AZ

Üzeyir Hacıbəyli – istiqlalçı publisist

Müsahibimiz AXC irsinin tədqiqatçısı, professor Nəsiman Yaqubludur

Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, bütövlükdə, ictimai-siyasi fikir tariximizin inkişafında misilsiz xidmətlər göstərmişdir. Fəxrlə qeyd olunmalıdır ki, bugünə kimi Şərq tarixində musiqi sahəsində belə bir istedad sahibi doğulmamışdır. Üzeyir Hacıbəyli, həqiqətən, xalqımızın milli sərvətidir. Bu böyük düha, eyni zamanda, parlaq publisist kimi də fəaliyyət göstərmişdir. Əməkdaşımız Üzeyir bəyin son dərəcə dolğun publisistik fəaliyyəti barədə fədakar tədqiqatçı, BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə söhbət etmişdir. Professor Üzeyir bəyin jurnalistlik fəaliyyəti barədə  bunları demişdir:   

– Üzeyir bəy Şuşadakı ikisinifli rus-tatar məktəbini bitirdikdən sonra təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Seminariyanı bitirib Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik etməyə başlamışdır. O, ilk yazılarını da buradan – Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdir. İlk məqaləsi 1904-cü il sentyabrın 24-də “Kaspi” qəzetinin ­215-ci sayında dərc edilib. 

Üzeyir bəy 1905-ci ildə Bakıya qayıtmışdır. Burada “Həyat” və “İrşad” qəzetləri ilə fəal əməkdaşlıq etmişdir. 

Ü.Hacıbəyli fəal yazar olmuşdur. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”,  “Həqiqət” qəzetlərində, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında, eləcə də digər mətbu ­nəşrlərdə yüzlərlə məqaləsi, felyetonu dərc edilmişdir. Təkcə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” (Azərbaycan dilində) qəzetində Üzeyir bəyin 68 məqaləsi işıq üzü görmüşdür. 

1909-cu il iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu il mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor olmuşdur. 

Görkəmli publisist yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, “Ü.Hacıbəyli”, “Çı”, “Bəhmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoyurdu.

– Üzeyir bəy istiqlalımızın tarixi əhəmiyyətini xalqa necə çatdırırdı? 

– Ü.Hacıbəyli 1918-ci ildə AXC (Azərbaycan Xalq Cümhuriyyəti) yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını aparırdı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin tarixi əhəmiyyətini yüksək dəyərləndirirdi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılış mərasimi oldu. Müəllif  “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...” 

Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara belə çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”. 

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir”.

Bəli, dahi Üzeyir bəy bütün varlığı ilə Azərbaycanı sevirdi və Vətən sevgisi ilə yaratdıqlarının, yazdıqlarının, bəstələdiklərinin hər biri bu gün də çox qiymətlidir. 

– Ü.Hacıbəylinin Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi “Bir yaş” məqaləsi milli publisistikamızn tarixində xüsusi yer tutur. Professor, bu barədə oxuculara bir qədər geniş məlumat verməyinizi xahiş edirəm. 

– “Bir yaş” məqaləsi yüksək publisistika nümunəsidir. Üzeyir bəyin 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunan bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanimanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da, iki yaşa qədəm qoyduğu gündür. 

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz  idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”. 

Böyük mütəfəkkir, fədakar jurnalist olan Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələrlə də bağlı yazılar dərc etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazır, etiraz səsini qaldırırdı.

– Üzeyir bəy yazılarında xarici düşmənlərə qarşı da kəskin mövqe nümayiş etdirmişdir...

– Tamamilə doğrudur. Bu mənada onun “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında saxlamağa çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dövlətin içində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırırdı.

Böyük ədibin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci il aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə dərc olundu.

Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur. Xeyr! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi (fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”. 

– Azərbaycan işğal edildikdən sonra Üzeyir bəyin Sovet rejimi dövründəki fəaliyyəti, xüsusilə onun yazılarının əleyhinə kampaniyaların aparılmasında məqsəd nə idi?  

– 1920-ci il aprelin 27-də Rusiyanın  XI  ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi. Sovet işğalının ilk illərində bütün ziyalılar kimi, Ü.Hacıbəylinin də həyatı təlatümlər içində keçdi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaqdadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı ­İ.Terequlov olduğu söylənilir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada ­çalışırdı – müəllif).

1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi. Müqayisə üçün bildirək ki, Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur.

Üzeyir bəy sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına, tərəqqisinə həsr etmişdir. 1920-ci ilə qədər çox sayda musiqi əsərləri bəstələyən bu böyük bəstəkar yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazmışdır. 

Ədəbiyyatımızın, mədəniyyətimizin, musiqimizin yolunda vətəndaş yanğısı ilə çalışan bu böyük insana qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha da sərtləşmişdir. Ona qarşı bu qərəzli münasibətin yaranmasında qardaşı Ceyhun Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.

Üzeyir bəyin cidd-cəhd göstərməsinə  baxmayaraq, qardaşı Ceyhun Azərbaycana qayıtmadı. Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Üzeyir bəy bu məktublarında ailə, məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigarançılığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı. 

1948-ci il noyabrın 23-də Azərbaycanın ictimai-siyasi, mədəni mühitinə böyük və əvəzsiz itki üz verdi. Vətən sevdalı böyük ziyalı Üzeyir Hacıbəyovun sağlamlığı, səhhəti zamanın təlatümlərinə dözmədi, əbədi haqq dünyasına qovuşdu.

– Azərbaycan tarixində, mədəniyyətində Üzeyir Hacıbəyovun yeri və rolunu qısa şəkildə necə ifadə etmək olar?

– Böyük azərbaycanlı Üzeyir Hacıbəyov haqqında ən dəyərli fikirləri Məhəmməd Əmin Rəsulzadə demişdir: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Nə yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.

Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

Müsahibəni apardı:  
Kəmalə ABDİNOVA 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr