AZ

Quba-Qonaqkənd-Cimi-Yerfi yolunda yağış fəsadlar törətdi, alternativ yolu sel yuyub apardı - FOTO/VİDEO 

Bu gün saat 16.30-dan başlayaraq Quba-Qonaqkənd yolunda yenidən problem yaranıb. Leysan xarakterli yağışdan sonra gələn sel yolun 40-43-cü kilometrliyini daş və çınqılla örtüb, yolda böyük problem yaşanıb. Dərhal yol təsərrüfatı işçiləri ərazidə yolun açılıb təmizlənməsi işlərinə başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Qubadakı 1 saylı Xüsusi Təyinatlı Yol idarəsinin rəisi Hikmət Seyidov məlumat verib.

Onun sözlərinə görə, Qonaqkənd-Cimi, Yerfi, Çayqovuşan, Dərk yollarında da ciddi problem yaşanıb: “Hazırda yol işçiləri Qonaqkənd yolunda  hərəkəti bərpa ediblər, digər istiqamətlərdə də sel yenidən təkrar olunmazsa, işlər davam etdirilir”.

Hikmət Seyidov qeyd edib ki,  iyunun 10-dan bu günəcən selin fəsadları ilə bağlı görülən işlər alt-üst olub. Belə ki, Yerfi kəndindəki uçmuş  körpünün yanında salınmış alternativ yolu da sel yuyub aparıb və bütün görülən işlər zay olub.

O bildirib ki, hava şəraitinə uyğun olaraq selin dağıtdığı bütün yollarda  bərpa işləri yenidən davam etdiriləcək.
 


 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Seçilən
137
2
bizim.media

2Mənbələr