyri-bərabər döyüşlərdə döyüşür. Bu zaman bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmağı bacaran qəhrəmanımız geri qayıdaraq düşmənə qarşı yenidən cəsarətlə vuruşur. Misilsiz qəhrəmanlıq, mərdlik göstərən vətənin igid oğlu həmin gecə şəhidlik zirvəsinə yüksəlir. O, yüzlərlə insanın canını düşmən gülləsindən xilas etməyi bacarsa da, özünü bu uğurda fəda edir. Ürəyindən vurulan qəhrəmanımız Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunur.
Vətən torpaqlarının bütövlüyü uğrunda vuruşub, bu uğurda canından keçən, xocalıların qəlbini qazan, əbədi unudulmaz qəhrəman mayor Əlif Hacıyev Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Bakının Nizami rayonundakı küçələrdən birinə adı verilən vətənin igid oğlunun xatirəsi əbədi yaşadılır.
Qəhrəmanlıq nümunəsi…
Ölkəmizin müstəqilliyi uğrunda canını fəda edib adını qəhrəmanlar sırasına yazan oğullarımızdan olan Dilqəm Nağıyev xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmur, xatirəsi əziz tutularaq yad edilir. Mingəçevir şəhərində 1975-ci il iyunun 24-də anadan olan Dilqəm Heydər oğlu Nağıyev orta məkrəbini 8-ci sinfə kimi oxuyaraq sonra təhsilinə 69 saylı texniki-peşə məktəbində davam edir. Burada elektrik çilingəri peşəsinə yiyələn qəhrəmanımız 1993-cü il avqustun 7-də Milli Ordu sıralarına çağırılır. Bakı şəhərində yerləşən hərbi hissələrin birində hərbi təlimlərə qatılan vətənin igid oğlu Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilir. İlk döyüş yolu Füzulidən başlayan Dilqəm Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük şücaətlər göstərir. Mərdlik, igidlik nümayiş etdirərək xidmətləri ilə əsgərlər arasında nümunəvi olan Dilqəm qısa zamanda çavuş rütbəsinə yüksəlir. Daim hərbi sirlərə maraq göstərib, təlimlərdə silahlardan istifadə qaydasını məharətlə öyrənən qəhrəmanımız qatıldığı döyüşlərdə bir çox uğurlu əməliyyatlarda iştirak edir. Həmin dövrdə ölkənin müstəqilliyini təhlükə altında qoyan bir neçə qrupa qarşı mübarizəyə qatılan Dilqəm 1994-cü il oktyabr ayında baş verən qiyamın qarşısının alınmasında əsl vətəndaşlıq borcunu yerinə yetirir. Əvvəlcə Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında böyük xidmətlər göstərən qəhrəmanımız 1995-ci il 15 mart hadisələri zamanı ikinci dəfə dövlət çevrilişinə cəhd edən qiyamçılara qarşı Tovuz-Ağstafa zonasında aparılan əməliyyatlarda igidlik göstərən Dilqəm Nağıyev qəfil açılan atəş nəticəsində qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunur.
Vətən torpaqlarının müdafiəsində və ölkə müstəqilliyinin qorunmasında fədakarlıq göstərib, vətəndaşlıq borcunu yerinə yetirən Dilqəm Heydər oğlu Nağıyev ölümündən sonra vətənpərvərliyi və şəxsi igidliyinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Həmçinin qəhrəmanımızın adı 9 saylı Mingəçevir şəhər tam orta məktəbinə verilmiş, xatirəsi əziz tutularaq məktəbin önündə büstü qoyulmuşdur.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
nuhcixan.az

1Mənbələr