AZ

“Cənubi Qafqaza olan maraq artıb“ - ŞƏRH EDİLDİ

“Şübhəsiz ki, istər Gürcüstanda, istərsə də Ermənistanda baş verənlərə Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsinin tərkib hissəsi kimi baxmaq lazımdır. İkinci Qarabağ savaşında ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda Cənubi Qafqaza olan maraq kifayət qədər artıb. Qərb də bu marağını gizlətməyərək bütün imkanları ilə hərəkətə keçib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, öz Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən güclərin Azərbaycana da təzyiqlər etdiyi sirr deyil: “ABŞ konqresində olan dinləmələr, sanksiya hədələri ilə bağlı çıxışlar, ayrı-ayrı Avropa İnstitutlarının Azərbaycanla bağlı qərəzli qətnamələri, bəyanatları, hamısı əslində rəsmi Bakıya təzyiq məqsədilə edilirdi. Amma Azərbaycanın bütün bu təzyiqlərə boyun əyməməsi, eləcə də öz xarici siyasətində balanslı siyasəti həyata keçirməsi, müstəqil xarici siyasət kursunu davam etdirməsi böyük ölçüdə müxtəlif Qərb dairələrini Azərbaycana təzyiq göstərməklə nəyəsə nail olmağın mümkünsüzlüyünə inandıra bildi. Bundan sonra konkret olaraq Cənubi Qafqazın digər iki ölkəsi ilə bağlı fəaliyyətə başlanıldı.İlk olaraq Ermənistan istiqamətində çoxdan planlaşdırılan addımlar atılmağa başladı və açıq demək lazımdır ki, Qərb Ermənistanı böyük ölçüdə ram etməyi bacardı. Bu isə Rusiyanın Cənubi Qafqaz maraqlarına zərbə vurmaq idi və nəticədə Rusiya da müvafiq olaraq hərəkətə keçdi. Çünki Ermənistan Cənubi Qafqazın Rusiya hərbi bazaları olan yeganə dayağıdır. Bundan əlavə Ermənistan həm də KTMT və Avrasiya İqtisadi ittifaqının üzvü olaraq Rusiyanın müttəfiqidir. Odur ki, Rusiya Ermnistana qarşı iqtisadi təzyiq rıçaqlarının işə salmazdan əvvəl özünün ənənəvi müttəfiqlərini, yəni, keçmiş hakimiyyət təmsilçilərindən ibarət Paşinyan müxalifətini hərəkətə keçirdi. Həmin şəxslərin erməni cəmiyyətində populyar olmadığını və sevilmədiyini bildiyi üçün isə həm də kilsəni hərəkətə keçirdi. Qərb isə müvafiq olaraq anti Paşinyan qruplaşmasının mövqelərini zəiflətmək üçün Ermənistana dəstəyini nümayiş etdirir. ABŞ və Avropa İttifaqı rəsmilərinin davamlı səfərləri, silahlanma istiqamətində atılan addımlar, Ermənistana mütəmadi olaraq maliyyə dəstəyinin verilməsi də bunun bariz göstəricisidir.Gürcüstana gəldikdə isə Saakaşvili hakmiyyətindən sonra Rusiya ilə Qərb arasında balanslı siyasət yürütməyə başlayan Gürcüstan hakimiyyəti bu siyasəti davam etdirməkdə maraqlı idi. Amma Qərb artıq bununla yetinmək istəmir. Gürcüstanda da Ermənistanda olduğu kimi, sözəbaxan və Rusiya ilə münasibətlərdə məsafə saxlayan hakimiyyət istəyir. Xarici agentlər haqqında qanun isə sadəcə bir bəhanədir. Belə ki, Gürcüstanı belə bir sənədin qəbulundan çəkindirməyə çalışan ABŞ, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin özləri vaxtilə oxşar qanunlar qəbul etmişdilər. Yəni başqa sözlə desək, Qərb özü xarici agentlər barədə normativ-hüquqi aktlar qəbul etdiyi halda indi bunun başqalarına qadağan etməyə çalışırdı. Mən tamamilə əminəm ki, Gürcüstan hakimiyyəti hətta adıçəkilən qanunun qəbulu istiqamətində hər hansı addım atmasaydı belə Qərb dairələri təzyiq üçün başqa bəhanələr tapacaqdılar. Qanunun müzakirəyə çıxarılması, sadəcə, prosesləri sürətləndirdi.Gedişat onu göstərir ki, hər iki tərəf, yəni həm Qərb, həm də Rusiya öz Cənubi Qafqaz maraqlarının təmi etmək üçün sonacan bütün mümkün vasitələrdən istifadə edəcəklər. Gürcüstanda bu qarşıdurmanın nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətin olsa da, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxacağını proqnozlaşdırmaq mümkündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
sesqazeti.az

2Mənbələr