AZ

Olimpiadaya yollanacaq boksçumuz: “Parisdə bayrağımızı dalğalandırmağa, himnimizi səsləndirməyə çalışacam” – LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Boksçumuz Malik Həsənov Taylandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində Paris Olimpiadasına vəsiqə qazanmaqla hamımızı sevindirdi. 63,5 kq çəki dərəcəsində mübarizə aparan Maliklə söhbətdə onu oxucularımıza yaxından tanıtmağa çalışmaqla yanaşı, maraqlı məqamlara da toxunduq.

Olimpiadaya


- Malik bəy, istərdik ki, oxucularımıza özünüz haqqında məlumat verəsiz. İdmana gəlişiniz necə oldu? İlk məşqçiniz kim idi?
- Mən 1998-ci ilin aprelində Mingəçevir şəhərində dünyaya göz açmışam. Amma əslən Qarabağ zonasındanam. Əslimiz Cəbrayıl rayonundandı. İdmana gəlişim 5 yaşıma təsadüf edib. İlk məşqçim isə elə atam İqrar Həsənov olub. Atamın arzusu-istəyi ilə idmanla məşğul olmağa başlamışam. Bu qərarına görə də ona minnətdaram. Məni düzgün yola yönəldib. İdmanla məşğul olanların sağlam bədənlə yanaşı, sağlam ruha sahib olması hər kəsə məlumdu.

- Niyə məhz boksu seçdiz? Boksu başqa idman növlərindən fərqləndirən xüsusiyyət, onu sizə sevdirən cəhətlər hansılar idi? Ümumiyyətlə, boks idmançıya nə verir?
- Qeyd etdiyim kimi, boksa atamın istəyi ilə gəlmişəm. Atam arzulayıb ki, mən boksla məşğul olum. Bir növ seçim onun olsa da, mənim də ürəyimcə olub. Zaman keçdikcə həm özümü dərk etmişəm, həm də bokcu. Ümimiyyətlə, idmanı daha yaxından başa düşməyə başlamışam. Əldə etdiyim nailiyyətlər, çempionluqlar mənə boksu daha da sevdirib. Belə demək mümkünsə, boks həyat tərzimə çevrilib. Bu idman növü ilə məşğul olduqca özümü daha da rahat hiss etmişəm. Əminliklə deyə bilərəm ki, boks idmançıya həm sağlam həyat tərzi, həm də özünəinam verir. Boksu başqa idman növlərindən fərqləndirən bir çox xüsusiyyətlər var. Boks fəlsəfədi, bir elmdi. Rusların bu mənada yaxşı bir sözü var. Onlar boksu ikinci şahmat adlandırırlar. Boks elədi ki, burda sırf gücünü yox, həm də ağlını işlətməlisən, döyüş üslubunu düzgün qurmalısan. Texniki-taktiki baxımdan üslubunu düzgün seçməli, rəqibə necə qalib gəlmək lazım olduğunu bilməlisən. Boksla illərlə məşğul olsan belə, hər gün yeni nəsə öyrənirsən. Bütün bunlar isə boksu sənə daha da sevdirir. Boksun idmançıya nə verdiyinə gəlincə, ümumiyyətlə, bütün idman növlərini birləşdirən bir cəhət var. İdman insanlara nizam-intizamlı olmağı öyrədir. Rejim qurursan, ona riayət edirsən. Boks ağır atletika kimidi. Orda uzun müddət qalmaq, davam etmək çox çətindi. Amma bu çətinliyi sevmək lazımdı. Mən boksu sevirəm, deməli, onun çətinliklərini də sevirəm. Boksda uğurlar qazandıqca onu daha çox sevməyə başlayırsan. Çox yaxşı haldı ki, bayrağımızı fərqli ölkələrdə dalğalandırırıq, himnimizi səsləndiririk.

- İstərdik ki, bir az keçmişə nəzər salaq. İndiyə qədər hansı nəticələri qazanmısız, yaddaqalan uğurlarınız olub? Bundan sonra qarşıda hansı hədəflər dayanır?
- Mən dəfələrlə məktəblilər arasında, həm də yeniyetmələr və gənclər arasında keçirilən turnirlərdə iştirak etmişəm. Eyni zamanda da beynəlxalq səviyyəli yarışlarda Azərbaycanı təmsil etmişəm. Bu yarışlarda qalib olmuşam, çempion adını qazanmışam. Şükürlər olsun ki, yeniyetmə və gənclər arasında qazandığım uğurları indi kişilər arasında davam etdirirəm. Avropa və dünya çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə dəfələrlə qələbələrim var. İnşallah, qarşıdakı hədəfim olimpiya medalıdı. Karyeramda ilk dəfə Olimpiadaya lisenziya qazanmışam. Ölkəmizi bu mötəbər yarışda təmsil edəcəm. Çalışacam ki, layiqincə çıxış edim. Hədəfim tarix yazmaq, qızıl medal qazanmaqdı. Parisdə bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışacam.



- Boksla məşğul olan idmançılar hansı çətinliklərlə qarşılaşır, bu idman növündə ilk addımlarını atanlara məsləhət kimi nə demək istərdiz, nələrə diqqət yetirmək lazımdı?
- Bu mənada boksçular bir sıra çətinliklərlə qarşılaşır. Az öncə qeyd etdiyim kimi, boks bir növ ağır atletikadı. Burda uzun müddət qalmaq xeyli çətindi. Çətin olduğu qədər də şərəfli yoldan keçirsən. Bilirsiz ki, boksda birbaşa baş nahiyəsini hədəfə alan zərbələr var. Bu zərbələr də idmançının sağlamlığı üçün təhlükə yaradır. Əvvəllər boksda qoruyucu maskalardan, baş geyimindən istifadə edilirdi. İndi bunlar yoxdu. Tam bir peşəkar boks gedir. Başa və bədənin başqa nahiyələrinə zərbələr ünvanlanır. Məşq prosesində bunu öyrənməlisən ki, o zərbələrdən necə yayınmağı bacarasan. Bir sıra idman növlərində olduğu kimi, boksda da əsas çətinliklərdən biri çəki atmaqdı. Bu da öz növbəsində xeyli çətin prosesdi, çəkini nizamlamalısan. Qidalara mümkün qədər nəzarət etməlisən. Yarışa az müddət qalanda artıq çəkidən qurtulmalısan. Çəki atmağı elə nizamlamalısan ki, yarış vaxtı yorğun olmayasan. Boksda yarış müddətində hər gün çəki günüdü. Yəni ki, yarış davam etdikcə hər gün tərəziyə çıxırsan, çəkin yoxlanır. Buna görə də çəkini nizamda saxlamalısan. Bir peşəkar boksçi kimi zaman keçdikcə bunu sevməyə paşlayırsan, nizam-intizama, rejimə nəzarət etməklə bütün bu çətinlikləri daha asan geridə qoyursan. Boksda ilk addımlarını atanlara məsləhət kimi onu deyərdim ki, nə qədər çətin olsa da, boks çox yaxşı idman növüdü. Valideynlərə də səslənirəm ki, xüsusən də oğlan övladlarını boksa yazdırsınlar. Boks əsl kişi idmanıdı, qoy oğlanlar çətinliyə öyrəşsinlər. Eyni zamanda da valideynlərin nəzərləri daim övladlarının üzərində olsun.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
football-plus.az

1Mənbələr