AZ

Azərbaycan polisi: hər zaman vətəndaş naminə

Ölkəmizdə daxili sabitliyin, vətəndaş hüquq və təhlükəsizliyinin qorunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları üzərinə düşən vəzifələri həmişə layiqincə həyata keçiriblər.

Bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən faciəvi hadisə nəticəsində üç polis əməkdaşının həyatını itirməsi hər kəsi dərindən kədərləndirməklə yanaşı, eyni zamanda hər kəsdə cinayət törədib, qanunlara tabe olmayan şəxslərə qarşı ikrah və nifrət hissi yaradır. Bu, birinci hadisə deyil, dəfələrlə Azərbaycan polisi vətəndaşın təhlükəsizliyi naminə canından keçməli olub. Dəfələrlə bir cinayətkarın onlarla insana vuracağı ziyanın qarşısını alarkən həyatını itirən qəhrəman polislərimiz olub. Xalq mənsub olduğu dövlətə şücaətlə xidmətinə, vətəndaşın təhlükəsizliyi naminə yorulmaz, gecəli-gündüzlü fəaliyyətinə görə həmişə Azərbaycan polisini təqdir edib, onun ağır zəhmətini yüksək dəyərləndirib.

Baş verən hadisədə üç polis nəfərinin həyatını itirməsini böyük kədərlə qarşılayırıq. Üç polis nəfəri ilə yanaşı, bir mülki vətəndaşımızın ölümü ilə nəticələnən hadisədə günahkar olan, əvvəllər dəfələrlə məhkum edilmiş, hadisə baş verən zaman axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu cəzasız qalmayıb. Bəs görəsən, bir neçə dəqiqə ərzində dörd nəfəri öldürən, cinayət törətdiyini bilə-bilə polisdən qaçmaq istəyən, ələ keçməmək üçün ailə üzvlərini önə verib onların arxasında gizlənən insanlıqdan kənar, cinayətkar Rövşənin ruhu bu dörd nəfərin həyatına nöqtə qoyduğu üçün narahat olacaqmı? Yoxsa cinayətkarların ürəyi, qəlbi daş olduğu kimi, ruhları da heç olmur... Bu cinayətkarın ruhu dörd adamın arxasınca gözüyaşlı qalan neçə-neçə insanların ahını necə daşıyacaq? “Ata”,- deyib inləyən, ata yolu gözləyən, atasız böyüyən, həyatına atasız davam edən uşaqların ahı onun ruhunu rahat buraxacaqmı?

Dörd insan dörd ailə demədir. Dörd azərbaycanlı ailəsinə kədər, qəm vermək haqqını Rövşənə kim vermişdi? Dörd kişinin həyat yoldaşını həyatın keşməkeşləri ilə üz-üzə qoymağa Rövşənin nə haqqı var idi?

Kimdən danışıram? Qatı cinayətkardan. İnsanlıqdan, övladlıqdan kənar, vəhşi demək olar bu qatilə. Bir adam ki, özünü müdafiə etmək üçün ailəsini önə verir, onun üçün kiminsə ölməyinin mənası olardımı?

Düşünürəm ki, dünyada olmasa da, Rövşənin valideynləri onu cəza olaraq övladlıqdan rədd etməli, ailəsi ondan imtina etməlidir. Çünki belə cinayətkarın, əxlaqi dəyərləri, mənəviyyatı olmayan şəxsin valideyni, qardaş-bacısı, həyat yoldaşı, övladı olmaq həyat boyu utanmaq deməkdir.

Sən cinayət törədəsən, həm də yaxalanmaqdan yaxa qurtarmağa çalışasan, Azərbaycan polisinə silahlı müqavimət göstərməyə çalışasan, dörd ailəni gözüyaşlı qoyasan, bundan böyük cinayət ola bilməz. Çox təəssüf edirik ki, Rövşən azərbaycanlı adı daşıyırdı. Bu cür cinayətkarın, ölkə vətəndaşlığından çıxarılması hər kəsin ən böyük arzusudur. Nə olsun ki, artıq dünyada deyil.

Dövlətimiz hər zaman ərazisinin təhlükəsizliyini, vətəndaşının sabitliyini təmin edənləri yüksək qiymətləndirib. Söz yox ki, vəzifə başında həyatını itirən üç polis əməkdaşı da onların sırasında olacaqdır.

Azərbaycan polisinin bugünkü əzmi, mətanəti qarşısında baş əyirik. Ailələrinə dərin hüznlə başsağlığı veririk. Onların övladı hər birimizin övladıdır.

Daim vətəndaşın təhlükəsizliyi keşiyində olan Azərbaycan polisi ilə qürur duyuruq!

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
sesqazeti.az

2Mənbələr