AZ

İsrail Ermənistanı hədələdi- səbəb Fələstindir

Image

Elşən Həsənov: “Onsuz da Ermənistanla İsrail arasındakı münasibətlər elə də yüksək səviyyədə deyil ki, bu hadisə ona əsaslı təsir etsin”

Ermənistan Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib, İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlət” prinsipini dəstəkləyib. Əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərinin həyata keçirilməsini təmin etməyin yeganə yoludur”.

XİN bildirib ki, Ermənistan beynəlxalq hüquqa əsaslanaraq xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək Fələstin dövlətini tanıyır.

 İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edərkən bildirib: “Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HƏMAS-a və digər qruplaşmalara mükafatıdır.

O qeyd edib ki, sözügedən addım İsrail-Ermənistan münasibətlərinə ciddi təsir edəcək”.

Ermənistan bu addımı ilə nə demək istəyir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

Ermənistanın Fələstin dövlətini tanıması ilə bağlı addımını təqdir edən ölkələr də az deyil. Məsələn, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına diqqət edək: “İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrin ardınca Ermənistanın Fələstin dövlətini tanımaq qərarına gəlməsindən məmnunluq duyuruq. Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik".

Bu, onu göstərir ki, dünya ölkələrinin bu məsələdə rəyi birmənalı deyil. İsrailin yalnız  Ermənistanın bu addımına reaksiyası çox sərt olmayıb.  İsrail Fələstinin dövlət kimi tanınmasının qəti əleyhinədir və belə bir dövlətin "İsrailin varlığına təhlükə yaradacağını" bəyan edir. Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 140-dan çoxu Fələstini dövlət kimi tanıyır. Bunlara BMT-dəki 22 üzvlü Ərəb Qrupu, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir.

Fələstini bir dövlət kimi tanımayan ölkələr ümumiyyətlə bu münasibətləri İsraillə danışıqlar yolu ilə əldə edilmiş razılaşmanın olmaması ilə izah edirlər. İki dövlətli həll 1990-cı illərdə başlayan sülh danışıqlarında məqsəd kimi müəyyən edilib. Buna görə də israillilər və fələstinlilər iki ölkə olaraq davam edə biləcəklər. Lakin danışıqlar 2000-ci illərdə yavaşlayıb və 2014-cü ildə dayanıb.

İsrailin müttəfiq ölkələri bilirlər ki, Fələstini dövlət kimi tanısalar, münasibətləri korlanacaq. İsraili dəstəkləyən bəzi ölkələr Fələstinin 1933-cü il Montevideo Konvensiyasında müəyyən edilmiş dövlətçilik meyarlarına cavab vermədiyini iddia edir. 2011-ci ildə Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün müraciət edib. Lakin bu ərizə BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almayıb və səsverməyə çıxarılmayıb. 2012-ci ildə BMT Baş Assambleyasında keçirilən səsvermədə Fələstin Administrasiyasının üzv olmayan müşahidəçi dövlət statusu ilə bağlı müraciəti qəbul edilib. Bu status Fələstinə Baş Assambleyada müzakirələrdə iştirak etmək hüququ verir. Lakin səsvermə hüququ yoxdur.

2012-ci ildə həm İordan çayının qərb sahilində, həm də Qəzza zolağında müsbət qarşılanan bu qərar fələstinlilərin digər beynəlxalq təşkilatlara qoşulmasına yol açdı. Bunların arasında Beynəlxalq Cinayət Məhkəməsi də var. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan çox risq tələb edən addım atmayıb. Dünyada gedən ümumi prosesə qoşulub. Onsuz da Ermənistanla İsrail arasındakı münasibətlər elə də yüksək səviyyədə deyil ki, bu hadisə ona əsaslı təsir etsin”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
baki-xeber.com

1Mənbələr