AZ

Bakı yenə su altında: Dövlət qurumu isə inkar edir

Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.

Yerli mətbuatın məlumatına görə, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.

Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub.

Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.

Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.

Qeyd edək ki, Bakı şəhərinin kanalizasiya sistemi ilə əhatə səviyyəsi müasir dünya standartlarından xeyli geri qalır. Xüsusilə paytaxtın ətrafında yerləşən qəsəbələrdə, onlara yaxın ərazilərdə salınan yeni yaşayış sahələrində kanalizasiya ən ciddi problemlərdən biridir. Hazırda yüz minlərlə evin tullantı suları həyətlərdə qazılmış quyulara axıdılır. 

Məhz Bakı şəhərində kanalizasiya sisteminin tarixi XX əsrin əvvəllərindən başlayır. Bakıda kanalizasiya sisteminin yaradılmasına çar Rusiyası dövründən cəhd edilsə də, buna nail olunmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi aktuallaşıb. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılıb, tanınmış mühəndis Mark İosifoviç Atlasın “Ayrılmış kanalizasiya sistemi” layihəsi əsasında 1924-cü ildə tikinti işlərinə başlanıb.

Beləliklə, 1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulub. Təxminən 40 ildən sonra, 1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının “Böyük kanalizasiya” layihəsi işlənir və qısa müddətdə tikinti işlərinə başlanılır.

Bu müddətdə Hövsan Aerasiya Stansiyası, 1, 2, 3 və 4 saylı kanalizasiya nasos stansiyaları, “Sənaye zonası”, “Şəhərkənarı-Tunel” və “Sahil” tunel kollektorları tikilib istifadəyə verilir. Bunların nəticəsində Bakıda yaranan çirkab suların 85 faizə yaxını toplanaraq təmizləyici qurğularda təmizləndikdən sonra dənizə axıdılır.

Lakin 1991-ci ildə maliyyə çatışmazlığı üzündən “Böyük kanalizasiya” layihəsi üzrə tikinti işləri yarımçıq dayandırılıb. Yalnız 2006-2007-ci illərdə paytaxtın kanalizasiya şəbəkəsində yenidənqurma layihələrinə start verilib. Həyata keçirilən ən böyük layihə “Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorlarının yenidənqurulması və genişləndirilməsi” layihəsi olub.

Bu işlər Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülüb. Nəticədə Hövsan Təmizləyici Qurğular Stansiyasının məhsuldarlığı 480 min kubmetr/sutkadan 640 min kubmetr/sutkaya qədər artırılıb.

Maraqlıdır, Bakının kanalizasiya problemi nə vaxt öz müsbət həllini tapacaq?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, qurumun  955 “Qaynar xətt” xidmətinə, o cümlədən rayon sukanal idarələrinə subasma ilə bağlı hər hansı bir müraciət daxil olmayıb:

"Elə bir problem olmayıb, bizim daşıyıcı kollektorlar, nasosxanalar normal rejimdə işləyib. Həm tullantı, həm də yağış suları rejimə uyğun fəsadsız kənarlaşdırılıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
cebheinfo.az

1Mənbələr