AZ

Bu gün ONUN DOĞUM GÜNÜDÜR: Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi – Nigar Rəfibəylinin film kimi həyatı

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.



Hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb.



Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.



N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.



Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.



Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.



Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.



Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.



Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.



Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.



Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.



İllər, qərinələr ötəcək, Nigar Rəfibəylinin əsərləri hər zaman özünün ideya-məzmunu ilə yenə də müasir səslənəcək.



***



Nigar Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, adı ilə çağırmağa ürək eləmirlər. Bir gün türkiyəli şair Nigar xanımın «Əfsus» adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istəyir: «Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq». Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olunur.



Xudadat bəy də xalqının azadlığı yolunda mübarizə aparan siyasi və ictimai xadim idi. 1918-ci ildə o, Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilir. 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vəzifəsindən istefa verir. Həmin ilin 12 mayında həbs olunur. Xudadat bəyi yalnız Gəncə üsyanının təşkilində deyil, bir neçə maddə üzrə ittiham etdilər. Ermənilər onun mühakimə olunması, ağır cəza alması üçün böyük canfəşanlıq göstərirlər və məqsədlərinə çatırlar. 43 yaşlı Xudadat bəy məhkəmənin hökmü ilə Bakıya gətirilərək Nargin adasında güllələnir. Həmin vaxt oğlanları Kamilin 11, Rəşidin 9, qızı Nigarın isə 7 yaşı vardı.



***



Nigar ibtidai təhsilini Gəncədə alır. Sonrakı təhsilini Bakı pedaqoji texnikumunda təhsilini davam etdirir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdu. İlk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunur. Nigar Rəfibəylinin «Çadra» adlı ilk şeiri 1928-ci ildə «Dan ulduzu» jurnalında dərc edilir.



***



Xudadat bəydən sonra ailəsi çox acılar çəkdi. Uşaqları ata yurdlarından pərən-pərən düşdülər. Kamil Türkiyəyə, Rəşid Rusiyaya oxumağa getdi. Bu gediş onların həyatını xilas etdi. Rəşid bəy sonralar Bakıya köçsə də, Kamil həyatının sonunadək Türkiyənin İstanbul şəhərində yaşadı.







Uzun illər sonra Maestro Niyazi Nigar xanıma şad xəbər gətirir: «Qohumlarınızla görüşdük», — deyir. Gəlini, Anar müəllim həyat yoldaşı Zemfira xanım o günü belə xatırlayır: «Türkiyədə bizi Kamil dayının oğlu Aydın qarşılamalıydı. Anar həyəcan keçirirdi. Gördüm, ucaboylu, yaraşıqlı, cavan bir kişi gözləyənlərin arasında dayanıb. Dedim, o olacaq. Gəmidən endik. Cəld onun əlindən yapışdım ki, bizi soruşmasın. Çünki Türkiyə türkcəsində danışırdı. Çətin vaxtlar idi. «KQB»-nin əməkdaşları hər addımı izləyirdilər və belə məsələlərə çox sərt yanaşırdılar. Yavaşca dilləndim: «Aydın?!». Cavab verdi: «Əvət, Zemfira?!». Görüşdük. İcazə aldıq, Aydıngilə getdik. Sonralar Nigar xala da qardaşı və ailəsi ilə görüşdü».



***



Nigar xanım Bakıya 1927-ci ildə gəlmişdi. Kinostudiyada tərcüməçi işlədi. 1930-cu ildə Rəsul Rzanı Maarif Evində görüb, tanıdı. Sonra müxtəlif ədəbiyyat məclislərində qarşılaşmağa başladılar. 1932-ci ildə Nigar Rəfibəyli Moskvaya Ədəbiyyat İnstitutuna təhsil almağa getdi. Rəsul Rza da təhsilini bitirmək üçün həmin şəhərə yollandı. 1937-ci ildə onlar Bakıya dönüb ailə qururlar. Onların toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilir. Sonradan repressiya olunan adamların bir çoxu, eləcə də Mikayıl Müşfiq, Hüseyn Cavid də onların toyunda iştirak ediblər. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürüblər.







Üç övladı doğulur. Anar, Fidan və Təranə. Qızı Fidan müharibə illərində 1943-cü ildə anadan olub. Rəsul Rza fabrikdən bez alıb gətirər, Nigar isə onlardan uşağa bələk düzəldərmiş.



