AZ

“Qafqaz evi” ideyası reallaşarsa…

Azərbaycan 30 illik işğala, separatizmə son qoymaqla postsovet məkanında, Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bu tarixi hadisə ilə təkcə bölgədə deyil, beynəlxalq aləmdə bir ilkə imza atdı. Rəsmi Bakı artıq regional sülhün optimal variantını, yəni real modelini ortaya qoyub. Bu modelin kökündə Cənubi Qafqazda sülhün və əmin-amanlığın kənar müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə alınması sayəsində əldə olunması prinsipi dayanır. Amma sülh sazişinə doğru addımlar atılsa da,  eləcə də sərhədlərin demarkasiyasına və delimitasiyasına başlanılsa da, 4 kənd Azərbaycana təhvil verilsə də Ermənistan hələ sülh üçün lazım olan digər vacib faktorları anlamaqda çətinlik çəkir. Belə ki, ara-sıra populist bəyanatlar səsləndirən bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın sülh təşəbbüslərini cavablandırmaq əvəzinə Fransanın diktəsi, əmr və çağırışları ilə oturub-durur.

Fransanın təcavüzkar Ermənistanı silahlandırmaqda davam etməsi isə vəziyyəti daha da gərginləşdirir.  Sual olunur: öldürücü silah almağın nədir, sülhdən danışmağın nə? Sən bu silahları kimə qarşı yönəltmək istəyirsən, cənab Paşinyan? Təbii ki, Azərbaycana, bütövlükdə isə Cənubi Qafqaza. Bütün bunlar onu göstərir ki, destruktiv, sabitliyi pozan siyasət yürüdən Ermənistan təkcə özünə deyil, həmçinin Cənubi Qafqaza da qənim kəsilib. Bunu başqa cür dəyərləndirmək mümkün deyil.

Yeri gəlmişkən qeyd edək ki, iyunun 8-də ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildirimişdilər ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Budurmu regionda sülhə, təhlükəsizliyə dəstək? Görünən odur ki, son günlər Fransanın canfəşanlığı ucbatından Cənubi Qafqazdakı proseslər bir qədər mürəkkəbləşib. Belə ki, Qərb, o cümlədən Fransa regionda möhkəmlənmək məqsədilə bütün vasitələrdən yararlanmağa çalışır.

Nə yazıq ki, bu gün Ermənistan onu çirkin və riyakar oyunlara qoşmağa çalışan beynəlxalq güclərin, xüsusən də Fransa kimi müstəmləkəçi dövlətlərin əlində alət olmaqda davam edir. Halbuki, Paşinyan  anlamalıdır ki, Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə deyil, bu regionda möhkəmlənməyə çalışır.

Yalnız Azərbaycanın deyil, ümumiyyətlə, regionun təhlükəsizliyi üçün risk və təhdid mənbəyi olan erməni separatizmi artıq  məhv edilib. Bu amil, həmçinin Azərbaycanın bölgədə yaratdığı reallıqlar hətta “Qafqaz evi” ideyasının reallaşmasına da geniş imkanlar açır. Yeri gəlmişkən qeyd edək ki,  Prezident İlham Əliyev ötən ilin oktyabrın 8-də Gürcüstana növbəti səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının regionda tamamilə yeni vəziyyət yaradacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, regional əməkdaşlıq, Ermənistanla münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyac olmadığına da işarə etmişdi. Dövlətimizin başçısı, həmçinin Bakı, Tbilisi və İrəvan aralarında olan problemləri özləri ilə həll edə biləcəklərini diqqətə çatdırmışdı. Bu isə bir daha təsdiq edir ki, bu gün də  Azərbaycanın regional miqyasda tarixi missiya yerinə yetirmək üçün çalışmaqdadır. Amma  görünən odur ki, Ermənistanın ucbatından  Asiya və Avropanın sərhədində yerləşən Cənubi Qafqaz dünyanın hələ də ziddiyyətli bölgələrindən biri kimi qalmaqdadır.

Halbuki, Hayastan anlamalıdır ki, bölgənin inkişaf yolu silahlanmaqdan deyil, sülh, əmin-amanlıqdan keçir. Buna da Cənubi Qafqazın problemlərinin region çərçivəsində həllinə çalışan Azərbaycanın konkret təklifləri ilə nail olmaq mümkündür. “Qafqaz evi” ideyası reallaşarsa, regionda sülhün, əmin-amanlığın və inkişafın  bərqərar olacağı şübhəsizdir. Xatırladaq ki, artıq bu məsələdə Türkiyənin də, Rusiyanın da, İranın da, Gürcüstanın da mövqeləri bəllidir. Belə ki, bu ölkələr Prezident İlham Əliyevin sülh istiqamətində atdığı addımları alqışlayırlar. Amma bütün bunlar Qərbin, xüsusilə hələ də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın, əgər belə demək mümkündürsə, bir ox olub gözünə batır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
ikisahil.az

1Mənbələr