AZ

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi Azərbaycana beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə kömək edəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə azərtac-a Rusiya BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini, Ümumdünya BMT Assosiasiyaları Federasiyasının vitse-prezidenti Aleksey Borisov bildirib.

COP qlobal dünya üçün nəyə görə vacibdir?

Agentliyin həmsöhbəti vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) qlobal dünya əhəmiyyətli tədbirdir. Çünki iqlim dəyişmələri təkcə ətraf mühit deyil, həm də iqtisadiyyat, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdiddir. COP ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşmaq üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə imkan verir.

“СОР ən əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün СОР həm də ona görə dəyərlidir ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya, media, gənclər və bir çoxları daxil olmaqla, iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim məsələsini həll etmək üçün bu gün məhz belə sahələrarası yanaşma tələb olunur”, - deyə ekspert qeyd edib.

COP29-un keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi hesab oluna bilər ⁠

A.Borisovun sözlərinə görə, COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün inanılmaz dərəcədə mühüm vaxta təsadüf edir. Keçiriləcək konfrans artıq “maliyyə müşavirəsi” adlandırılır, çünki məhz bu il iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət hədəfin razılaşdırılması planlaşdırılır.

“İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin yeni hədəfi inkişaf etmiş ölkələrin aşağı gəlirli ölkələrə 2009-cu ildə verdikləri son maliyyə öhdəliyinin varisidir. Problem ondan ibarətdir ki, o zaman vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. “Ümidvarıq ki, inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verəcəkləri yeni vədlər və öhdəliklər bu dəfə tam həcmdə yerinə yetiriləcək”, - deyə BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini bildirib.

O vurğulayıb ki, konfransda, əlbəttə, təkcə maliyyə deyil, daha geniş sahədə məsələlər müzakirə olunacaq. Azərbaycan isə СОР29-a ev sahibliyi edən bir ölkə kimi beynəlxalq aləmdə rolunu daha aydın nümayiş etdirmək, qlobal problemlərin həllinə töhfə vermək imkanı əldə edəcək.

“СОР29-a Azərbaycan bütün ölkələrin diqqətini cəlb edə və bu məqsədlə bütün dünya üçün əhəmiyyətli olan iqlim təşəbbüsləri ilə çıxış edə bilər. Bununla da Bakı dəqiq olaraq eşidiləcək. Bundan başqa, COP29-un uğurlu təşkili Azərbaycana dünya arenasında mövqeyini möhkəmləndirmək, iqlim dəyişikliyi ilə mübarizə üzrə strategiyaların işlənib hazırlanmasında fəal şəkildə iştiraka kömək edəcək”, - deyə A.Borisov vurğulayıb. O diqqətə çatdırıb ki, COP29-un keçirilməsini 2024-cü ilin ən mühüm hadisəsi hesab etmək olar.

Azərbaycan – neft ölkəsi və yaşıl iqtisadiyyatdır

Bu gün karbon neytrallığına nail olmağın zəruriliyinə artıq heç kimin şübhə ilə yanaşmadığını qeyd edən ekspert, eyni zamanda, müxtəlif tipli iqtisadiyyata malik ölkələrə iqlim fəlakətinin qarşısının alınması üçün nəyi və necə etmək lazım olduğu ilə bağlı razılığa gəlməyin çox çətin olması faktına diqqət çəkib.

“İki mövqeyin toqquşması göz qabağındadır. Birincilər, ilk növbədə, Avropa İttifaqı ölkələri və ABŞ 2050-ci ilə qədər sürətləndirilmiş enerji keçidinə və karbon neytrallığına nail olmaqda israrlıdır. Eyni zamanda, istixana qazlarının emissiyalarının karbohidrogenlərin hasilatı və istifadəsi sahəsində “keçid” layihələri hesabına azaldılmasına nail olmaq yolverilməz hesab edilir. İnkişaf etməkdə olan dünya üçün belə yol yenisinin qurulması üçün lazımi vəsaitin ayrılacağı ümidi ilə iqtisadiyyatın köklü şəkildə pozulması deməkdir. İkincilər, o cümlədən Çin, Rusiya və Səudiyyə Ərəbistanı 2060–2070 illərə qədər karbon neytrallığına nail olmaq şərtilə hər bir ölkənin iqtisadiyyatının inkişafının xüsusiyyətini nəzərə alan daha yumşaq keçidin tərəfdarıdır. Bu yol inkişafda olan ölkələrə enerji və resurs səmərəliliyi istiqamətdə hərəkət edərək iqtisadiyyatını yenidən qurmağa imkan verəcək, eləcə də düşünülməmiş sürətləndirilmiş enerji keçidin səbəb ola biləcəyi sosial-iqtisadi risklərin səviyyəsini azaldacaq”, - deyə o bildirib.