***



Onların uşaqları olandan sonra ər-arvad qəribə qərar qəbul edirlər. Uşaqları onlara heç vaxt ata və ana deyə müraciət etməsinlər. Adları ilə çağırsınlar. Bu qayda Rəsul və Nigarın son gününə qədər qüvvədə qalır. Uşaqların hər üçü onlara adları ilə müraciət edirlər.



***



Nigar Rəfibəyli bəy qızı olduğu üçün sovet hökuməti tərəfindən təqib olunurdu. Gəlini Zemfira xanım danışır: «Şair Mikayıl Rzaquluzadə şeirlərinin birində yazmışdı ki, Şərqdən günəş doğur. Buna görə də Nigar Rəfibəylini tənqid edərək: «Madmazel Nigar xanım Şərqdən gözləyir günəşi», — dedilər. Susdu. Bir müddət keçəndən sonra Mikayıl Rzaquluzadə həmin şeirin müəllifi olduğunu söylədi. Amma Nigar xanım o şeirə görə çox tənqid olunmuşdu. Beləcə, haqlı-haqsız tənqid edilirdi. Rəsul Rza olmasaydı, yəqin ki, o, sürgün olunacaqdı, çünki adını hətta Bağırova verilən siyahıda da yazmışdılar».



Böyük Vətən müharibəsi illərində Rəsul Rza cəbhəyə yollanır. Nigar Rəfibəyli Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğunun yanına gedir və deyir: «Mən də cəbhəyə getmək istəyirəm!» Səməd Vurğun zarafatla cavab verir: «Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?»



***



Rəsul Rzanın cəbhədən gəlişi ilə Nigar xanımın ayrılıq əzablarına son qoyulur. Bəzən bu həsrət gözəl, səmimi şeirlərə çevrilirdi. Nigar Rəfibəyli Rəsul Rzaya «Neyləyim» adlı şeir yazır. Sonralar bəstəkar Emin Sabitoğlu ona musiqi bəstələdi. Amma bu gözəl mahnının yaranması tarixçəsi kədərli olub.







1981-ci ilin əvvəllərində Rəsul Rzanın vəziyyəti ağırlaşdı. Onu yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Nigar xanıma da «Leçkomissiya»da ağır diaqnoz qoydular: xərçəng. Xəstəlik artıq irəliləmişdi. Həkimlər müalicə üçün Moskvaya aparmağı məsləhət gördülər. Aprelin 1-də oğlu Anar bu xəbəri Rəsul Rzaya demək üçün Mərdəkana gedir. Xəbəri eşidən Rəsul Rza Nigar xanımı Moskvaya yola salmaq üçün yığışmağa başlayır. Lakin həyəcandan təzyiqi yüksəlir. Və dünyasını dəyişir.



***



Rəsul Rzanın vəfat etdiyini Nigar xanıma söyləmirlər. «Neyləyim» mahnısı da həmin günlərdə Emin Sabitoğlu tərəfindən bəstələnir. Mahnı Nigar xanımın çox xoşuna gəlir. Xəstəxanada yanına kim gəlirmişsə, uşaqlarına deyərmiş ki, maqnitofonu qurun, Rəsula yazılan mahnını dinləyək. Xəstəxanada olanda təəccüblənirmiş ki, Rəsul kimi hövsələsiz adam niyə ona zəng vurmur. Onu aldadırlar, deyirlər, təzyiqi yüksək olduğuna görə həkimlər telefonu palatasından çıxarıblar ki, danışmasın.







İyunun 23-də ad günündə oğlu Anar ona böyük bir yasəmən dəstəsi alıb aparır və deyir: «Rəsul bu gülləri Mərdəkandan sənə göndərib»



***



Bir müddət sonra həkimlər onun xəstəliyinin əlacsızlığını etiraf edirlər. Nigarı evə gətirirlər. O, üzünü qızlarına tutub deyir: «Mənim qara paltarımı gətirin». Təəccüblə soruşurlar: «Neyləyirsən qara paltarı?». O isə təkrar edir: «Gətirin». Gətirirər. Geyinir. Evdə yasa aid heç nə qalmasa da, sanki Rəsulun yoxluğunu hiss edir, yas saxlayır. Bir həftə sonra — 9 iyul 1981-ci ildə dünyasını dəyişir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
ictimaimedia.az

4Mənbələr