AZ

Əli Kərimlinin “seçki havası” və Molla Nəsrəddinin eşşəyi…

“Yayın cırhacırında da seçki olar?”. Bunu AXCP sədri Əli Kərimli gözlənilən növbədənkənar parlament seçkiləri ilə bağlı deyib. Yəni hava istidir, müxalifət yayın cırhacırında “kondisioner” altında uzanıb dərin düşüncələrə daldığı vaxt nə seçki?! Əslində, Əli Kərimlinin bu dəfə də seçkiyə getməmək üçün bəhanə axtardığı ortadadır, təəccüblü deyil. Çünki heç bir seçkiyə qatılmadan “evcik-evcik” kimi müxalifətçilik oynayan Əli Kərimli klaviatura arxasından qalxdığı zaman heç bir “siyasi çəkisinin” olmadığını yaxşı bilir, ona görə də bəhanə axtarır.

İndi Əli Kərimlinin məntiqi ilə seçki hansı havada keçirilməlidir? 

Qışdamı, yaydamı, payızdamı, yoxsa ağaclar çiçək açanda?

2008-ci ildə prezident seçkiləri noyabrda keçirilmişdi. Müxalifət “yağış yağır” bəhanəsi ilə seçkiyə getmədi. 

2015-ci il parlament seçkilərində də onlar üçün “yağış” yaxşı bəhanə idi. 

2018-ci ildə prezident seçkiləri fevralın soyuğunda baş tutmuşdu. Müxalifət də “bu soyuqda seçki olar?” deyib isti sobanın yanından ayrılmadı. 

2020-ci ildə parlament seçkiləri yenə “qışın oğlan çağında” idi, müxalifət yenə özünü soyuğa vermək istəmədi. 

İndi də yenə havanı bəhanə edir, “bu istidə seçki olar” deyirlər, çünki əllərində başqa bəhanələri yoxdur. Bəlkə Əli Kərimli başda olmaqla müxalifət üçün seçkini “çıxmaz ayın son çərşənbəsinə” təyin etmək lazımdır?! 

Əli Kərimlinin seçki ilə bağlı “hava bəhanəsi” Molla Nəsrəddinin eşşəyini yada salır.

Bir gün Molla Nəsrəddin oğlu ilə səfərə çıxır. Molla oğlunu eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir ki, “bu da indiki cavanlar, heç böyüyə hörmət etmirlər, o boyda sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”.



Bu qınaqdan utanan Mollanın oğlu eşşəkədən düşür, atasını mindirir.

Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın. O boyda kişi eşşəyə minib, yazıq uşaq piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir. 

Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara baxın, iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”. 

Bu dəfə nə molla, nə də uşaq eşşəyə minmir. Onlar piyada yola düzəlirlər. Qarşıdan gələn başqa dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”.

Axırda mollanın əlacı kəsilir, eşşəyi bellərinə mindirirlər. Onda da camaat gülür ki, “bunlarda ağıl yoxdur”.

İndi Əli Kərimli və dəstəsinə “tövbə” yoxdur, nə baş verir, versin, nə olur olsun, mütləq bir bəhanə tapacaqlar.

Vaqif Hüseynli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
demokrat.az

1Mənbələr