AZ

"Erməni təxribatına qarşı tədbirlər sürpriz olmamalıdır” - Hərbi ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan xalqının artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək deyil, sadəcə yaşamaq istədiyini bildirib. Onun sözlərinə görə, xalqın həqiqəti anlaması nəticəsində son etiraz aksiyaları da uğursuzluğa düçar oldu.



Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Paşinyanın bu fikirlərinin məğlubiyyət sindromunun əlamətləri olduğunu bildirib.

Onun sözlərinə görə, işğal dövründə Ermənistan tərəfi - Nikol Paşinyan və onun ətrafında olan yüksək vəzifəli məmurlar daim Azərbaycanı yeni müharibələrlə, əraziləri işğal etməklə hədələyirdilər:

“İndiki vəziyyətdə Ermənistan həqiqətən də əziyyət çəkmək istəmirsə, qonşularıyla münasibətlərini qaydaya salmalı, xüsusilə də Azərbaycan qarşısında götürdüyü öhdəliklər üzrə vəzifələrini yerinə yetirməlidir. Konstitutsiya dəyişikliyini nədənsə iki il sonraya saxlayan Ermənistan nə milli təhlükəsizlik stategiyasında, nə də hərbi doktirinasında dəyişiklik edib. Bu barədə erməni rəsmilərinin dilindən ümumiyyətlə heç bir söz çıxmır”.

Ə.Verdiyev qonşularla münasibətləri qaydaya salmağın vacibliyindən bəhs edən Ermənistanın bunun əksinə olaraq, hücum silahları almasının sağlam məntiqə sığmadığını bildirib:

“Digər tərəfdən, son iki həftə ərzində intensiv şəkildə həm Naxçıvan, həm də Kəlbəcər istiqamətində Ermənistanın atəşkəsi pozması hallarına rast gəlirik. Paralel olaraq Ermənistanda vəzifəyə təyin edilən silahlı qüvvələrinin baş qərargah rəisi qaytarılan Qazax kəndlərini Ermənistan ərazisi hesab edir. Göyçə qubernatoru isə Azərbaycana qarşı güc tətbiqindən bəhs edir. Ermənistan baş nazirinin verdiyi bəyanatlar onun vəzifəyə təyin etdiyi şəxslərin səsləndirdiyi fikirlərlə zidiyyət təşkil edir. Buna görə Azərbaycan tərəfinin həm atəşkəs pozuntuları, həm də Ermənistanın yerinə yetirmədiyi öhdəliklərə görə adekvat addımlar atması kimsə üçün sürpriz olmamalıdır”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
bakupost.az

1Mənbələr