AZ

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır -ŞƏRH

Azərbaycanın

Bakı, 24 iyun, AZƏRTAC

Otuzillik tarixə malik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin alternativ enerji mənbələrindən əldə olunan enerjinin Avropaya ixracının mümkünlüyü fonunda Bakı Enerji Həftəsinə mükəmməl transformasiya edilməsinin xarici media subyektlərində, xüsusilə də “Euronews”da işıqlandırılması bir daha onu deməyə əsas verir ki, dünyanın siyasi mənzərəsinin nəbzi məhz enerji axının sabit və davamlı olması ilə birbaşa bağlıdır. Bu, artıq bir siyasi reallıqdır ki, son beş il ərzində regionda baş verən siyasi, iqtisadi və hərbi dəyişikliklər əsnasında Azərbaycanla ənənəvi və alternativ enerji mübadiləsinin aparılması ümumilikdə enerji bazarında rəsmi Bakının mövqeyinin güclənməsindən xəbər verir. Bu, həm də Azərbaycanın etibarlı tərəfdaş və təhlükəsizlik qarantı rolunda çıxış etməsi ilə şərtlənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

Politoloq bildirib ki, sonuncu Bakı Enerji Həftəsi zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı bir sıra mühüm məqamlara aydınlıq gətirildi. Belə ki, Azərbaycanın enerji gücünün alternativ enerji mənbələri olan günəş, su və külək hesabına artırılması diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın öz tələbatından artıq əldə etdiyi enerjinin dünya bazarına, xüsusilə də Avropaya ötürülməsi əsas strateji planlardandır. Bu işdə əsas tərəfdaşların isə “Masdar” və “ACWA Power” olması ölkəmizin enerji siyasətinin coğrafiyasının miqyasından, eləcə də Ərəb Dövlətləri Liqası ilə sıx əməkdaşlığından xəbər verir. Bununla yanaşı, ölkəmizdə bu sahədə əlverişli investisiya imkanlarının mövcudluğu barədə məhz bu nəhəng şirkətlər vasitəsilə dünyanın enerji titanlarına də subliminal mesajlar göndərildi.

“Azərbaycan Prezidentinin müsahibəsi zamanı diqqəti çəkən məqamlardan bir də əldə edilmiş alternativ enerjinin Avropaya ötürülməsi zamanı logistik imkanların dəyərləndirilməsi haqqında söylənilən fikirlər idi. Bu isə ən optimal variant kimi qonşu dövlətlərlə məhz Zəngəzur dəhlizi vasitəsilə enerji axınını ötürmək kimi vacib bir planı yenidən masaya gətirə bilər. Azərbaycan və qardaş Türkiyə tərəfindən bu istiqamətdə kommunikasiya xətlərinin tikilməsi ilə bağlı artıq bir sıra vacib addımlar atılıb. Görünən odur ki, Azərbaycan bu məsələdə Zəngəzur dəhlizinin daha çox enerji axınına xidmət etməsindəki rolunu önə çəkməklə həm də bu planın reallaşmasını yenidən gündəmə gətirir.

Azərbaycanın bu sahədəki uğurları və əldə edilən enerjinin dünya bazarlarına çatdırılması ölkəmizin bu istiqamətdə liberal siyasət həyata keçirdiyini bir daha sübuta yetirir. Bu isə özlüyündə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinə, həmçinin Azərbaycanın enerji siyasətinə ABŞ Prezidenti səviyyəsində olan xüsusi diqqətin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Hər il təşkil olunan sərgidə Azərbaycanın enerji potensialını, rəsmi tərəfdaşlıqdakı etibarlılığını, qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən şirkətlərin və dövlətlərin sayı artmaqdadır”, - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, 37 ölkədən 300-dək şirkətin qatıldığı Bakı Enerji Həftəsi qarşıdan gələn COP29 tədbiri üçün proloq rolunu da oynayır desək, yəqin yanılmarıq. Çünki məhz COP29 çərçivəsində dünya ölkələrinin müzakirə edəcəyi əsas məsələ karbon qazı emissiyasının azaldılması və ətraf mühitin sağlamlaşdırılması olacaq. Bu baxımdan Azərbaycanın tədbir iştirakçıları ilə müzakirə və əməkdaşlıq üçün təqdim edəcəyi vacib istiqamətlər artıq formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azertag.az

1Mənbələr