AZ

Nikah mütləq rəsmi olmalı, qanunla tənzimlənməlidir – RƏY

Nikah mütləq rəsmi olmalı, qanunla tənzimlənməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri report-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu rəsmi nikah olmadan dini kəbin kəsilməsinə qarşı cəzaların tətbiqi barədə parlamentdə səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi nikah olmadan dini kəbin kəsliməsinə görə cəzaların tətbiqi cəmiyyətin xeyrinə olar: “Fikrimcə, dini kəbinlə bağlı müəyyən cəza tətbiqləri olmalıdır. Çünki biz hüquqi dövlətdə yaşayırıq və bu dövlətin öz qayda-qanunları var. İnsanlar nikaha girmək istəyirlərsə, bu, mütləq rəsmi olmalıdır. Bundan sonra dini kəbin barədə düşünmək olar. Çünki insanların dini etiqad azadlığına da hörmətlə yanaşılmalıdır”.

Sosioloq Nail Cəlil isə “Report”a açıqlamasında bildirib ki, dini kəbinə cəza tətbiq etmək insanların şəxsi həyatına müdaxilə sayıla bilər.

“Dini nikahı məhdudlaşdırmaq olar, amma ümumiyyətlə cəza tətbiq etmək doğru sayılmaz. Hər bir halda vətəndaş müstəqildir. Məsələn, gənclər öncə rəsmi nikah istəmir, dini nikahla ailə həyatı qururlar. Bu, hüquqi cəhətdən tənzimlənməlidir. Amma qadağalar qoymaq qəbuledilən deyil. Qadağalar problem yaratmaq deyil, problemi həll etmək üçün olmalıdır”, – sosioloq bildirib.

O əlavə edib ki, belə qərarlar insanların dini azadlığına risk yaradır və hüquqaziddir: “Dini nikah mənəvi məsələdir. Düzdür, Azərbaycan müasir dövlətdir. Lakin cəmiyyətdə dini dəyərlər də kifayət qədər mühüm rol oynayır. Konstitusiyamızda da insanların dini və şəxsi azadlığı qeyd olunub. Ona görə də bu məsələ barədə təklif verilərkən qadağanın necə olacağı, hansı cəzanın veriləcəyi aydınlaşdırılmalıdır”.

Xatırladaq ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov iyunun 20-də parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı rəsmi nikah olmadan dini kəbin kəsilməsinə qarşı cəzaların tətbiq olunmasını təklif etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
nocomment.az

1Mənbələr