AZ

Rusiyanın neft sənayesi ÇÖKDÜRÜLÜR: Qonşu ölkədə yaşanan proseslərin AZƏRBAYCANA TƏSİRİ

Bu həftə Ukraynanın dron zərbələri nəticəsində Rusiyanın iki əyalətində neft bazalarının yanğın baş verib. Neft bazasının biri Adıgey Respublikasının Taxtamukay rayonunun Enem şəhər tipli qəsəbəsində yerləşir. Dron hücumuna məruz qalan Tambov vilayətinin Rasskazovski bələdiyyə rayonundakı Platonovskaya neft anbarında da yanğın baş verib.

İyunun 18-də Rusiyanın Rostov vilayətinin Azov şəhəri yaxınlığındakı neft anbarına dron hücumu nəticəsində başlayan yanğının daha geniş əraziyə yayılıb. Yanğın nəticəsində anbarın ərazisindəki rezervuarlar partlayıb. Bazanın ərazisində neft və neft məhsulları ilə dolu 22 rezervuar olub, minə yaxın yanğınsöndürən və texnikanın köməyi ilə alovun digər rezervuarlara keçməsinin qarşısı alınıb.

Bütün bunlar Rusiyanın yanacaq sektoruna, iqtisadiyyatına, daha geniş miqyasda isə dünya neft-qaz bazarına necə təsir edir? Nəzərə alsaq ki, Azərbaycan bəzi yanacaq məhsulunu Rusiyadan idxal edir, bu situasiya ölkəmizə necə təsir edəcək?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Zəfər Vəliyev bildirib ki, neft təsisatlarının, emal və ixrac güclərinin, terminalların hədəfə alınması beynəlxalq təcrübədə ilk rast gəlinən hal deyil. Onun sözlərinə görə, bu kimi hadisələrin 60-70 illik tarixi var: “Ən çox Yaxın Şərqdə boğaz məhdudiyyətinin yaradılması, tanker müharibələri, neft təsisatlarının təhdid altına alınması, emal güclərində bilərəkdən texnoloji qurğuların sıradan çıxarılması ilk növbədə siyasi hakimiyyətlərə təsir edir. Ümumilikdə isə qlobal enerji təhlükəsizliyinə təsir edir. Rusiya-Ukrayna müharibəsi fonunda bu ilin əvvəlindən başlayaraq Kiyev hərbi qüvvələri Moskvanın neft təsisatlarına, xüsusən də emal güclərinə, neft ambarlarına, texnoloji xətlərinə havadan dronlarla hücum zərbələri endirib. Bütün bu zərbələr, təhdidlər Baltik dənizi sahillərindən Qara dənizə qədər geniş ərazini əhatə edir. Hətta Rusiyanın mərkəzi vilayətlərinə də bu cür dron hücumları olur. Nəticə etibarilə iri neft terminallarına ciddi ziyan dəyib, böyük yanğınlar törənib. Rusiyanın Qərb bölgəsində yerləşən, “Rosneft”, “Lukoyl” və “Qazprom”a məxsus emal gücləri, terminallar da hücumlara məruz qalıb”.

İqtisadçı-ekspert deyib ki, Ukraynanın dron hücumları Rusiyanın neft sektoruna böyük ziyan vurub: “Bu hücumların Rusiyaya çox böyük mənfi təsiri var. Çünki emal gücləri təhdid altına alınırsa, neft emalı prosesində böyük fasilələr yaranır. Nəzərə alaq ki, zərbələr ilkin emal üçün nəzərdə tuitulan texnoloji qurğulara endirilir, bu avadanlıqlar hədəfə alınır. Bu texnoloji qurğular zədələndikdən sonra neft emalı zavodlarının ümumilikdə fəaliyyəti iflic olur. Ona görə də Rusiyanın emal gücünə edilən təhdidlər, hücumlar ümumilikdə ölkədə həm yanacaq qıtlığına səbəb ola bilir, həm də onun beynəlxalq ixrac qabiliyyətini zəiflədir. Onsuz da Rusiyanın beynəlxalq ixrac qabiliyyəti zəifləmişdi. Son proseslər vəziyyəti daha da çətinləşdirir. Unutmayaq ki, Rusiya enerji daşıyıcılarının əsas bazarı Avropadır. Rəsmi Moskvanın xarici siyasəti səbəbindən Rusiya artıq bu bazarı itirmək üzrədir. Hətta demək olar ki, artıq bu bazarı itirib. Çünki Rusiyaya qarşı Qərbin sanksiyaları var və bu çərçivədə neft və neft məhsulları ixracına da məhdudiyyətlər tətbiq olunur. Belə bir fonda bir də neft istehsal edən güclərin, terminalların, təsisatların təhdid altına düşməsi, dron hücumlarına məruz qalması, böyük zərər görməsi Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə daha böyük təsir göstərəcək. Bu proseslər ölkə daxili yanacaq təminatı da mənfi təsir edəcək”.

Z.Vəliyev söyləyib ki, Rusiyanın neft-qaz sektoruna, terminallara, zavodlara edilən dron hücumları, vurulan ziyan qonşu ölkələrə də təsirsiz ötüşməyəcək: “Əsasən Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan, Qırğızıstan, Tacikistan, qismən də Qazaxıstan Rusiyanın neft-qaz sektorunda yaşanan proseslərin təsirinə məruz qalacaq. Düzdür, qazaxıstan da neft ölkəsidir, üç böyük neft emalı zavodu var. Amma mövsümi olaraq Qazaxıstanda dizel yanacağına, bəzən isə avtomobil benzininə ciddi tələbat yaranır. Bu tələbatı ödəmək üçün Qazaxıstan Rusiyadan yanacaq idxal edir. Digər Mərkəzi Asiya ölkələri də yanacağı Rusiyadan idxal edirdilər. Bu təsir özünü qismən Əfqanıstanda da göstərə bilər. Azərbaycana gəldikdə isə ölkəmiz belə situasiyalarla üzləşməmək üçün yanacaq istehsalını zamanında modernləşdirməlidir. Biz bu modernləşdirmə, yenidənqurma işlərinə 2014-cü ildən əvvəl başlamışıq. O dövrdə neft məhsullarına qonşu bazarlarda tələbat olduqca yüksək idi”.

İqtisadçı-ekspert hesab edir ki, hazırda Rusiyada yaşanan proseslər Azərbaycanın yanacaq bazarına o qədər də ciddi təsir göstərməyəcək: “Azərbaycanda A95-“Premium” və A98-“Super” markalı benzinlərə tələbat yüksək səviyyədə deyil. Ölkəmizdə əsas tələbat A92 markalı benzinə və dizel yanacağınadır. Heydər Əliyev adına Neft Emalı Zavodu bu tələbatı qarşılamaq gücündədir. Bütövlükdə götürsək, neft təsisatlarının təhdid altına alınması qlobal enerji təhlükəsizliyinin təhdid altına alınması deməkdir. Bu, yaxşı hal deyil. Rusiyanın Ukrayanaya hərbi müdaxiləsindən sonra Ukraynanın sənaye və enerji infrastrukturu çox böyük zədələr alıb. Buraya yarımstansiyalar, yüksəkgərginlikli ötürücü xətlər daxildir. Bütövlükdə Ukraynanın enerji infrastrukturu bilərəkdən məhv edilib. Təbii ki, bunun da qarşılığı olmalı idi və biz bunu Rusiyanın neft-qaz sənayesinə edilən dron hücumlarının timsalında müşahidə edirik”.

Vüqar MƏMMƏDOV

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
medianews.az

2Mənbələr