AZ

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Bu gün Daşkənddə 5 milyondan çox insan yaşayır və işləyir, növbəti illərdə isə bu rəqəm daha da artacaqdır.

Bu barədə Özbəkistan mətbuatında bildirilib.

Paytaxtın tələbatını ödəmək üçün hər il 20 mindən artıq çoxmənzilli yaşayış binası, 40-dan çox məktəb, uşaq bağçası və poliklinika tikmək lazımdır. Bunu nəzərə alaraq, Böyük Britaniya, Sinqapur, Çin və Türkiyənin mütəxəssisləri ilə birgə şəhərin 2045-ci ilə qədər Baş planı layihəsi hazırlanıb. Məlumatı UzA milli xəbər agentliyi yayıb.

Layihə paytaxtın ərazisinin tədricən genişləndirilməsini, Çirçik və Korasu çayları arasında sahəsi 25 min hektar olan yeni şəhərin salınmasını nəzərdə tutur. Burada təxminən 2,5 milyon nəfərin yerləşdirilməsi planlaşdırılır.

Artıq birinci mərhələdə çoxmərtəbəli binaların, təhsil və səhiyyə müəssisələrinin, o cümlədən bir sıra nazirliklərin, ali məktəblərin, mədəniyyət müəssisələrinin, sosial obyektlərin tikintisi nəzərdə tutulub. “Cross Works” şirkətinin təqdim etdiyi Baş plana hündürlüyü 575 metr olan və dünyada beşinci böyük tikili olacaq əkiz qüllələr kompleksinin tikintisi də daxildir.

Agentliyin xəbərində qeyd olunur: “Dövlət başçısı diqqətə çatdırıb ki, paytaxtın ekoloji cəhətdən təmiz, əhali üçün hər cəhətdən rahat şəhərə çevrilməsi lazımdır. Ona görə də “Daşkənd yaşıl kəmər” layihəsinin icrasına Yeni Daşkənd ərazisindən başlanılacaq”. Məlumatda bildirilir ki, burada 420 hektar sahədə Mərkəzi Park salınacaq, ərazidə 200 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
banker.az

1Mənbələr