AZ

Dünyanın nəbzi Bakıda döyünəcək

Planetimizin təhlükəsizliyinə töhfələr verəcək COP29-un paytaxtımızda keçirilməsi qərarı ölkəmizin qlobal əhəmiyyətinin göstəricisidir

Bu gün dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi gücə sahibi olmalarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz hər iki istiqamət üzrə inkişafdadır. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və 2023-cü ilin sentyabrın 19-da bir günlük antiterror tədbirlərindən sonra tamamilə suverenliyini və ərazi bütövlüyünü təmin edən Azərbaycan dövlətinə qarşı qərəzli mövqe tutan  qüvvələr zaman keçdikcə qəbul etdilər ki, ölkəmizi öz haqlı mövqeyindən döndərmək mümkün deyildir. Hətta anlamağa başladılar ki,  Azərbaycana qarşı tətbiq etdikləri  ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin anti-Azərbaycan dairələr ictimai şəkildə etiraf etməsələr də, yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir.

Xüsüsilə böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başlayıblar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktora çevrilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Yəni,  Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

COP29 dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biridir. Bu təşkilat 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış beynəlxalq təşkilatdır. COP bu Konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, hazırda onu ratifikasiya edən 198 ölkə bu təşkilatda təmsil olunurlar. COP-un missiyası Konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaqdır. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir.

Bakıda keçiriləcək COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80 min nəfərə qədər nümayəndə heyətinin iştirakı gözlənilir. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Yüksək təmsilçilik səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulan bu möhtəşəm tədbir imkan verəcək ki, Avropa Oyunlarında, Beynəlxalq Astronavtika Konqresində və digər tədbirlərdə iştirak etmiş xarici qonaqlardan dəfələrlə geniş olan yüksəksəviyyəli nümayəndə heyətləri, ekspertlər, böyük biznes təmsilçiləri və nüfuzlu media mənsubları iki həftə ərzində ölkəmizdə bir araya gələrək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının aktual gündəliyini müzakirə edə və Azərbaycanın bu sahədə imza atdığı nailiyyətləri görə bilsinlər. Bu möhtəşəm tədbir həm də imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərə biləcək ki, yaşıl enerji ilə bağlı layihələr və yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu cür yüksəksəviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam və bağlılığı, müstəqillik seçiminə sədaqəti dayanır.

COP29 dünyaya nümayiş etdirəcək ki, Azərbaycanın əsas gündəliyi yaşıl enerjilə bağlıdır, baxmayaraq ki, ölkə böyük neft və qaz istehsalçısıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını «Yaşıl enerji zonası» elan edib. Bu ərazilərin 2050-ci ilədək «Netto sıfır emissiya zonası»na çevrilməsi nəzərdə tutulur.

Beləliklə, payızda dünyanın nəbzi yenidən Bakıda döyünəcək. Planetin gələcəyini müəyyənləşdirən COP29-un Bakıda keçirilməsi qərarı bir daha ölkəmizin qlobal əhəmiyyətini və humanitar niyyətini təsdiq etdi.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
ikisahil.az

1Mənbələr