Mütəxəssisin fikrincə, istixana qazlarının emissiyasına böyük töhfə verən inkişafda olan ölkələrin maraqları nəzərə alınmadan planetdə karbon neytrallığına nail olmaq mümkün deyil. “Buna görə də tərəflər razılığa gəlməli olacaqlar. Azərbaycan yaşıl iqtisadiyyatlı neft ölkəsi və СОР29-un ev sahibi olaraq təcrübəsini və nailiyyətlərini bölüşə bilər”, - deyə A.Borisov əminliklə bildirib.

COP gündəliyi zaman keçdikcə dəyişib

“COP ilk dəfə 1995-ci ildə Berlində keçirilib. O vaxtdan COP-un gündəliyi dəyişib, o, daha iddialı olub və istixana qazlarının həcminin azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma problemləri üzrə daha konkret, ayrı-ayrı dövlətlərin imkanlarına cavab verən tədbirləri ehtiva edir. Qərarlar daha tətbiqəyararlı və konkret olduqca müzakirə üçün yeni aspektlər də yaranır. Maliyyələşmə, iqlim dəyişikliyi ilə mübarizədə və ona uyğunlaşmada inkişafda olan ölkələrin dəstəklənməsi, texnologiya mübadiləsi, treninqlər hər bir COP-un daimi mövzuları kimi qalır. Eyni zamanda, hazırda inkişaf etmiş ölkələr və inkişafda olan ölkələr arasında iqlim gündəliyi məsələləri ilə bağlı fikir ayrılığı xüsusilə açıq-aydın görünür. Məsələn, СОР27-də tədbirin tarixində ilk dəfə olaraq “iqlim təzminatı” məsələsi qaldırılıb”, - deyə BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini bildirib.

Onun sözlərinə görə, ədalətlə bağlı çağırışlar daha tez-tez səslənir – inkişafda olan ölkələr inkişaf etmiş ölkələri daha əvvəl götürülmüş öhdəlikləri yerinə yetirməyə çağırırlar. Məsələn, Dubayda keçirilən СОР-da ilk dəfə olaraq qərarlarda keçid enerji mənbələri, atom enerjisi, yaşıl hidrogen və daha təmiz enerji sisteminə tranzitdə istixana qazlarının aşkarlanması texnologiyalarının rolu etiraf olunub.

Növbəti sessiyanın keçirilməsi yeri kimi Azərbaycanın seçilməsi ölkəyə yüksək etimadın göstəricisidir

⁠Şərqi Avropa qrupuna aid ölkələrin yekdil qərarı ilə Konfransın növbəti sessiyasının keçirilməsi məkanı kimi Azərbaycanın seçilməsi ölkəyə yüksək etimadın göstəricisidir.

“Şübhəsiz ki, Azərbaycan iştirakçılar və qonaqlar üçün rahat şərait yaratmaq, eləcə də davamlı inkişaf və iqlim siyasəti sahəsində nailiyyətlərini nümayiş etdirməyə səy göstərərək yüksək məsuliyyət və peşəkarlıqla bu cür böyük tədbirlərə ev sahibliyi edir. Ölkə müasir infrastruktur, insan resursları, beynəlxalq tədbirlərin keçirilməsində qiymətli təcrübəyə malikdir. Azərbaycan iqtisadi forumlar, mədəni və idman tədbirləri də daxil olmaqla, müxtəlif miqyaslı tədbirlər keçirərək beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi göstərib”, - deyə o qeyd edib.

Bakıda COP29-dan gözləntilər

Həll ediləcək əsas məsələlərdən danışan A.Borisov deyib ki, bu, əlbəttə, yeni itkilər və zərər fondunun vəsaitlərinə çıxış şərtlərinin konkretləşdirilməsi, qlobal yekunlaşma çağırışlarının praktik şəkildə həyata keçirilməsi, uyğunlaşma və maliyyələşmə üzrə kollektiv məqsədlər ətrafında razılaşmaların əldə olunması, eləcə də Paris sazişinin 6-cı maddəsinin qaydaları ətrafında böhranın həlli – karbon bazarlarıdır.

O, eyni zamanda, xatırladıb ki, СОР28-də danışıq komandaları uzun müddət ərzində ilk dəfə olaraq heç bir qərar qəbul etməyərək, karbon bazarları kimi əhəmiyyətli alət üzrə nəticə qazanmamışdılar.

“Əminəm ki, Azərbaycanın sədrliyi ölkələrin çoxtərəfli səmərəli dialoquna ciddi töhfə verəcək. Hər kəsin səsi eşidilsin, nəticələr isə ümumi qərarlar əsasında qəbul olunsun deyə maraqlı tərəflərin geniş dairəsinin fikrini dinləməyə və onu nəzərə almağa imkan verəcək”, - deyə BMT-yə Yardım Assosiasiyasının sədrinin birinci müavini fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
ikisahil.az

2Mənbələr