AZ

Hər bir şəhidin haqqı var boynumuzda....

Göy guruldadı, şimşək çaxdı. Leysan yağdı. Uzunboyad kəndi sel sularına qərq oldu. Həmin gün təbiət qan ağladı. Sanki təbiət də nakam şəhid üçün göz yaşı axıdırdı...

Orada, Şabrandan çox-çox uzaqlarda qanlı döyüşlər gedirdi. Cəmi 44 gün davam edəcək müharibə başlamışdı. Vətən oğulları vətən uğrunda gözlərini qırpmadan canlarını fəda edirdilər. Onlar Vətən müharibəsinin ilk şəhidləri idi. İlk döyüşdəcə düşmənə qan uddursalar da, özləri də şəhadətə yüksəldilər. 

İndi dağların qoynundakı o uzaq kəndlərə qayıdırdı o şəhid balalar. Şabran 18 yaşlı şəhidini qarşılayırdı. Ağababa ilə birlikdə arzuları, xəyalları da dəfn olunurdu o gün...  Dərmanlar

Ağababa Səfər Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açıb. Uzunboyad kənd məktəbində orta təhsil alıb. Sonra təhsilini Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. 

Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.  Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Hər bir gedən şəhidin haqqı var boynumuzda,

Onlara borclu olan bir can var qoynumuzda. 

Ruhu şad olsun! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
yenisabah.az

1Mənbələr