AZ

Dopamin, dedi-qodu, uğurlu insanlarda narkotik asılılığı...

Çox uğurlu insanlardan bəzilərinin bir müddət sonra narkotik və ya alkoqol asılılığı yaşamasının səbəbi nədir? Rəhbər vəzifədə olan insanların müəyyən qisminin siqaret çəkməsi və alkoqol qəbul etməsi nə ilə əlaqədardır? Bəs dedi-qodu və ya qeybət edən insanları buna nə vadar edir?
Beynin müxtəlif sahələrinin zaman keçdikcə kiçildiyini, yəni atrofiyaya uğradığını əsas tutaraq Avropanın bir neçə şirkəti ilə bunun ölçülməsi üçün yeniliklərlə bağlı görüşlər keçirdim. Dopamin sintezindən söhbət düşdü…
Dopamin eşitmisiniz?
Dopamin beynimizdə mühüm bir neyrotransmitterdir və yalnız xoşbəxtlik, yaxşı əhval-ruhiyyə üçün deyil, eyni zamanda motivasiya və mükafat sistemimiz üçün də məsuliyyət daşıyır. Dopamin çatışmazlığı əhval-ruhiyyə dəyişikliklərinə, xroniki enerjisizliyə və hətta ciddi depressiyaya səbəb ola bilər.Elm dopamin səviyyəmizi artırmaq üçün bir neçə yolun olduğunu sübut edir. Məsələn, sevdiyimiz musiqini dinləmək dopamin səviyyəsini 9 %-ə qədər artıra bilər. Xüsusilə ürəyimizdə titrəmələr yaradan emosional reaksiyalar dopamin sintezini və beyindəki mükafat sistemini aktivləşdirir. Şokolad kimi şirin və ya yağlı qidalar yemək də dopamin səviyyəsini 10-15 % artırır. Bu cür qidalar yemək də mükafat sistemini aktivləşdirir və xoşbəxtlik hissi yaradır. İdman isə beyində dopamin səviyyəsini 20 %-ə qədər artıra bilər.
Daha da maraqlı fakt odur ki, Boileau et al. (2003) və Yoder et al. (2009) insanlarda alkoqol qəbulundan sonra qısa müddətdə dopamin səviyyəsinin 100 %-dən (!) çox artdığını sübut ediblər. Bu isə beyin üçün, xüsusilə də yüksək zəkalı və qısa zamanda böyük uğur qazanmış, eləcə də arzuladığı rəhbər vəzifədə çalışan insanların beyni üçün bir fəlakətdir...
Niyə?
Yüksək zəkalı insan böyük uğuruna çatana qədər keçdiyi həyat yolunda hər zaman yüksək qiymətləndirilib və beynin mükafat sistemi hər zaman aktiv olub. Böyük məqsədinə qısa müddətdə çatan insan isə birdən-birə bu mükafatlardan məhrum olur. Elmə əsasən beyin “dopamin-kick” deyilən, yəni qısa müddətli dopamin səviyyəsini artıran vasitələrə və metodlara üz tutmağı tələb edir. Məhz buna görə də qısa müddətdə böyük uğur qazanmaq və son məqsədə (!) çatmaq heç də sağlam deyil. O cümlədən rəhbər vəzifədə çalışan insanların beyni üçün də eyni mexanizm keçərlidir...
Elmlə sübut olunub ki, sosial şəbəkələrdə edilən paylaşımlar, bəyənmələr və şərhlər dopamin səviyyəsini 5-10 % artırır. Bundan başqa, tədqiqatlar göstərir ki, sağlamlığa zərərli olsa da, siqaret çəkmək də dopamin səviyyəsini 15-20 % artırır. Qeyd olunanların hər ikisi qısa müddətli beynin mükafatlandırma sistemini aktivləşdirir və insana ani xoşbəxtlik hissi verir.
Maraqlı bir fakt da odur ki, qeybətcil insanların - həm kişi, həm də qadın - dopamin ehtiyacı olduğu elmi tədqiqatlarla sübut edilib (Fareri, D.S., & Delgado, M.R., 2015). Təmənna güdməklə bağlı davranışların da dopamin səviyyələri ilə əlaqələndirilməsi elm tərəfindən təsdiqlənib. İnsanlar təmənna güdüb nəticə əldə etdikdə özlərini bununla “mükafatlandıraraq” dopamin səviyyələrini artırmış olurlar.
Son:Tədqiqatları araşdırarkən təsirləndiyim bir məqamı da sizinlə bölüşmək istərdim. Elm sübut edir ki, insanların dərin mənəvi dəyərlərə sahib olması və onlara daima sadiq qalması dopamin səviyyələrini artırır. Zaman-zaman dopamin əksikliyi olarsa, məsələn, həyatın müəyyən mərhələlərində daxili boşluq yaranarsa, sahib olduğu mənəvi dəyərləri düşünməklə dopamin səviyyəsini artırmaq mümkündür. Mənəvi dəyərlərə sahib olmaq həqiqi və davamlı xoşbəxtliyə aparan ən vacib faktor sayılır.
Paralellər aparsaq, aydın olur ki, mənəvi dəyərlərə hörmət etmədikdə hansı xəstəliklər yaranır və niyə bir çox ölkələrdə ciddi zərərli vərdişlər və psixoloji xəstəliklərin sayı daha çoxdur.
Arzu edirəm ki, Azərbaycan gəncliyi mənəvi dəyərlərə bağlılığını itirməsin. Hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, bu onların sağlamlığı üçün önəmlidir, unutmasınlar.Nuran Abdullayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
businesstime.az

2Mənbələr