AZ

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Nüfuzlu

Bakı, 24 iyun, AZƏRTAC

Misirin nüfuzlu “Əl Əhram” qəzetinin ingilis dilində nəşr olunan versiyasında Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov ilə geniş müsahibənin mətni dərc edilib.

AZƏRTAC xəbər verir ki, səfir qəzetin müxbirinə iki ölkənin prezidentlərinin yüksək səviyyəli səfərlərinin kommunikasiya və əməkdaşlığın genişləndirilməsinə təkan verdiyini deyib.

“Əl Əhramın Prezident İlham Əliyevin Misirə son səfərindən sonra ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı sualını cavablandıran diplomat qeyd edib ki, cəmi bir il yarım ərzində dövlət başçılarının iki səfəri həyata keçirilib - 2023-cü ilin yanvarında Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycana, bu yaxınlarda isə Prezident İlham Əliyev ikinci dəfə Misirə səfər edib. O əlavə edib: “Bu səfərlər göstərir ki, hər iki ölkə ikitərəfli münasibətlərdə yeni səhifə açır. Son səfər zamanı dövlət başçıları tarixi bəyanatlarla çıxış etdilər, Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Bakı və Qahirə beynəlxalq gündəliyin praktiki olaraq bütün məsələləri üzrə tam anlaşmaya malikdirlər. Hesab edirik ki, bu səfər həm də Yaxın Şərqdə, Cənubi Qafqazda və daha geniş məkanda regional əhəmiyyətə malik idi”.

Səfir qeyd edib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Əl-Əzhər Əl-Şərifdə də olub, burada Əl-Əzhəri Şərifin şeyxi, böyük imamı ilə görüşüb.

İki dost ölkə arasında imzalanan sənədlərdən bəhs edən diplomat deyib: “Biz yeddi sənəd imzaladıq; onlardan beşi ticarət və biznes sahələrini əhatə edir. Siyasi sahədə əməkdaşlığın yüksək səviyyədə olması diqqəti iqtisadi əlaqələrə yönəltməyə imkan verir. Biz, həmçinin Misir Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzaladıq. Bundan başqa, biz Misirin İnvestisiya və Azad Zonalar üzrə Baş İdarəsi (GAFI) ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında 2024-2025-ci illər üçün birgə fəaliyyət Planı da hazırlamışıq.

Azərbaycan və Misirin dünyanın və öz regionlarının aparıcı dövlətləri olduğunu duiqqətə çatdıran E.Poluxov bildirib ki, hər iki ölkənin keçmişində oxşar cəhətlər var. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq onu göstərir ki, Bakı və Qahirə regional və qlobal səviyyədə narahatlıqları tam dərk edirlər.

Səfir qeyd edib: “Prezident Əs-Sisi Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra Cənubi Qafqazda sülh prosesinin vacibliyini vurğulayıb. Azərbaycanın ərəb dövlətləri və Ərəb Liqası ilə çoxtərəfli əlaqələrinə gəldikdə, deyə bilərəm ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycan ərəb dünyası ilə özünəməxsus əlaqələr qurub. Ölkə ərəb dünyası və İslam ümməti ilə əməkdaşlığa həmişə böyük diqqət yetirib. Keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ərəb ölkələrinin əksəriyyətinin dəstəyini həmişə hiss etmişik.

İqtisadi əlaqələrdən bəhs edən səfir bildirib ki, bu sahədə böyük potensial var. 2023-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 13 milyon ABŞ dollarından bir qədər çox olub. “Biz 2024-cü ildə müəyyən artım gözləyirik. Prezidentlər vurğuladılar ki, əczaçılıq, logistika, nəqliyyat, tikinti, neft-qaz, yaşıl enerji, elm və texnologiyalar mübadiləsi kimi sahələrdə əlaqələrimiz genişləndirilməli və intensivləşdirilməlidir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu ilə Misirdən və ya Şimali Afrikadan Mərkəzi Asiyaya və Çinin qərb bölgəsinə yüklərin daşınması üçün son vaxtlar açılan yeni imkanları da vurğuladı.

Müxbirin Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi və bu kontekstdə COP27 konfransını uğurla keçirmiş Misirlə əməkdaşlığı ilə bağlı sualı cavablandıran E.Poluxov qeyd edib ki, ölkəmiz Misir hökumətinə bununla bağlı təcrübə mübadiləsinə, verilən biliyə və dəstəyə görə çox minnətdardır. O əlavə edib: “Prezident Əs-Sisi bu ilin noyabrında COP29-da iştirak etmək üçün Prezidentimizdən dəvət alıb. Əl-Əzhəri Şərifin böyük imamı da bu tədbirdə iştirakını təsdiqləyib. Qeyd etmək lazımdır ki, biz bu mötəbər konfransa aydın mesajlarla, ideyalarla gedirik və belə böyük bir tədbirin öhdəsindən gələ biləcəyimizi nümayiş etdiririk. Bundan əlavə, biz bu tədbiri COP27 və COP28 zamanı qaldırılmış bir çox təşəbbüslər üçün aydın icra mexanizmi ilə real nəticələrə malik olmaq üçün COP29-un tələb etdiyi mövqedən təşkil edirik”.

Müsahibədə Azərbaycan ilə Misir arasında humanitar və mədəni sahələrdə də əməkdaşlığın böyük perspektivləri olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
azertag.az

1Mənbələr