AZ

Taksi qiymətləri kəskin artacaq

Taksilərlə bağlı yeni qaydaların qüvvəyə minməsinə cəmi iki həftə qalıb. İyul ayının 1-dən etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Qaydalardan ən vacibi isə taksi sürücülərinin təlimlərdən keçməsi və sürücülük fəaliyyəti üçün icazə (buraxılış kartı, buraxılış vəsiqəsi) kağızlarının alınmasıdır.

Məlumat üçün bildirək ki, ötən ilin avqust ayından etibarən, taksi sürücüləri təlimlərə cəlb edilir. Lakin indiyə qədər cəmi 5 131 sürücü taksi fəaliyyəti üçün icazə alıb. Bu statistikanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb. Agentlikdən verilən məlumata görə, təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb.

Yeni qaydalarla taksi icazəsi alanlar ölkədəki ümumi taksi sayının cəmi səkkiz faizini təşkil edir. Maraqlıdır, bu rəqəm Bakıda taksi yükünü qaldırmağa kifayət edirmi? Belə davam edərsə, taksi fəaliyyəti ilə bağlı vəziyyət necə olacaq? Sərnişinlər hansı “sürprizlər”lə qarşılaşa bilər?

Qaydalar hazırlanıb, amma çatışmazlıqlar var

Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, taksi xidmətindəki çatışmazlıqları azaltmaq üçün görülən tədbirlər sistemi kompleks şəkildə aparılmır və burada narazılıqların olması qaçılmazdır: “Taksi daşımaları ilə bağlı çox ciddi problemlər var idi. İstər media, istərsə də cəmiyyətdə bu məsələlər daim müzakirə olunur, çıxış yolları axtarılırdı. İndi vəziyyətdən çıxış yolu üçün müəyyən qaydalar hazırlanıb, amma çatışmazlıqlar var. İlk olaraq Bakı şəhərində nə qədər taksinin olması müəyyənləşdirilməlidir. Bəzi böyük şəhərlərdə əhalinin sayı bir milyondan artıqdırsa, bunların 7-10 faizi taksi xidmətindən istifadə edir. Əgər həmin şəhərlərdə ictimai nəqliyyat sistemi zəif işləyirsə, tələbatı ödəyə bilmirsə, bu faiz daha da artır. Bizdə hələ bu say dəqiq müəyyən olunmayıb. Hətta Bakıda nə qədər taksinin olması da dəqiq deyil. Bəzən 50-60, bəzən də 100 min taksi olduğu deyilir. Amma qeydiyyatdan keçənlərin sayı beş mindir. Bu, azdır”.

“Böyük narazılıq yaranacaq”

Mütəxəssis deyir ki, dövlət qurumları taksi problemini həll etmək üçün ciddi addımlar atır və məsələləri dərhal həll etməyə çalışırlar: “Qanuni şəkildə problemlər tənzimlənməlidir. Amma bu zaman həm nəqliyyat vasitələri, həm də sürücülər tələblərə cavab verməlidir. Çünki taksi daşımalarının elmi cəhətdən əsaslandırılması mütləq lazımdır. Əlbəttə, tələbat çox olduğu üçün həm xidmətlərin keyfiyyətində, həm də taksi sayı və qiymətlərlə bağlı böyük narazılıq yaranacaq”.

“Əhali buna hazır olmalıdır”

Mütəxəssis vurğulayır ki, hazırda görülən tədbirləri birmənalı şəkildə pisləmək olmaz. Biz bu yolu getməliyik və xidmətlərdə qayda-qanun olmalıdır. Amma təbii ki, buna dərhal keçid mümkünsüzdür: “Bu sistemə tədricən keçmək lazımdır. İndi beş min taksi qeydiyyatdan keçib, iki həftəyə maksimum 15-20 min icazə kağızı olsa belə, yenə də narazılıq yaranacaq. Çünki say tələbatı ödəməyəcək. Əsaslı dəyişikliklər edərkən, çatışmayan cəhətlərin olması mümkündür. Ancaq bunlar əhalini narazı salmadan yerinə yetirilməlidir. Məncə, taksi problemi qısa müddətə öz həllini tapmayacaq. Həll olunması üçün çalışmaq lazımdır. Həm əhali buna hazır olmalıdır, həm də taksidən istifadə edən sərnişinlərin və sürücülərin xidmət mədəniyyəti artırılmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
13
publika.az

10Mənbələr