AZ

Musa Qasımlı: “Ermənilərin kilsələrlə bağlı beynəlxalq təşkilatlara müraciəti əsassızdır”

Xəbər verdiyimiz kimi “Rusiya Erməniləri İttifaqı” təşkilatının prezidenti Ara Abramyanın təşəbbüsü ilə “Artsax kilsələrinin xilası” adlı filmi çəkilib. Qarabağın xristian irsinin guya Azərbaycan tərəfindən məhv edilməsi barədə uydurmaların yer aldığı filmdə UNESCO və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət var. Növbəti erməni yalanı haqda film beynəlxalq təşkilatlara göndərilib və bu barədə dünya mətbuatında məlumat yayılıb.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti UNESCO missiyasını hələ 2023-cü ilin payızında Ağdamdan keçərək Xankəndiyə getməsini və erməni vandalizminin izlərinin də qeydə alınmasını təklif edib. Lakin UNESCO missiyası bununla razılaşmayaraq, erməni abidələrinin vəziyyətini qiymətləndirmək üçün birbaşa Xankəndiyə getmək istədiyini bildirib.

Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşən xristian abidələri daha çox Qafqaz Albaniyasının tarixi irsidir ki, onlar uzun müddət erməniləşdirilməyə məruz qalıb. Bu cinayət əməllərinin məqsədi 19-cu əsrin əvvəllərindən etibarən ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı təkzibolunmaz faktları gizlətmək və onların bu ərazilərdə guya min illik mövcudluğuna dair saxta tarixi “dəlillər” yaratmaq niyyəti idi. Ermənilər 44 günlük müharibədən sonra xüsusilə tarixi abidələrin guya dağıdılması ilə bağlı fəal anti-Azərbaycan kampaniyası aparırlar. Düzdür, Azərbaycan əcnəbilərdən ibarət səyyahlar, blogerlər və müxtəlif ölkələrin parlamentarilərini dağıdılmış yurdlara səfərlərini təşkil edir. Amma belə görünür ki, bu erməni təbliğatı qarşısında yetərli deyil.

Bəs nə etməli?

Mövzu ilə bağlı millət vəkili, tarixçi alim, professor Musa Qasımlı Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş ərazilərindəki bütün abidələr Azərbaycan dövləti tərəfindən qorunur.

00c0e5515fdc4d81e5a74af62dc92c8b.jpeg

“Qarabağ iqtisadi rayonunda olan kilsələrə gəlincə, tarixi sənədlər var. Həmin sənədlər təkzib olunmaz fakt və dəlilərlə göstərir ki, kilsələr Qafqaz Albaniyasına məxsusdur.

19-cu əsrdə ermənilər ərazilərimizə köçürüldükdən və Alban kilsəsi sıradan çıxarıldıqdan sonra ermənilər həmin kilsələri ələ keçirib və erməniləşdiriblər. Ermənilər bunun təkzib edə bilməzlər, çünki Alban kilsəsi ilə bağlı Çar Rusiyasının qəbul etdiyi qərarlar var. Onlar həmin sənədi götürüb oxuya bilələr. Azərbaycan öz ərazisində olan bütün abidələrə qayğı ilə yanaşır. Əgər Azərbaycan erməni kilsəsini dağıtmaq istəsəydi 30 il davam edən işğal dövründə Bakıdakı indiki erməni kilsəsinin izi-tozu qalmazdı. Bəs Azərbaycan nə etdi? Ermənistanın bütün düşmənçiliyinə, ərazilərimizi işğal altında saxlamasına baxmayaraq, Bakıdakı erməni kilsəsini qorudu, kitabxanasını saxladı, hətta mühafizəçi erməni idi”, - deyə Musa Qasımlı bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistanın müxtəlif beynəlxalq qurumlara müraciət etməsinin əsası yoxdur, lakin konkret məqsədlər güdür:

“Bu məqsədlər hansılardır? Müharibədə məğlub olan təcavüzkar Ermənistan özünə aid olmayan torpaqlardan çıxarıldıqdan sonra müxtəlif ölkələrdə yaşayan insanların dini hislərinin istismar etməyə çalışır. Və bununla anti-Azərbaycan kampaniyası aparır. Belə cəhdlərin heç bir nəticəsi olmayacaq. Çünki zamanında Roma Papası Azərbaycana səfər edərkən, ölkəmizdə müxtəlif dinlərə olan hörmət və ehtiramı, tolerantlığı xüsusi vurğulamışdı. Bu gün Azərbaycanda məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.

Beləliklə, Ermənistanın müraciəti əsassızdır, uydurmadır və heç bir sosioloji, hüquqi əsası yoxdur. Bu ittihamı Azərbaycana qarşı irəli sürərkən Ermənistan öz ərazisində olan məscidlərinin sayına baxmalıdır. 20-ci əsrin əvvəllərində İrəvanda və bütövlükdə indiki Ermənistan ərazisində nə qədər məscid var idi və indi nə qədər qalıb? Bu rəqəmlərə baxdıqda ermənilər yürütdükləri siyasətin mahiyyətini bir daha görərlər, amma etiraf etməzlər. Bəs biz nə etməliyik? Fikrimcə bu suala cavab verməkdən ötrü təməl prinsip cənab Prezident İlham Əliyevin söylədikləridir: “Bu qələbə çox dərin layları tərpədib, bizə daim hücumlar olacaq, ona görə də biz ayıq-sayıq olmalıyıq”.

Bu baxımdan qeyri-hökumət təşkilatları, media quruluşları erməni yalanlarını fakt və dəlillərlə ifşa etməli, və xarici ölkələrdə geniş izahat işləri aparmlaıdırlar.

Təbii ki, bu məsələdə səfirliklərimiz, nümayəndəliklərimiz və diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür”.

Xalidə Gəray
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
musavat.com

2Mənbələr