AZ

Kərkinin qaytarılması üçün referendum oyunu

Zəngəzurda mümkün sərhəd müəyyənləşməsi İrəvanda çatlaq səslər yaradıb - Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskiparanın qaytarılması üçün referendum kimlərə lazımdır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəd Zəngəzur (Sünik) vilayətinə bu yaxınlardakı səfəri zamanı sərhədin delimitasiyası və demarkasiyasının növbəti mərhələsi çərçivəsində Kərki kəndilə bağlı mübahisəli məsələnin həllinin mümkünlüyünə işarə edib. Paşinyan qeyd edib ki, Sünik sakinləri ilə çoxsaylı görüşlər keçirib, onun sülh proqramını əhəmiyyətli dərəcədə dəstəkləyirlər. O, öz hökumətinə tapşırıb ki, erməni xalqına başa salsın ki, demarkasiya prosesi erməni torpaqlarının təslim edilməsinə bərabər deyil. “Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diqqətimizi yönəltməliyik və bu ərazidəki problemlərimizi həll etməliyik”, - o deyib və müasir Ermənistanın xəritəsini kənd sakinlərinə göstərib. 

Erməni baş nazirinin şərhləri regionda sülhə və sabitliyə daha geniş can atmaq kontekstində səslənir. Paşinyanın sözlərinə görə, Ermənistanın əvvəlki sərhədlərinin bərpası ideologiyasına qayıtmağın tərəfdarı olanlar ölkəni öz mənfəətləri naminə münaqişəyə çəkirlər. “Biz heç nəyə iddia etmirik və heç kimin nəyəsə iddia etməsinə imkan verməyəcəyik. Məntiq belədir. Biz çətinliklərin öhdəsindən gəldik, dünyada elə qüvvələr var ki, bu dövlətin mövcud olmasını istəmirlər”, - o bildirib. 1992-ci ilin mayında erməni ordusu tərəfindən işğal edilmiş Kərki kəndi Ermənistanın Sünik rayonunun yaxınlığında yerləşir. Rəsmi Bakı Kərkinin Azərbaycana qaytarılmasını tələb edir. 19 kvadrat kilometr ərazini əhatə edən kənddə 149 erməni yaşayır. Kəndin statusu Ermənistanla Azərbaycan arasında mürəkkəb və tez-tez gərgin danışıqlarda mübahisə mövzusu olub.

Bu bəyanata “Hraparak” qəzeti də toxunub. “Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın sərhəd demarkasiya komissiyaları reqlament təsdiq edildikdən sonra bu qərarı verəcək. Əsasnamənin təsdiqi üçün son tarix isə iyulun 1-dir. Yeni güzəşt vəziyyəti idarəolunmaz edə bilər, qığılcım alovu daha da alovlandırar, ona görə də hakimiyyət sevinir ki, sərhəd demarkasiyası artıq təslim olmuş və bölünmüş Sünikdə davam edəcək, burada Azərbaycanın yeni tələblər irəli sürmək ehtimalı azdır, ona görə də onlar ümid edirlər ki, hər şey qaydasında gedəcək” - erməni nəşri belə qeyd edib.

Ermənistan Milli Assambleyasının deputatı Tiqran Abramyan isə  iddia edib ki, səfərin əsas məqsədi daha 4 kəndin Azərbaycana qaytarılması üçün hazırlıq planıdır. O, Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin yaxın zamanlarda Azərbaycana qaytarılacağını bildirib. Amma Abramyan iddia edib ki, guya bu kəndlər Ermənistana məxsusdur və onların qaytarılması üçün referendum keçirilməlidir. Ancaq deputatın bu iddiası absurddur. Həmin kəndlər Azərbaycana məxsusdur və delimitasiya prosesi çərçivəsində mütləq şəkildə qaytarılmalıdır.

Hazırda işğal altında olan Ordubad rayonuna məxsus Kərki kəndində Ermənistan hökuməti bütün tikinti işlərini dayandırıb. Bunu da “Hraparak” qəzeti yazıb. Yerli icra nümayəndəsi və bələdiyyə üzvlərinə bununla bağlı xəbərdarlıq edilib. Qəzet yazır ki, bundan başqa, rəsmi İrəvan Kərkidə şəxsi evlərin inşa edilməsi üçün torpaq sahələrinin ayrılması prosesini də dayandırıb. Lakin bunun səbəbini açıqlamayıblar. Erməni nəşri belə qənaətə gəlib ki, növbəti demarkasiya prosesi Kərki kəndi istiqamətində başlayacaq. Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir. Bildirilib ki, bu, Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşması ilə bağlıdır. Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib. 

Prezidentdən

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Kərki və Qazaxın anklav olan üç kəndi məsələsi də həllini tapmalıdır. Onun fikrincə, referendum keçirilməsinə ehtiyac yoxdur və bu cür çağırışlar revanşist müxalifətdən səslənir. Q.Hüseynli delimitasiya prosesinin sülh danışıqlarına da müsbət təsir edəcəyini və hər iki işin sinxronluq təşkil etdiyini düşünür: “Paşinyan özü Kərki ilə bağlı referendum haqda heç nə deməyib. Amma Ermənistanın referendum keçirərək Müstəqillik Aktında düzəliş etməsinə zərurət var, sadəcə, hakimiyyət buna indi getməyə tərəddüd edəcək. Bununla belə, Kərki məsələsinin həlli uzaqda deyil. Düzdür, erməni tərəfi vaxtaşırı anklavların qarşılıqlı dəyişdirilməsi ideyasını irəli sürür, amma Azərbaycan buna razılıq verməyəcək. Üstəlik, Kərki işğal edilib və azad olunmalıdır. Zənnimcə, Paşinyan tələsir və sülh müqaviləsinin imzalanmasını, Türkiyə ilə quru sərhədlərin açılmasını istəyir”. 

Professora görə, Paşinyan prosesi mərhələli şəkildə aparır: “Erməni xalqını birdən-birə ram etməyin çətin olduğunu başa düşür. Ona görə də xalqın müqavimətinin zəif dövründə bu işləri reallaşdırır. Eyni zamanda, cəmiyyətə göstərir ki, müstəqil Ermənistan qurulması üçün Azərbaycanla sərhədlər dəqiqləşməlidir, real Ermənistan bilinməlidir. Fikrimcə, onun Kərki ilə bağlı eyhamı və Zəngəzura səfəri məhz blokadada olan kommunikasiyaların açılmasına hazırlıqdır. Buna qədər digər İrəvan rəsmiləri də nəqliyyat dəhlizlərinin, dəmiryol xəttinin bərpasından əminliklə danışıblar. Digər tərəfdən isə ABŞ İrəvanı bu məsələdə sürətli olmağa çağırır. Amerikalıların Ermənistana intensiv səfərləri təsadüfi deyil. Hətta Blinkenin müavini açıq çağırış etdi ki, Rusiyanın başı Ukraynaya qarışdığı üçün fürsəti əldən verməyin sülh sənədi imzalamaq zamanıdır. Bu bəyanatların fövqündə Blinkenin cənab İlham Əliyevə zəng etməsi də göstərir ki, Vaşinqton Moskvanın moderatorluğu olmadan ikitərəfli danışıqlar modeli çərçivəsində sülh sazişi bağlanmasının tərəfdarıdır”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
musavat.com

2Mənbələr