AZ

Günvurma nədir, zərərləri nələrdir, risk altındakı qruplar hansılardır, günvurmadan necə qorunmaq olar?

Günəşin canlılar üzərindəki təsiri danılmazdır. Günəşin güclü işığına uzun müddət məruz qalmaq bəzən orqanizmdə ciddi sağlamlıq problemləri yarada bilər. Bunlardan biri də günvurmadır. Günvurma, bədənin həddindən artıq istiyə məruz qalaraq normal temperatur tənzimlənməsini itirdiyi bir vəziyyətdir. Günvurmanın simptomları adətən tez görünür. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, dəri qızartısı və qızdırma kimi əlamətlər müşahidə oluna bilər. Eyni zamanda sürətli nəfəs alma və sürətli ürək döyüntüsü müşahidə edilə bilər. Daha ciddi simptomlar da baş verə bilər. Bu simptomlardan hər hansı biri ilə qarşılaşsanız, dərhal kölgəli bir yerə çəkilin. Uzun müddət Günəşə məruz qalmaq isti və rütubətli iqlimlərdə müşahidə olunur. Günəşli günlərdə az maye qəbulu, həddindən artıq fiziki fəaliyyət günvurmaya səbəb ola bilər. Günvurma bədən istiliyini tənzimləmək üçün tərləmə vasitəsilə soyutma mexanizmi uğursuz olduqda baş verir. Bu zaman orqanizm həddindən artıq istiləşir və ciddi sağlamlıq problemlərinə səbəb olur. Yayın istisində günvurmadan necə qorunmaq olar? Günvurmadan qorunmaq üçün ən vacib addımlardan biri Günəşin ən güclü olduğu vaxtlarda uzun müddət çöldə qalmamaqdır. Günəş saat 10:00 ilə 16:00 arasında ən yüksək nöqtədə olur. Bu saatlarda Günəşə məruz qalmamaq önəmlidir. Əgər çöldə olmalısınızsa, kölgəli yerlərdə qalmaq və birbaşa Günəş işığını minimuma endirmək vacibdir. Nəmləndirmə də günvurmanın qarşısını almaq üçün vacibdir. İsti havalarda bədənimiz daha çox tərləyir və su itirir. Buna görə də bol su içmək faydalıdır. İsti günlərdə orqanizminizin ehtiyac duyduğu su miqdarını qarşılamaq üçün müəyyən aralıqlarla su içməyi unutmayın. Unutmayın ki, alkoqol və kofein tərkibli içkilər suyun əvəzedicisi deyil. Belə içkilər susuzluğu artıra bilər. Günvurmadan qorunmağın başqa bir yolu havaya uyğun paltar geyinməkdir. Açıq formada və açıq rəngli paltarların seçilməsi günəşin təsirini azaldaraq bədəninizin sərin qalmasına kömək edir. Pambıq və nəfəs ala bilən parçalar seçmək də vacibdir. Papaq və gözlük kimi aksesuarların taxılması üzünüzü və gözlərinizi Günəşin zərərli təsirlərindən qoruyur. Günvurmadan qorunmağın daha bir effektiv yolu günəş kremindən istifadə etməkdir. Günəş kremi dərini günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından qoruyur. Yüksək qoruyucu faktorlu günəşdən qoruyucu vasitələrdən istifadə etməklə, dərinizi Günəş yanığından qoruya bilərsiniz. Günəş kremindən istifadə edərkən onu mütəmadi olaraq yeniləməyi unutmayın. Fiziki fəaliyyətlərin uyğun saatlara keçirilməsi də günvurmanı önləməyin bir üsuludur. Əgər məşq etməyi planlaşdırırsınızsa, bunu səhər tezdən və ya axşam saatlarında etmək daha təhlükəsizdir. Bu saatlarda Günəş daha az təsir göstərdiyi üçün bədəninizin həddindən artıq istiləşmə riski daha azdır. Yayın istisində günvurmadan qorunmaq vacibdir. Simptomları sürətlə ortaya çıxan və ciddi sağlamlıq problemlərinə yol aça bilən bu vəziyyətin qarşısını almaq önəmlidir. Günəşdən həzz alarkən sağlamlığınızı qorumaq üçün qeyd olunan ehtiyat tədbirlərinə əməl etməyiniz tövsiyə olunur. Bəzi insanlar günvurmaya daha həssas ola bilər və bu insanlar çox vaxt yüksək risk qrupları arasındadır. Birinci qrup, yaşlı insanlardır. Zaman keçdikcə, yaşla bədən istiliyini tənzimləmək qabiliyyəti azalır və bədən istiliyini saxlamaq mexanizmləri zəifləyir. Buna görə də, yaşlı insanlar günvurmaya qarşı çox həssasdırlar. Körpələr və azyaşlı uşaqlar günvurma riski altında olan digər qruplardır. Uşaqların bədəni tez qıza bilər və onların tərləmə mexanizmləri tam inkişaf etməmiş, günvurma riskini artırır. Bundan əlavə, körpələr və uşaqlar çox vaxt günəşdən qoruyucu vasitələrdən və ya müvafiq qoruyucu geyimlərdən istifadəni tələb edən ehtiyat tədbirlərini özləri həyata keçirə bilmirlər. Buna görə də, böyüklərin onları günəşdən qoruması vacibdir. Müəyyən sağlamlıq vəziyyəti olan insanlar da günvurma riski altındadır. Məsələn; ürək xəstəliyi, hipertoniya, şəkərli diabet, xroniki böyrək xəstəliyi və ya xroniki ağciyər xəstəliyi kimi narahatlıq günvurmaya həssaslığı artıra bilər. Bu insanlarda bədənin temperaturu tənzimləmək qabiliyyəti zəif ola bilər. Günəşin istiliyi bu vəziyyəti daha da pisləşdirə bilər. Bundan əlavə, müəyyən dərmanlar qəbul edən insanlar da günvurma riski altındadır. Xüsusilə; diuretiklər, antihistaminiklər, antidepresanlar, antipsikotiklər və bəzi antibiotiklər günvurma riskini artıra bilər. Bu dərmanlardan istifadə edən insanların Günəşdən qorunma tədbirlərinə daha ciddi şəkildə riayət etməsi vacibdir. Günvurma bəzi qruplar üçün ciddi risk daşıyır. Buna görə də, yüksək risk qrupunda olan insanların Günəşin təsirindən qorunmaq üçün lazımi tədbirləri görmələri vacibdir. İradə Cəlil, Bizimyol.info

Seçilən
109
50
bizimyol.info

10Mənbələr