AZ

Zubir “Qarabağ”a niyə dönmədi? – yenə ərəblərin pulu…

İyunun 18-də yeni mövsüm üçün hazırlığa başlayan “Qarabağ”ın yığma üzvü olan yerli və legioner futbolçulara verdiyi möhlət bu gün bitdi. Amma ağdamlıların düşərgəsində gözlər indi başqa birini axtarır – yeni müqavilə ilə bağlı təklifə nə “hə”, nə də “yox” deyən Abdulla Zubiri!

Əcəba, fransalı vingerin adı ətrafında nə baş verir? Çempionun əvəzedilməzlərindən sayılan Abdulla izsiz-soraqsız gedəcəkmi?

Müstəsna birisi
Bəribaşdan bir həqiqəti etiraf edək ki, Zubir “Qarabağ” və Azərbaycan futbolu üçün sıradan biri deyil. 1991-ci il dekabrın 5-də Lilldə – Mərakeş əsilli ailədə dünyaya gələn Abdulla vaxtilə futzal da oynadığından topla çox incə davranır, cəlbedici oyun göstərir, hərəkətlərində o qədər incəlik var ki, bir çox hallarda fiziki çatışmazlığını da kölgədə qoyur.

“Qarabağ”a “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans” yerdəyişmələrindən sonra gəlib çıxan vinger həm burda, həm də azərbaycanlı futbolsevərlərin qəlbində özünə yer tapdı. 3 gündən sonra “Qarabağ”la anlaşmasının 6 ili tamam olur. Təkcə elə klublarımızın avrokuboklardakı 1 nömrəli bombardiri (14 qol) olduğunu xatırlatmaq kifayətdi.

Bəli, artıq müqavilə müddət bitib. Belədə suallar yaranır: “Qarabağ” ona yeni müqavilə təklif edibmi? Edibsə, hansı müddətə? Futbolçunun şərtlərlə razılaşmamasının səbəbi nədi? “Qarabağ”ın onunla anlaşmaq ehtimalı varmı?

Zubirin mövqeyi
“Qarabağ” ona 2, maksimum 3 illik müqavilə təklif etməyə hazırdı. Hazırda danışıqlar getsə də, hələ klubun şərtlərini qəbul etməyib. “Qarabağ”ın yekun təklifinə nə “hə” deyib, nə də “yox”. “Hə” desəydi, həm də yığma üzvü olmadığına görə artıq iyunun 18-də düşərgədə olmalıydı. Amma “yox” da deməyib. “Yox” desəydi, Ağdam klubu artıq açıqlama verərdi ki, Zubirlə yollarımızı ayırdıq, xidmətlərinə görə təşəkkür edirik-filan. Yəqin ki maksimum gələn həftənin sonuna qədər məsələ həllini tapacaq.

Hər kəsi düşündürən məqamlardan biri də budu ki, Zubir bəlkə karyera yüksəlişinə nail olmaq, “Qarabağ”ı Türkiyə, Fransa və ya başqa “böyük beşlik” ölkəsinin klubuna dəyişmək istəyir? Birmənalı şəkildə belə deyil. Dekabrda 33 yaşını tamamlayacaq futbolçuya Avropanın ciddi klublarından birinin maraq göstərməsi nə dərəcədə realdı? Təbii ki, real deyil. Xüsusən də Türkiyənin daim maliyyə problemləri ilə üzləşən ortabab klublarına getməsi. Amma günü-günə satmaqla vaxt qazanmaq, daha sərfəli təklif almaq istəyir. Təbii ki, “Qarabağ”dan yox. Zubir “Qarabağ”da maksimum hansı məbləği qazanacağını yaxşı bilir. “Qarabağ” heç bir futbolçuya görə standartlarını iki-üç dəfə aşan deyil. İndiyə qədər belə praktika olmayıb, olmayacaq da. Abdullanın da beynində belə fikir var ki, sərbəst futbolçuyam, yaxşı mövsüm keçirmişəm (55 oyun – 15 qol, 19 məhsuldar ötürmə!), Səudiyyə Ərəbistanından 1,5-2 milyonluq təklif ala bilərəm. Amma bu günə qədər “Qarabağ”a “yox” deməyibsə, deməli, əlində belə təklif yoxdu.

“Qarabağ”ın mövqeyi
Son ilyarımda bir çox ulduzu ilə vidalaşan “Qarabağ” son 6 ildə ayrılmaz hissəsi olan futbolçunun gedişini göz önünə alıb. Təbii ki, sabah hansısa klub daha yüksək məbləğ təklif etsə, Abdulla gedəcək. Baxmayaraq ki, ortada “Qarabağ”dan ayrılan bir çox futbolçunun sonradan suyu süzülə-süzülə qayıtması ilə bağlı çoxlu nümunə var.

Qəribədi ki, bu məsələdə pul əsas amil rolunu oynayacaqsa da belə, indiki məqamda ön planda deyil. Zubir əvvəlcə “hə” deməli, danışıqlar masasına oturmalıdı ki, Ağdam klubu ilə qalan şərtləri razılaşdırsın. İndi o, həm getmək istəyir, həm də qalmaq. “Qarabağ”ın verdiyi möhlət artıq başa çatıb. Abdulla kluba son sözünü deməlidi. Amma son sözün “hə” və ya “yox” olmasına görə onu qınamağa dəyməz. Ədalət naminə deyək ki, Zubir son 6 ildə “Qarabağ”a vicdanla xidmət edib!football-plus.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
moderator.az

2Mənbələr