AZ

Azərbaycanın yaşıl enerji strategiyası və qlobal enerji bazarındakı rolu ŞƏRH

Prezident İlham Əliyevin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində Azərbaycanın enerji siyasəti, bərpaolunan enerji mənbələrinə olan diqqət və beynəlxalq əməkdaşlıq barədə əhəmiyyətli məqamlar vurğulanıb. Azərbaycan ənənəvi enerji sektorunda möhkəm mövqeyə malik olmasına baxmayaraq, yaşıl enerji istiqamətində də önəmli addımlar atmaqda və bu sahədə qlobal liderlik ortaya qoymaqdadır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın enerji sektorunda strateji tərəfdaşlıq qurduğu “Masdar” şirkətinin rolunu vurğulayıb. Keçən ilin oktyabr ayında Azərbaycanın ilk 230 meqavatlıq Günəş enerjisi stansiyasının açılışı bu tərəfdaşlığın mühüm bir göstəricisidir. Bu layihə ölkənin 2030-cu ilə qədər 10 qiqavat gücündə bərpaolunan enerji istehsal etmək məqsədini əks etdirən bir addımdır. Bu cür layihələr Azərbaycanın yaşıl enerji strategiyasının əsasını təşkil edir və ölkənin gələcəkdə qlobal enerji bazarında daha da möhkəmlənməsini təmin edəcəkdir.

Azərbaycanın investisiya mühiti də yaşıl enerji layihələri üçün əlverişlidir. Prezident İlham Əliyev ənənəvi enerji sektorundan əldə edilən gəlirlərin hazırda bərpaolunan enerji sahəsinə yönəldildiyini bildirib. Bu istiqamətdə Azərbaycan COP29-a ev sahibliyi edəcək və bu tədbir ölkənin yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən biri olmasını təmin edəcəkdir. Beləliklə, Azərbaycan yaşıl enerji sektorunda qlobal liderlik nümunəsini bir daha təsdiq etmiş olur.

Ölkəmizdə “Masdar” ilə yanaşı “ACWA Power” və BP kimi beynəlxalq sərmayədarlarla da əməkdaşlıq genişlənməkdədir. Azərbaycanın bərpaolunan enerji sahəsində olan potensialı digər ölkələrin bir çox şirkətləri tərəfindən də maraqla qarşılanmaqdadır. Lakin, bu enerjinin milli enerji şəbəkəsinə inteqrasiyası üçün ötürülmə xətlərinin gücləndirilməsi və sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi vacibdir. Bu məqsədlə qonşu ölkələrlə fəal əməkdaşlıq tələb olunur çünki, Azərbaycanın bərpaolunan enerjidən istehsal etdiyi enerjinin böyük hissəsi ixrac üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev müsahibəsində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini də vurğulayıb. Bərpaolunan enerji istifadəsi üçün maksimum məhsuldarlıq təmin edilməli və təbii qaza qənaət edilməlidir ki, bu Avropa üçün əhəmiyyətli olan enerji tələbatını təmin edə bilsin. Bakı Enerji Həftəsi də bu istiqamətdə ölkəmizin qlobal liderliyini əks etdirən mühüm bir tədbirdir. Bu il 37-dən çox ölkədən 300-dən çox nümayəndənin iştirakı ilə keçirilən tədbir Azərbaycanın enerji sektorunda gücünü və təsirini bir daha göstərib.

Son olaraq Prezident İlham Əliyev Azərbaycanın COP29 zamanı və ondan sonrakı dövrdə elə müsbət mühit yaratmağı hədəflədiyini bildirmişdir ki, ölkələr və şirkətlər qarşılıqlı olaraq bir-biri ilə daha sıx əməkdaşlıq edə bilsinlər və planetin qorunması üçün əsas gündəliyə diqqət yetirə bilsinlər. Bu istiqamətdə atılan addımlar Azərbaycanın qlobal enerji bazarında daha da möhkəmlənməsini və yaşıl enerji sahəsində önəmli bir oyunçu olmasını təmin edəcəkdir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
sesqazeti.az

2Mənbələr