London, 22 iyun, AZƏRTAC
Böyük Britaniyada 4 iyulda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində Leyboristlər Partiyası öz dəstəkçilərindən yüklü miqdarda ianə toplamağa davam edir. AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, 6 iyundan 12 iyuna qədər olan həftə ərzində Keir Starmerin başçılıq etdiyi Leyboristlər Partiyası 4,4 milyon funt sterlinq ianə toplaya bilib. Mühafizəkarlar Partiyası isə bu müddətdə cəmi 292 min funt sterlinq yığıb.
Seçki Komissiyasının yaydığı rəqəmlərə görə, Mühafizəkarlar Partiyası seçkilərin vaxtının təyin olunmasından sonraki iki həftə ərzində ümumilikdə 889 min funt sterlinq ianə toplaya biliblər. Bu, partiyanın 2019-cu ildəki seçkilər zamanı topladığı 8,6 milyon funt-sterlinqlik ianədən xeyli aşağıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London