AZ

Azərbaycan daha cəlbedici ölkəyə çevrilir

Azərbayca son illər bərpaolunan enerjinin təşviqi ilə bağlı ciddi addımlar atır. 

“Yaşıl enerji” bu gün dünyanın diqqətində olan prioritet məsələlərdən biridir. 

Bununla bağlı Dünya İqtisadi Forumu cari ilin əvvəlində maraqlı bir hesabat da dərc edib. Hesabatda bildirilib ki, 2030-cu ilə qədər enerji keçidi təmiz enerji, səmərəlilik və aşağı emissiya texnologiyaları sayəsində 30 milyon yeni iş yeri yaradacaq. Ancaq “yaşıl iş” yerləri hələ də tam dolmayıb. COP28-də liderlər 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq barədə razılığa gəliblər, lakin bu ambisiya mövcud istedad fondunu geridə qoyur. 2023-cü ildə yaşıl bacarıqlara sahib insanların sayı 12 faiz artdığı halda, onların tələb olunduğu iş yerlərinin sayı 22 faiz artıb. Əmək bazarında yaşıl bacarıqlara olan tələb yalnız 5 ildən sonra təklifi üstələyəcək. 

Nəzərə alsaq ki, bu il COP29 Azərbaycanda keçiriləcək, bunun özü də ölkəmizin bu istiqamətdə ciddi addımlar atacağının bir mesajıdır. Hazırda Energetika Nazirliyinin rəsmi məlumatlarına görə,  Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 faizini təşkil edir. Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. 

İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib. 2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard kVt•st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 359 mln. 

kVt•st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. kVt•st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Bərpaolunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib. 

“Yaşıl enerji” ilə bağlı Prezident Prezident İlham Əliyev də dəfələrlə Azərbaycanın mövqeyini müxtəlif platformalardan dilə gətirib. Son olaraq 21 iyun tarixində Prezident İlham Əliyev “Euronews”-a verdiyi müsahibədə bu məsələyə toxunub. 

“Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”,-deyə Prezident Əliyev vurğulayıb.

 Göründüyü kimi, Azərbaycan bu istiqamətdə inkişafa nail olmaqda maraqlıdır. Bunun üçün investorlara cəlbedici mühit yaradır və “yaşıl enerji”nin əhatəsinin genişlənməsi üçün ciddi addımlar atır. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, bərpaolunan enerji həm gələcəyin əvəzsiz enerji təminatı, həm də müasir dünyada iqlim dəyişikliyinə qarşı mübarizənin bir növüdür:

“Hələlik 2024-cü ildə bərpaolunan enerji ilə bağlı statistik məlumatlar yoxdur. Ötən ildə isə enerji istehsalının 93 faizi ənənəvi üsullarla əldə edilib. Bunun əsası istilik, 6 faizi su elektrik enerjisinin, 1 faizi isə digər bərpaedilən enerji mənbələrinin payına düşür. Amma su elektrik stansiyalarından əldə olunan enerji də bərpaolunan enerji hesab olunur. Yəni 2023-cü ildə Azərbaycan ümumi enerji istehsalının cəmi 7 faizini bərpaolunan enerji mənbələrindən əldə edib”. 

A.Nəsirli əlavə edib ki, Azərbaycan COP29 tədbirindən sonra dünyada iqlim dəyişiklikləri ilə mübarizə layihələrini maliyyələşdirəcək:

“Bu halda Azərbaycan öz daxilinə daha çox investisiya qoymalıdır. Bu baxımdan hesab edirəm ki, bu, COP29 da müzakirə mövzusu olacaq və öz həllini tapacaq. Artıq Azərbaycan Prezidenti bildirib ki, bu istiqamətdə həmrəylik olmalı və bütün neft-qaz ölkələri bu layihələrə dəstək verməlidir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
cebheinfo.az

1Mənbələr