AZ

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir

“İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.” - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 

 Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin büdcəsi durmadan artır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi  diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib.

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir. Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.

Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

Qəhrəman Qasımov 

Əməkdar müəllim, Qarabağ veteranı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
missiya.az

1Mənbələr