AZ

Leyla Yunusdan Azərbaycana sanksiya tələb edənlərə xain “pas”

Novella Cəfəroğlu: “Belə siyahıların hazırlanmasından imtina edilməlidir”

Xaricdə yaşayan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın məlumatına görə, 303 məhbus bu qruplara bölünüb: 216 inanclı; müxalif partiyaların və hərəkatların 28 üzvü; 20 jurnalist və bloger; “Gəncə işi” üzrə tutulan 13 nəfər; 11 ömürlük məhkum; “Tərtər işi” üzrə tutulan 7 nəfər; Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir; 3 hüquq müdafiəçisi.

Leyla Yunusun “siyasi məhbus” siyahısına saldıqlarının böyük əksəriyyəti İrana casusluq etdikləri üçün saxlanılıblar və bunu sübut edən çoxsaylı təkzibolunmaz sübutlar da var. Amma xüsusilə Avropa Parlamenti məhz belə saxta siyahılara əsasən  Azərbaycanda ciddi insan haqları pozuntularına yol verildiyi barədə qətnamələr qəbul edir, azərbaycanlı məmurlara qarşı sanksiyalara çağırırlar. Bu ayın əvvəlində Brüsseldə Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsinin sədri Udo Bullmann, Cənubi Qafqazla Əlaqələr üzrə nümayəndəliyin sədri Marina Kaljurand və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Zeljana Zovko növbəti dəfə birgə bəyanatla çıxış ediblər. 

Bəyanatda “Azərbaycanda bütün tənqidi səslərə qarşı davamlı repressiyalar və ədalət mühakiməsinin sistemli şəkildə pozulması qətiyyətlə pislənir”. İddia olunur ki, “hazırda 300-ə yaxın siyasi məhbusu olan Azərbaycan dünyanın ən repressiv ölkələrindən biridir. Bütün siyasi məhbuslar azad edilməli və bütün siyasi motivli ittihamlar dərhal ləğv edilməlidir”. Bəyanatın sonunda “insan hüquqları pozuntularında əli olan Azərbaycan məmurlarına qarşı cəza tətbiq etməyə” çağırış edilir.   

Novella

Leyla Yunusun son siyahısında da söhbət məhz 300 “siyasi məhbus”dan gedir. Bu bir daha şübhələr yaradır ki, bu siyahılar Avropa Parlamentinin ermənipərəst deputatları ilə əlbir işlənib hazırlanır. 

Bu siyahının erməni dairələrin Azərbaycana qarşı sanksiyalar tələb edərkən ortaya çıxması təsadüfdürmü?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib  ki, illər öncə yaranan tendensiya bu gün də davam edir: “3 jurnalisti, 2 siyasətçini, 5 blogerin həbs edəndə dərhal siyahı tuturuq və deyirik ki, bu adamlar siyasi motivlərlə həbs olunub, bunları azad edin. Sonradan bu siyahılar dünyaya yayılır və dünya da başlayır bizi söyməyə. Sadəcə olaraq, Azərbaycanda bir tendensiya yaranmalı və bu siyahıların hazırlanmasından imtina edilməlidir.  Azərbaycanda elə insanlar var ki, onlara səhv ittiham verilib, düzgün tutulmayıb. Sadəcə, həmin şəxs ictimai fəal, siyasətçi, jurnalist, bloger deyil deyə onu müdafiə edən də olmur. Ona görə də hüququn aliliyi təmin edilməlidir ki, bütün insanlara qarşı qanun düzgün tətbiq olunsun, kimsə haqsız, əsassız yerə həbs olunmasın”.

Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar gerçəkdən həyata keçirilməlidir: “Məhkəmələr müstəqil, kimsədən asılı olmamalıdırlar. Qanun hamı üçün şah olmalıdır ki, belə siyahılara da ehtiyac qalmasın. Hazırda Azərbaycana belə siyahılar zərər gətirir”.

E.MƏMMƏDƏLİYEV, 
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
musavat.com

1Mənbələr